Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 21:42
Bakı. Trend:
Goranboy rayonunun Xoylu və Tərtər rayonunun Qaraağacı kəndlərində inkubator məntəqələri fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində istifadəyə verilmiş inkubator məntəqələri Tərtər və Goranboyda mikro sahibkarlığın inkişafında əhəmiyyətli olmaqla, bu rayonların 10 kəndində yaşayan 11 mindən çox sakinə xidmət edəcək.
Bununla bağlı Xoylu və Qaraağacı kəndlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, rayon icra hakimiyyətlərinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilib.
İnkubator məntəqələrinin istifadəyə verilməsi ilə kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. İnkubator məntəqələrinin fəaliyyəti həmçinin, Tərtər və Goranboy rayonlarında mikro sahibkarlığın inkişafına və kənd sakinlərinin məşğulluğunun təmin olunmasına öz müsbət töhfəsini verəcək.
Dünən isə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin