Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 17:24
"1990-cı il hadisələrində də Mehman evə yığışmırdı, yaralanmışdı, ayağı qan içində idi. Könüllü cəbhə bölgələrinə yollanırdı. 1992-ci ildə dedi ki, mən gedirəm Xocalıya. Sonra Ağdama getdi, daha sonra isə Fizuliyə yollandı. Bir ay evə gəlmədi, dedim ki, yəqin şəhid olub. 1 aydan sonra gördüm ki, qospitaldadır. Sonuncu dəfə 1992-ci ilin sentyabrın 16-da evə gəldi, dedi ki, gedirəm Xocalının Fərrux kəndinə. Sanitar dəstəsində idi. Gördüm ki, sinəsində bir giliz var, içində də adı və soyadı yazılıb. Gilizin yanında da bir dənə güllə var idi. Dedim ki, birdən girov düşərsən, dedi ki, girov düşmərəm, bax bu güllə mənimdir. Uşaqları mənə tapşırıb getdi, dedi ki, onlardan muğayat ol".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Fərrux yüksəkliyində itkin düşmüş Mehman Bədirxanovun həyat yoldaşı Səməngül Bədirxanova deyib. O daha sonra əlavə edib.
"O gedən getdi, bu günə qədər Mehmandan xəbər yoxdur. O vaxt Biləcəri qospitalından evə zəng etdilər ki, yaralılar gətiriblər. Uşaqları da yanıma alıb qaçaraq getdim ki, yəqin Mehman da ordadır. Kimdən soruşdum, şəkili kimə göstərdimsə gördüm deyən olmadı. Ordan bir tibb bacısı gəlmişdi, dedi ki, Mehmanı gördüm, sanitar dəstəsinin içində idi, çiynində avtomat var idi, özü də yaralanmışdı. Atışa-atışa irəli gedirdilər. Sanitar dəstəsinə deyib ki, yuxarıda ölülər, yaralılar çoxdur, mən gedirəm onları gətirməyə. Bu illər ərzində rahat oturmadım. Müdafiə Nazirliyinə, qospitallara getdim, yenə də gördüm deyən olmadı. Mehman itkin düşəndən sonra Xocalıda girovluqdan bir oğlan gətirmişdilər. Ermənilər ona işgəncə verib, əllərini, barmaqlarını qırıq-qırıq etmişdilər. O mənə dedi ki, Mehman bizə nə qədər yardım edib" deyə Səməngül Bədirxanova deyib.
Səməngül xanım hələ də ümüdünü üzməyib.
"Hər şeyim, cavanlığım, sağlamlığım Mehmanla getdi. Ürək xəstəliyi tapmışam. Oğlumu görsəniz, 40 yaşı var, saçı ağappaq olub. Bu illər ərzində nə evi dəyişdim, nə də ev telefonunun nömrəsini. Dedim ki, birdən gəlib çıxar, tapmaz bizi. Yenə də sağ olsun ordumuz, əsgərlərimiz Fərrux yüksəkliyini yenidən bizlərə qaytardılar. Hər zaman fikirləşirdim ki, yəqin müharibə qurtaranda gələr. Yenə də gözlərimi yolda qoydu, gəlmədi. Bilirəm ki, 30 ilə bir insan sağ qalmaz. İndi ümidlənmişəm, deyirəm ki, eybi yoxdur, heç olmasa sümükləri tapılsın. Aparım sümüklərini dəfn edim, bir yeri-yurdu olsun. Məndən və oğlumdan DNT analizi götürüblər" deyə Səməngül xanım bildirib.