Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 12:40
"Müğənnilik karyeramdan övladlarıma görə 8 il ayrı düşdüm. Mənim 8 yaşlı Miray və 3 yaşlı Arya adında iki qızım var. Bu müddət ərzində onlarla tərbiyəsi və təhsili ilə məşğul oldum. Anasız övlad necə ola bilər? Sənətçilər ya evlənməməlidir, evlənirsə də analıq məzuniyyətinə çıxmalıdır. Türkiyədə müğənnilik fəaliyyətimi davam etdirirəm. Amma dövlət statusu altında. Bizim bələdiyyənin (İcra Hakimiyyəti - Red) xoru var. O xorun daxilində solist olaraq çalışıram. İldə 3-4 dəfə konsertlər olur, çıxış edirəm və ona da müvafiq qonorar alıram. Özüm başqa heç yerdə çalışmıram".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Yeni ulduz" müsabiqəsi ilə tanınan, ailə qurub Türkiyəyə köçən müğənni Aygün İsmayılova (Miyak) bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Müğənni pandemiya zamanı ailə biznesi olan balıq restoranının iflasa uğradığını və küllü miqdarda pul itirdiklərini açıqlayıb.
"Həyat yoldaşım iş adamı deyil. Su və su məhsulları üzrə mütəxəssisdir. O dövlət müəssəsində çalışdığından maaş alır. Pandemiyadan əvvəl yoldaşımın balıq restoranı vardı. Məcbur qalıb, oranı bağladı. Əlavə gəlir mənbəyimiz hazırda yoxdur. Biznesdən əlimiz soyudu, tövbə etdik. Pandemiyada əvvəl restoran biznesimiz yaxşı gəlir gətirirdi. Hətta yoldaşım yenidən biznes açmaq istədiyində, ona icazə vermədim. Yarım milyon tl (təxminən 58.000 manat) pul itirdik. Çox stress və gərginlik keçirtdim. Heç zaman biznes insanı olmamışam. Bir daha da biznes işinə qol qoymaram".
Sənətçi ailə qurduğu illərdə həyat yoldaşı ilə münaqişələr yaşadığını və bu səbəbdən uzun müddət depressiya dərmanları içdiyini söyləyib.
"İlk evlilik illərimiz çox dava-dalaşlı keçdi. Ayrı ailə, ölkə, adət-ənənə, mühit, mədəniyyət... Bunlar hamısı mənim psixologiyama mənfi təsir göstərdi. 6 il antidepressant dərmanları qəbul etdim. Mənim üçün heç də asan olmadı bütün bunlara öyrəşmək. İki universitet oxumuş və karyerasına başlayan bir insanın ailə həyatı qurub Türkiyəyə gəlib, dörd divar arasında, evdə qalması dözülməz idi. Yoldaşım məni anlamağa çalışırdı, yola verirdi. Sağ olsun, qaynanam ortalığa girib, aramızdakı anlaşılmazlıqları aradan qaldırmağa çalışırdı. Amma indi bizim aramızda bu kimi mövzular yoxdur. Bir-birimizi başa düşürük".
Aygün həyat yoldaşı Halukun ona qoyduğu qadağalardan söz açıb.
"Yoldaşım açıq-saçıq geyinməyə icazə vermir və xoşlamır. Heç mən ondan əvvəl də açıq-saçıq geyimlər geyinməmişəm. Çünki bədən quruluşum buna icazə vermir. Mən hər zaman dolu bədənli bir xanım olmuşam".
Məşhur bəstələrin söz müəllifi olan A.İsmayılova qonorarını da açıqlayıb.
"Bir çox müğənnilərlə çalışmışam. Yəni mahnının sözlərini mənə yazmışam, musiqisini də bəstəkar Pərviz Mahmudov. Təbii ki, yazdığım sözlərə görə də qonorar alıram. Bu müğənnidən, müğənniyə dəyişir. Amma ümumi götürsək, aldığım qonorar 500 manatdır".