Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin təbrik məktubunda incə ehtimal - Əliyev Ukrayna məsələsinin də həllinə töhfə verə bilər?

Putinin təbrik məktubunda incə ehtimal - Əliyev Ukrayna məsələsinin də həllinə töhfə verə bilər?

Tarix: 28 May 2022 11:06

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edən Rusiya prezidenti bir sıra məqamlara toxunub. O cümlədən, Putinin göndərdiyi təbrik məktubunda belə bir məqam var: "Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır".

Bu, müəyyən mənada beynəlxalq gündəliyin ən aktual məsələlərindən biri olan Ukrayna hadisələri müstəvisində Rusiyanın ABŞ və Avropa ilə olan gərgin münasibətləridir. Ola bilərmi ki, Putin məhz bu gərginliyin, sözügedən məsələlərin həll olunmasında Azərbaycanın roluna, ölkəmizin bundan artıq hansısa bir rol oynayacağına işarə vurur? Yəni eyham vurur ki, Azərbaycan da Ukrayna məsələsinin həllində daha təsirli rol oynaya bilsin. O baxımdan müəyyən mənada Putinin ünvanladığı təbrik məktubundakı bu cümləsinin arxasında Azərbaycandan həmin o istəyə eyham vurula bilərmi ki, ölkəmiz də bu məsələnin həll olunmasında daha təsirli rol oynasın? Mümkündürmü bu?

"Hətta tərəflər arasında Bakıda danışıqların keçirilməsi ilə bağlı təklifini də verib"

Sonxeber.net bildirir ki, baki-xeber saytına açıqlama verən siyasi ekspert Elşad Həsənovun fikrincə, nə mümkündürsə Azərbaycan bu məsələdə öz töhfəsini verməyə çalışır:

"Putinin təbrik məktubu məzmun baxımından əhatəlidir. Toxunduğu məsələlər son illər Azərbaycanın qazandığı naliyyətlərə işarədir. Bizim siyasət güclü iqtisadiyyat, müstəqil siyasət prinsipləri üzərində quruldu. Bunun nəticəsində biz son illərdə Cənubi Qafqazda lider dövlətə çevrildik. Yüksək texnologiyalarla təchiz olunduq, müasir ordu yaratdıq. Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. Bütün əhali prezidentin ətrafında sıx birləşərək bu qələbəni təmin etdi. Digər tərəfdən, Ukrayna hadisələri konteksində Qərb-Rusiya qarşıdurması kəskinləşir. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda şimal qonşumuzun iqtisadiyyatı getdikcə zəifləyir. Bu da təbiidir. Çünki qazla yanaşı, Rusiya nefti də alıcı tapa bilmir. Bütün bunlar bir müddət sonra ölkə iqtisadiyyatında daha ciddi fəsadlara yol aça bilər. Ona görə də belə mürəkkəb situasiyada Azərbaycan Rusiya üçün dünyaya açılan bir pəncərə, çıxış yoludur. Məhz buna görə 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmada Zəngəzur dəhlizi ilə bağlı məqam öz əksini tapıb. Azərbaycan Rusiya üçün böyük bir tranzit ölkədir. Bu baxımdan Moskva Bakı ilə yaxşı münasibətləri saxlamaq istəyir. Ancaq sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycan sanksiyadan kənar nəsə etməli deyil. Ukrayna məsələsində Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bununla belə, Azərbaycan müharibənin tezliklə dayanmasını istəyir. Bu sahədə Türkiyə ilə birgə hərəkət edir. Hətta tərəflər arasında Bakıda danışıqların keçirilməsi ilə bağlı təklifini də verib. Bundan sonra da belə bir təşəbbüsün olacağı istisna deyil. Rusiya-Ukrayna rəsmiləri Azərbaycanda görüşə bilər. Nə mümkündürsə, Azərbaycan onu edir. Problem ondadır ki, yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin dayanması görünmür. Çünki Rusiya öz ambisiyalarından əl çəkmir, Ukrayna da ərazilərinin işğal altında qalmasını istəmir. O üzdən, yaxın 2-3 ayda müharibənin bitəcəyinə inam çox azdır".

Ən nəhayət, siyasi ekspert onu da əlavə etdi ki, Azərbaycan bundan sonra nə mümkündürsə, o istiqamətdə öz səylərini artıracaq.


Etiketlər:  Putinin təbrik məktubunda incə ehtimal Əliyev Ukrayna məsələsinin həllinə töhfə verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ