Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 15:33
Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
Məktubda deyilir:
- Möhtərəm cənab Prezident.
Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi - dünyaşöhrətli müzəffər siyasi lideri 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə şərəfli fəaliyyətinizdə Ulu Yaradandan Sizə uğurlar diləyirik.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri XX əsrin əvvəllərində istiqlaliyyətini elan etməsi olmuşdur. Böyük tarixi hadisə - 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Möhtərəm cənab Prezident, ilk növbədə, Sizə Azərbaycan xalqının tarixi dəyərlərinə münasibətdə önəmli addım - 28 mayın Müstəqillik Günü kimi qeyd olunması ilə bağlı imzaladığınız tarixi əhəmiyyətli Sərəncama görə dərin minnətdarlığımızı bildirir, Zati-alinizin Azərbaycan dövlətçiliyi naminə dəyərli fəaliyyətinə Uca Yaradandan rəvac diləyirik. Xalqımız müstəqillik bayramının sevincini Vətən müharibəsindəki Zəfərinin qüruru ilə daha möhtəşəm yaşayır. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-alinizdir. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində Ali Baş Komandan kimi rəhbərliyinizlə Qələbə qazandığımız Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, inamlı siyasət ölkəmizin haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun rəşadəti ilə Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu.
Möhtərəm cənab Prezident, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi və bu dövlət 23 ay yaşadı. Müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının XXI əsrdə Zati-alinizin rəhbərliyi, müdrik, çoxşaxəli siyasəti sayəsində qazandığı böyük nailiyyətlər, həyata keçirdiyi müstəqil daxili və xarici siyasət, dövlətimizin yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanınması əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha heç vaxt əldən verməyəcək, müstəqilliyimiz əbədi olacaq.
Möhtərəm cənab Prezident, Azərbaycan dünya miqyasında qalib ölkə, Azərbaycan xalqını Zəfər çalmış xalq yüksəkliyinə qaldıran, Qarabağ Zəfərinin müəllifi olan Zati-aliniz xalqın dəstəyini, həmrəyliyini, sonsuz məhəbbətini və dərin etimadını qazanmışdır. Müstəqillik Günü bizə xoş fürsət verir ki, Sizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə cənabınıza bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək.
Qürurverici haldır ki, azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrini - vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin məkanların tezliklə bərpası istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradəniz və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin möhkəm siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur, yol layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. Uca Yaradan qalibiyyətli Vətən müharibəmizdə bir yumruq kimi birləşmiş müxtəlif millətlərin və dinlərin təmsilçiləri olan bütün şəhidlərə rəhmət eləsin.
Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, dövlətimizin başçısının rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Dini konfessiya rəhbərləri olaraq Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin olunması istiqamətində əməli addımlarınıza görə təmsil etdiyimiz icmalar adından dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik. Dualarımız hər zaman Zati-alinizlədir!
Möhtərəm cənab Prezident, ölkə dindarları adından Sizi Müstəqillik Günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik. Qoy bu əlamətdar bayram dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O bir olan Yaradanımız hər zaman yardımçınız olsun, öz lütf və mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində daim bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
Məşvərət Şurasının sədri
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi
Arximandrit Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının katibi
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert Mobili
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri