Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ

İlkin Nərmini ata kimi öpürdü? -  İTTİHAM AKTININ TƏHLİLİ

Tarix: 14 Iyun 2022 21:02

Sonxeber.net publika.az-a istinadən Qan Turalının yazısnı təqdim edir

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr, təhlillər  əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

2019-cu ilin 21 noyabrında itkin düşən Tovuz rayon Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın meyiti 47 gün sonra- 2020-ci ilin 6 yanvarında aşkarlanmışdır.

10 yanvar 2020-ci ildə İlkin Süleymanov haqqında həbs qətimkan tədbiri seçilmişdir. Hazırda İlkin Süleymanovun məhkəməsi davam edir.

İstintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Mehman Hümmətovun hazırladığı ittiham aktını Baş Prokurorun müavini Elçin Məmmədov təsdiq etmişdir.

İttiham aktı ibtidai istintaqın yekun aktı kimi nəticələrini özündə əks etdirir. Yəni, istintaq müttəhim haqqında ifadələri sübutları toplayır, ittiham aktını hazırlayaraq məhkəməyə göndərir. Bu sənəd heç də son söz deyildir. Son sözü məhkəmə deyir. Məhkəmə ittiham aktını rədd edib müttəhimi ittihamdan azad da edə bilər. İttiham aktından çıxarışları bu biliyin işığında dəyərləndirmək gərəkdir.

Və biz bu yazıda bir suala cavab verəcəyik: İlkin Süleymanov hansı dəlillərlə ittiham edilir?

Motiv məsələsi

Şübhəli İlkin Süleymanovun cinayət motivini ittiham aktı bu cür izah edir:

"Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Süleymanov İlkin fərdi yaşayış evinin qarşısında olarkən kifayət qədər yaşı olmasına baxmayaraq səhhətində olan problemlərlə bağlı evlənmədiyi və övlad sahibi ola bilməyəcəyini düşünərək, bu baxımdan həmyaşıdlarından geri qalmasına, o cümlədən həmkəndlisi və eyni zamanda sinif yoldaşı olan Quliyev Şərif Qəşəm oğlunun evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyətlə..."

İlkin Süleymanov istintaqa verdiyi ilk ifadəni işgəncə altında verildiyini əsas gətirərək onlardan imtina etmişdi. Ancaq həmin ifadədə də "qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyət"-indən bəhs etmir. Sual olunur: İbtidai istintaq bu nəticəyə necə gəlmişdir? Məgər uşaq sahibi olmayan şəxsin başqasının uşağını oğurlayıb öldürməsi məntiqlidirmi? Məhkəmə bu suallara aydınlıq gətirəcəkdir.

Nərminin itməsi...

Nərminin atası Şərifin istintaqa verdiyi ifadə ittiham aktında bu cür təsvir edilmişdir:  

"Nərmin günorta yeməyini yedikdən sonra qardaşı Arifin onda olan gödəkçəsini sonuncuya qaytarılması və özünün kənddə yaşayan qardaşı Lətifin evində olan gödəkçəsini  götürməsi üçün Nərmini qardaşı Arifin evinə getməsini  tapşırmışdır. Belə ki, 20 noyabr 2019-cu il tarixdə qardaşı Arifin qızı Günayın toyuna getmək üçün onun daha təmiz və səliqəli olan gödəkçəsini istəmiş və Arif həmin gödəkçəni ona vermişdir. Arifin evi kəndin aşağısında, onun yaşadığı evdən təxminən 1000 metr məsafədə yerləşir. Adətən uşaqlar və özü bu yolu, 20 dəqiqəyə qət edirdilər. Evdən çıxan qızı Nərminin dalınca baxan müddət ərzində onun kiminləsə əlaqədə olduğunu, söhbət etdiyini görməmişdir. Təxminən 1 saat müddətində Nərminin qayıtmamasını görərək böyük qızı Şəbnəmi onun dalınca göndərmiş, təxminən bir saatdan  sonra Şəbnəm evə qayıdaraq Nərminin Arif əmisinin evinə getməsini, ona verilən gödəkçəni Arifə verdiyini, daha sonra isə qardaşı Lətifin evinə keçərək atasının gödəkçəsini götürüb evdən çıxdığını bildirmişdir. O və Şəbnəm öz aralarında söhbət edərək Nərminin ana nənəsinin kənddə olan evinə getməsini fikirləşmişlər".

Amma istintaq bir məsələni araşdırmamışdır. Onun nə olduğunu tapmaq üçün bir abzası da oxuyaq.

"Bundan sonra Şərif qardaşı Arifin evinə getmiş, saat 19-00 radələrində təxminən 12 nəfər, qardaşları Yusif, Lətif və Arifin qonşuları 4 maşına minərək Arifin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə "ciyar axşamı" adlanan qonaqlığa getmişlər. Orada olarkən o, üç nəfərə bir 0,5 litr  butulka araq içmiş təxminən saat 21-30 radələrində evə qayıtmışdır".

Burda zəruri iki sual ortaya çıxır:

Şərif Nərminin qayıtmamağına görə şübhələnirdisə Şəbnəmi niyə qardaşı Arifgilə göndərmişdi? Və Nərminin nənəsigilə getməsini niyə onda "fikirləşməmişdi"? Şəbnəmin Nərmini tapmamağından sonra Şərif niyə narahat olmamışdır?
Nərminin 21.30-a qədər evə qayıtmaması anası və bacılarını niyə şübhələndirməmişdi?
Əsas sual: Şərifin kurtkasını Nərmin gətirməmişdisə Şərif hansı kurtkanı geyinib ciyər axşamına getmişdi?
Ciyər axşamından sonra nələr baş verdi? "Atası "ciyər axşamı" tədbirindən evə gəlib Nərmini soruşduqda gəlmədiyini bildirdikdən sonra atası ilə birlikdə Minayə nənəsigilə  getmiş, lakin Nərminin orada olmadığı və ümumiyyətlə onlara gəlməməsini bilmişlər".

Ancaq 22.39-da Şərif "102" xidmətinə zəng vuraraq Nərminin itdiyi barədə məlumat vermişdi...

İttiham aktında bu ziddiyyətlər təhlil edilməmişdir. Ancaq Şərif "Səni axtarıram" verilişində aparıcının mövzu ilə bağlı sualına "Səhv etmişəm" cavabını vermişdir. Bu cavabın qaneedici olmadığını bilmək üçün prokuror olmağa ehtiyac yoxdur.

Nərmin Quliyevanın meyitinin tapıldığı və İlkin Süleymanov haqqında həbs qətimkan tədbiri seçildiyi günlərdə yayılan bir şayiə hələ də bəzi insanlar arasında populyardır. Nərminin ana nənəsi Minaya İsmayilovanın dilindən mediaya ötürülən bu şayiənin İlkin Süleymanovda psixoloji xəstəliyin olması ilə bağlı idi. Elə o günlərdə BBC Azərbaycanca-nın hazırladığı bir reportajda İlkin Süleymanovun bacısı, kənd məktəbinin müəllimi İlhamə Süleymanova psixoloji xəstəlik məqamını inkar etmişdi.

Bəs bu şayiənin təhlilinə niyə ehtiyac duyuruq? Çünki ittiham aktında cinayətlərin təsviri ancaq və ancaq psixoloji problemləri olan şəxsin portretini çəkir. Keçən yazımızda təqdim etdiyimiz ittiham aktı üzrə cinayət motivini təkrarlayaq: "İlkin Süleymanov Quliyev Şərifin evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündən yaranmış alçaq niyyətlə..."

İttiham aktında oxuyuruq: "İlkin Süleymanov Nərmin Quliyevaya yaxınlaşıb kitablar vermək bəhanəsi ilə aldadıb yaşadığı evin həyətindəki yardımçı tikilinin ikinci mərtəbəsinə apararaq, orada Nərmin Quliyevaya bundan sonra artıq onunla qalacağını, sonuncuya övladı kimi baxacağını bildirmişdir"...

Başqa bir sitat: "Otağa daxil olan zaman sol tərəfdə olan rəfdəki kitabları götürüb Nərminə uyğun kitab olub-olmamasını axtarmağa başlamış, bu vaxt elə otaqda olarkən Nərmini həmin yerdə bir müddət saxlayıb, hər gün ona övladı kimi baxmaq istəyinə gəlmiş..."

Son sitat: "Nərmini orada saxladığı müddətdə onunla cinsi əlaqədə olmamış, onu övlad kimi orada saxlamış və bəzi hallarda onu öpərək ona qarşı övlad sevgisini həyata keçirmişdir".

Bu qədəri kifayət edir. İttiham aktından iqtibas etdiyimiz yuxarıda hissələr İlkin Süleymanovun işgəncə altında alındığını bildirərək imtina etdiyi ifadəsinə əsaslanır...

Və indi hər birimizdə yaranan sualları sıralayaq:

İnsanın başqasına qısqanclıq duyması normal haldır. Ancaq uşaq oğurluğu anormal. Ya da psixoloqların dediyi kimi patoloji. Yəni, maddi mənfəət naminə adam oğurluğu həyata keçirən şübhəli şəxs üçün hər hansı bir psixoloji ekspertiza təyin etməyə ehtiyac yoxdur. Ancaq övladı olmadığı üçün sinif yoldaşının övladını oğurlamaq, onu 44-45 gün ərzində (Ekspertiza ölümün meyit aşkar edildikdən 2-3 gün əvvəl baş verə biləcəyini qeyd edir) saxlamaq və işin üstünün açılacağını bildikdə onu qətlə yetirmək sağlam şüura xas davranış və qərar deyildir.

Və ritorik sualımız belədir: Uşağı evə dəvət edib, anidən "ona övladı kimi baxmaq istəyinə gələn" və "onu öpərək ona qarşı övlad sevgisini həyata keçirən" şəxs sağlam psixikaya malik ola bilərmi?

Digər sual: Nərminin ailəsi ilə qonşuluqda yaşayan İlkin Süleymanovun Nərmini öz övladı kimi saxlaması həyatın məntiqinə, zəkanın qaydalarına, Azərbaycan reallığına uyğundurmu?

Üçüncü sualımız da ritorikdir: "Övlad sevgisini həyata keçirən" İlkin Süleymanov nəyə görə "övlad"ını 44-45 gün ərzində yatağa bağlamışdı? Belə "övlad sevgisi" xəstəhal bir təfəkkürün, pozğun bir şüurun təzahürü deyilmi?

Ritorik sualların cavabını tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Belə ki,kompleks məhkəmə psixoloji və psixatrik ekspertizasının 865 nömrəli 12 may 2020-ci il tarixli rəyi ittiham aktına daxil edilmişdir. Rəyin ilk cümləsi belədir: "Süleymanov İlkin İbrahim oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir".

"Hüquq fəlsəfəsinin prinsipləri" kitabının da müəllifi olan görkəmli alman filosofu Georg Vilhelm Fridrix Hegel qeyd edirdi ki, həyat ölümün rüşeymini öz içində gəzdirir. İttiham aktında irəli sürülən tezislərin antitezisləri ilə birgə təqdim edilməsi də Hegelin işarə etdiyi cəhətdən xüsusi maraq doğurur. Belə ki, İlkin Süleymanovun adam oğurluğu, əzabvermə və qəsdən adam öldürmə cinayətlərini törətdiyi iddiaları ilə onun heç bir psixoloji xəstəliyin olmaması barədə rəy bir-birini inkar edir.

Klinik psixoloq Əsədova Natəvan və həkim-psixiatr Əliyev Əyyubun birgə hazırladığı rəydə İlkin Süleymanovla bağlı İlkin Süleymanovun şizoid şəxsiyyət tipinə malik olduğu qənaətinə gəlinmişdir. Bu şəxsiyyət tipi rəydə belə şərh edilir: "Eqosentrizm, emosional soyuqqanlılıq, təkliyə meyllilik, özünə qapalılıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, ünsiyyətə meyilli olmamaq..."

Ancaq iki mütəxəssisin hazırladığı rəy də özü-özüylə ziddiyyətə düşür. Belə ki, "həkim-psixoloq (rəy verənlərin biri həkim digəri isə psixoloqdur, bu mənada "həkim-psixoloq"un kim olduğu tərəfimizdən müəyyən edilə bilməmişdir - Q.T.) elə hesab etmişdir ki, onun şəxsiyyətində və həyatındakı natamamlıq onda hadisədən əvvəl həmin əməli törətməyə psixoloji motivini və səbəbini formalaşdırmışdır".

Amerika Psixiatrlar Dərnəyi tərəfindən ilk nəşri 1952-ci ildə edilən və indiyənə qədər də müxtəlif alimlərin tədqiqatlarının nəticələrinə əsasən əlavə və çıxarışlarla birgə çap edilən bir kitab var: "Diagnostic and Statistical Manual of Mental Disorders". Dilimizə "Ruhi xəstəliklərin diaqnostikası və statistikası təlimatı" kimi tərcümə edilib qısaca "DSM 5" (Yəni 5-cu nəşr) adlanan kitabın son nəşri bu ilin mart ayında işıq üzü görmüşdür. Kitabın ən əhəmiyyətli xüsusiyyəti bütün dünyada psixiatrların stolüstü kitabı olmasındadır. Belə ki, ruhi xəstəliklərin diaqnozu məhz DSM-5 əsasında qoyulur.

Zəruri və maarifləndirici arayışdan sonra "DSM-5"-də şizoid şəxslərin əlamətləri sırasında zorakılığa meyllik barədə heç bir şey deyilmədiyini də qeyd edək. Başqa bir mənbə üzrə də sitat verə bilərik. İstanbul Universitenin dosenti Dərya Dənizin "Cinayətkar davranışa təsir edən psixopataloji proseslər" məqaləsində oxuyuruq: "Şizoid şəxsiyyət pozğunluğundan əziyyət çəkən şəxslər zorakılıq davranışları göstərməsələr belə şəxsi həyat müstəvisinə müdaxilə edildikdə və ya narahat edildikdə ani qəzəb partlayışları göstərə bilərlər". Nərmin cinayətinin bu tərifə uyğun gəlmədiyini psixiatrla psixoloqu fərqləndirməyi bacara bilən hər bir insan özü üçün ayırd edə bilər.

Göründüyü kimi ittiham aktında irəli sürülən iddialar psixoloji və psixiatrik ekspertizasının nəticələri ilə, ekspertizanın nəticələri isə həm öz tezisləri, həm də "DSM-5"-lə inkar edilir.

Cinayəti törədən manyakdırsa İlkin niyə manyak deyil? İlkin şizoiddirsə cinayəti necə törədib? Molla Nəsrəddin lətifəsində deyildiyi kimi... 2 kilo əti 2 kiloluq pişik yeyibsə pişik hanı, yeməyibsə ət hanı?

Əsas sual isə budur: Bəs ədalət hanı?


Etiketlər:  İlkin Nərmini kimi öpürdü İTTİHAM AKTININ TƏHLİLİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ