Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ərdə olmayan qadınlara taksi qadağası, saqqalını kəsən kişilərə isə...” - “Taliban” Əfqanıstanı belə idarə edir

“Ərdə olmayan qadınlara taksi qadağası, saqqalını kəsən kişilərə isə...” - “Taliban” Əfqanıstanı belə idarə edir

Tarix: 18 Mart 2022 14:44

2021-ci ildə ABŞ əsgərlərinin Əfqanıstanı tərk etməsini fürsət bilən "Taliban" ölkəyə nəzarəti əlinə keçirdi. Prezident Əşrəf Qani ilə birlikdə rəsmilərin də ölkəni tərk etməsindən sonra 15 avqust 2021-ci ildə paytaxt Kabili də tutan "Taliban" rəsmən hakimiyyətə yiyələnmiş oldu.

Milli.Az Gundem.az-a istinadən "Taliban"ın iş başına keçdikdən sonra Əfqanıstanda nələrin dəyişdiyini təqdim edir. Beləliklə...

"Taliban" necə yarandı, onu kimlər maliyələşdirib?

1990-cı illərin əvvəllərində xarici güclərin dəstəyi ilə qurulan "Taliban" ölkədə şəriət qanunlarının tətbiqini istəyən, buna görə qırğınlar törədən hərəkatdır. İslamın sünnü təriqətinin ən sərt qanunlarını tətbiq etmək istəyən "Taliban" ilk vaxtlar özünü Puştun hərəkatı kimi təqdim edərək Səudiyyə Ərəbistandan maliyyələşirdi. "Taliban"ın vədi İslam qanunlarına və şəriətə əsaslanan bir idarə ilə Pakistan və Əfqanıstan arasındakı Puştun bölgəsində sülh və təhlükəsizliyi qorumaq idi. 1996-cı ildə prezident Bürhanəddin Rəbbanini devirən "Taliban" Kabili aldı. Artıq 1998-ci ildə Taliban Əfqanıstanın 90%-nə nəzarət edirdi. 

2001-ci ildə ABŞ-ın Əfqanıstana hücumu başlayanda "Taliban" hakimiyyəti devrilsə də zaman keçdikcə onlar ölkənin müxtəlif bölgələrinə geri qayıdıb və hərəkat vahid İslam hökuməti qurmağı hədəfləyib. Hazırda isə "Taliban" Əfqanıstanı tam olaraq və rəsmən idarə edir.

Əfqanıstan - qadınlar üçün məhbəs

Əvvəlcə nisbətən yumşaq bir görünüşə malik olan təşkilat getdikcə çox sərt qaydalar tətbiq etməyə başladı. Ölkədə şəriətə əsaslanan konstitusiya quruluşu qüvvəyə minib. Bu, qadınlar üçün sərt qaydalar və cəzalar, açıq edamlar, şallaq və amputasiya demək idi. 

"Taliban" qadınların sağlamlıq və təhsilinə böyük maneələr yaradan, onların hərəkət, ifadə və toplaşma azadlığını məhdudlaşdıran, çoxlarını gəlirdən məhrum edən siyasət tətbiq edir. "Taliban"ın siyasəti xeyli sayda qadını öz evlərində virtual məhbuslara çevirib. "Taliban" qadınların təhsil almasını və işləməsini qadağan edib. Bu qadınların çoxu ailələrinin yeganə, yaxud əsas pul gətirəni idi, amma "Taliban" qadağaları ucbatından işlərini itiriblər. Yalnız ibtidai təhsil, yaxud səhiyyə sistemində çalışanlar işdə qalıblar, lakin onlar da maliyyə böhranına görə maaşlarını ala bilmirlər. 

Necə geyinməyi də "Taliban" müəyyənləşdirir 

"Taliban" qadınların necə geyinməli olduğuqlarına və davranış qaydalarına da müdaxilə edir. Əfqanıstan hökuməti avtobus və taksi sürücülərinə örtüyə bürünməmiş qadınlara xidmət göstərməmək barədə göstərişi verib. Eyni göstərişə görə, sürücülərin ərdə olmayan qadınları 70 km-dən uzağa maşınla aparmasına icazə yoxdur.

Qadınlara baş örtüyü bağlamaq, kişilərə isə papaq geyinmək və saqqal saxlamaq məcburidir. Saqqalını kəsdirənlərə 6 aydan başlayaraq həbs cəzası verilir. Üzü görünən qadınları isə şallaqlayırlar. Kişilər evlərinə ən yaxın olan məsciddə gündə 5 dəfə namaz qılmağa məcbur edilir. Bəhanəsiz məscidə getməyənlərə qarşı ağır sanksiyalar tətbiq edilib. Bütün məktəblər mədrəsəyə çevrildi. Mədrəsələrdə 3-cü sinifdən başlayaraq bütün tələbələrdən ən azı 3 metr uzunluğunda çalma taxmaq tələb olunur.

"Taliban"ın xarici münasibətləri

2013 -cü ildə Qətərin paytaxtı Dohada ofis açan "Taliban" 2015-ci ildən Rusiya və Çinlə münasibət qurmağa başlayıb. Talibanla Çin isə Əl-Qaidə ilə bağlı razılığa gəlib ki, bu qruplaşma Əfqanıstanın şərq sərhədində məskunlaşmasın və buradan Çinə hücum etməsin. Bunun əvəzində isə rəsmi Pekin Əfqanıstanda infrastruktur layihələrinə sərmayə qoymaq və mədənlərdə işləmək barədə razılığa gəlib. Həmçinin Rusiyanın vasitəçiliyi ilə "Taliban" Mərkəzi Asiya ölkələri ilə də əlaqə qurub. Dohadakı ofisi vasitəsilə "Taliban" Almaniya, Fransa, Norveç kimi Avropa ölkələri, eləcə də Türkiyə ilə münasibət qurur. ABŞ-la birlikdə Əfqanıstanı tərk edən İngiltərə hökuməti də "Taliban"la siyasi münasibət qura biləcəyini açıqlayıb. 

Milli.Az


Etiketlər:  Ərdə olmayan qadınlara taksi qadağası saqqalını kəsən kişilərə isə Taliban Əfqanıstanı belə idarə edir


RƏYLƏR