Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 12:14
Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib.
Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, ümumi uzunluğu 150 km. olan layihə üzrə işlər 5 hissədə aparılır.
Magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Digər 4 hissədə isə -120 km-lik məsafədə işlər davam etdirilir.
Yeni yol ödənişli yolların standartlarına uyğun salınır. Magistralda sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola maneənin çıxmasının qarşısını almaq məqsədilə hər iki tərəfdən çəpərlənmə işləri də aparılır. Həmçinin yol boyu 55 yolötürücüsü və körpü tikilir.
Ödənişli yol istifadəyə verildikdən sonra sürücülərə alternativ imkan yaratmaq üçün paralel olaraq köhnə Bakı-Quba yolunun da təmiri aparılır. Yolun 16-30-cu kilometrliyində işlər tam yekunlaşıb. Hazırda 30-cu kilometrlikdən başlayaraq Tağıyev qəsəbəsi istiqamətində yolun enlənməsi, ardınca isə asfalt-beton örtüyü ilə döşənməsi işləri həyata keçirilir. Həmçinin yol çiyinləri və zəruri yerlərdə keçidlər inşa edilir.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, köhnə Bakı-Quba yolunun da birinci texniki dərəcəyə uyğun təmir edilməsi, üçqat asfalt beton örtüyünün döşənməsi nəzərdə tutulur. Sumqayıtdan başlayaraq ümumilikdə 16 km-lik məsafədə genişləndirilmə işləri görüləcək. Həm ödənişli yolda, həm də köhnə Bakı-Quba yolunda layihə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: