Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisləri Londonun planını pozdular

Bakı polisləri Londonun planını pozdular

Tarix: 17 May 2022 13:30

Qərbin Azərbaycanda sabitliyi pozmaqda maraqlı olan qüvvələri yenidən fəallaşıb. İllər uzunu cəmiyyətdə qarşıdurma, itaətsizlik yaratmağa çalışan bu qüvvələrin artıq yeni müttəfiqləri də peyda olub. Nə qədər iyrənc olsa da, bu "müttəfiqlər" cəmiyyətdə cinsi azlıqların cəmləşdiyi qurum kimi tanınan LGTB və onlarla həmfikir olan qüvvələrin sıralarındandır. Azərbaycanda guya "insan hüquqlarının pozulması" ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində iş aparan bu qüvvələr ötən həftənin sonu Bakının ən gur, sıx küçələrindən birində aksiya keçirməyə cəhd göstəriblər.

Budəfəki şou xarakterli tədbiri keçirməyə "əsas" kimi jurnalist Aytən Məmmədova ilə bağlı insidenti önə çəkiblər. Halbuki bu insidentlə bağlı həm Daxili İşlər Nazirliyi, həm də müvafiq qurumların araşdırması var və nəticə ilə bağlı məlumat təqdim edəcəkləri barədə xəbər yayılıb. Lakin bu da onları qane etməyib və xaricdən aldıqları tapşırığa uyğun olaraq diqqəti özlərinə cəlb etmək istəyiblər. Ən əsas hədəf isə aksiya zamanı polisi özündən çıxarıb gərginlik yaratmaq olub. Asayiş keçikçilərinin ünvanına təhqir və hədə yağdırıb onları özündən çıxarmağa çalışsalar da, polis tolerantlıq göstərərək, onları sakitliyə dəvət edib, təxribatlarına cacab verməyib, onları asayişə dəvət edib.

Hədəflərinə çata bilməyəndən sonra isə aksiyanı siyasiləşdirməyə çalışıblar. Sanki himə bənd imişlər kimi, bəzi müxalifət partiyaları, məlum "hüquq-müdafiə" şəbəkəsi və xaricdəki "bloger" dəstəsi də çirkin kampaniyaya start verərək çağırışlar səsləndirməyə başlayıblar. Mayın 9-da həm ABŞ Dövlət Departamenti, həm ABŞ-ın Azərbaycandakı səfirliyi "A.Məmmədovaya hücumu" pisləyib. Kampaniyaya beynəlxalq təşkilatlar - "Sərhədsiz Reportyorlar", "Norveç Helsinki Komitəsi", "Human Rights Watch" da səs veriblər. Hər zaman olduğu kimi, bu dəfə də "Amerikanın səsi" və "Azadlıq" radioları bu aksiyaları fəal şəkildə işıqlandırıb və proses hələ də davam edir.

Yeri gəlmişkən, mayın 8-dən aksiya gününədək bu radioların sosial şəbəkə profillərində onlarla xəbər və müsahibə yayılıb, açıq şəkildə etiraz aksiyasına çağırışlar edilib. Şəhərin ən gur yerində keçirilməsinə baxmayaraq, aksiyaya əhalnin marağı ən aşağı həddə olub. Çox az sayda adam iştirak edib, meydana gələnlərin əksəriyyəti özlərini jurnalist kimi təqdim edib, polis isə çox etik və qanunlar çərçivəsində davranıb, heç bir zorakılığa yol verilməyib və təşkilatçıların özləri, müxalifət də bunu etiraf ediblər.

Ən maraqlı olan baş verənlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin reaksiyası olub. Səfirliyin aksiya ilə bağlı açıqlaması təəccüb doğurur. İddia edilir ki, "may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb", "zorakılıq" tətbiq olunub və s. Bu, qızışdırıcı və təhrikedici mövqenin göstəricisidir. Belə bir təəssürat yaranır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib.

Burada bir analogiya aparmaq yerinə düşər. Qonşu Ermənistanda son günlər keçirilən aksiyaların dağıdılması, onlarla şəxsin saxlanılması, vətəndaşların hətta avtomobillərdən çıxarılaraq həbs olunması hallarına heç bir etiraz etməyən ABŞ və ya Böyük Britaniyanın Azərbaycanla bağlı tamam fərqli mövqe nümayiş etdirməsi ikili standartlarının nümunəsidir.

Bütün baş verənlər belə deməyə əsas verir ki, Aytən Məmmədova olayının süni şəkildə şişirdilməsi və siyasiləşdirilməsi, sonda icazəsiz aksiyanın elan olunması Qərbin bəzi dairələrinin təhriki və maliyyəsi ilə reallaşdırılan ssenaridir.

Kamran Seyidov


Etiketlər:  Bakı polisləri Londonun planını pozdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ