Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 12:14
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.
Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.
Xəstəxanaya yerləşdirilən F.Ələkbərli orada ölüb.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin