Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 23:22
Mənfəət hesabatı vergiödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün qanuni imkanlar yaradır. Bunlardan biri də amortizasiya ayırmalarının gəlirdən çıxılması ilə bağlıdır.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyənləşdirilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır: "Mənfəət vergisinin sadələşdirilmiş vergidən üstünlüklərindən biri odur ki, gəlirdən onun əldə edilməsi ilə bağlı bütün xərcləri çıxmağa imkan verir. Dolayı yolla bu, əsas vəsaitlərin alınması ilə bağlı məsrəflərə də aiddir. Sadəcə bu məsrəflərin gəlirdən çıxılması üçün amortizasiya ayırmalarına aid Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilən normalar nəzərə alınmalıdır. Yəni sahibkar 2022-ci ildə 1500 manatlıq kompüter alıbsa, təbii ki, 2022-ci ilin hesabatında 1500 manatın hamısını xərc kimi tanıya bilməyəcək, ancaq müəyyən müddət ərzində bu aktivi xərc kimi dəyərsizləşdirəcək".
V.Mirheydərov əlavə edib ki, Vergi Məcəlləsinə əsasən, dəyəri ən azı 500 manat, istifadə müddəti isə bir ildən az olmayan maddi aktiv əsas vəsait hesab edilə bilər. Məhz bu aktivlər Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiyaya məruz qalır və amortizasiya xərcləri də onlar üçün hesablanmalıdır.