Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 21:28
İngiltərədə COVID testi müsbət çıxan bir xəstənin analiz nəticələri 16 aydan çox davamlı olaraq pozitiv çıxıb. Həkimlər bunun koronavirus infeksiyasında qeydə alınmış ən uzun yoluxma halı olduğunu deyirlər. Səhhətində başqa problemlər də olan adı açıqlanmayan xəstə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlər bu hadisəyə bənzər davamlı infeksiyaların nadir də olsa, baş verdiyini qeyd ediblər.
Mütəxəssislər bildirir ki, bu cür xroniki infeksiyalar COVID haqqında bildiklərimizi təkmilləşdirir və onun törədə biləcəyi fəsadları daha yaxşı tədqiq etməyimizə kömək edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, London Kral Kollecinin və Londonun "Guy and St Thomas" xəstəxanasının həkimləri ətraflı laboratoriya analizləri nəticəsində xəstədə davamlı infeksiya olduğunu üzə çıxarıb. Xəstə virus əleyhinə dərmanlar qəbul etdikdən sonra da infeksiyadan xilas ola bilməyib.
Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresindəki çıxışı zamanı professor Luke Blagdon Snell deyib ki, "Xəstədən alınan yaxma testləri hər dəfə müsbət çıxıb. Testlər heç vaxt mənfi nəticə verməyib. Bunun davamlı infeksiya olduğunu deyə bilərik".
Uzunmüddətli infeksiyaların yeni mutasiyalara səbəb ola biləcəyini deyən professor qeyd edib ki, "Uzunmüddətli infeksiyalar nadir və çox təhlükəlidir, çünki onlar koronavirus infeksiyasının yeni variantlarının yaranmasına səbəb ola bilər. Tədqiq etdiyimiz bu tip xəstələrin bəzilərində narahatlıq doğuran müəyyən variantlarda mutasiyalar var".