Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan ABŞ-a “Bayraktar” zərbəsi vəd edir: Ağ Ev Türkiyənin maraqları ilə hesablaşmalı olacaq

Ərdoğan ABŞ-a “Bayraktar” zərbəsi vəd edir: Ağ Ev Türkiyənin maraqları ilə hesablaşmalı olacaq

Tarix: 28 Iyul 2022 10:52

Türkiyə prezidentinin "Bayraktar TB2" açıqlamasının həm ABŞ və Qərbə, həm də Rusiyaya yönəlik üstüörtülü hərbi-siyasi mesaj olduğunu düşünmək üçün kifayət qədər ciddi əsaslar var... Hər iki tərəfin Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından, ciddi rəqabət məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil...

Milli.Az yeni müsavat-a istinadla bildirir ki, ABŞ-Türkiyə münasibətlərində anlaşılmazlıq kimi təqdim olunan ziddiyyətlər artıq gərginliyə yol aça biləcək manevrlərə yol açmağa başlayıb. Belə ki, hazırda NATO üzvü olan bu iki ölkənin münasibətləri hərbi müttəfiqlik prinsiplərindən uzaqdır. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarına həssas yanaşmağa o qədər də həvəs göstərmir.

Məsələ ondadır ki, rəsmi Ankaranın ABŞ-dan silah almaq cəhdləri Ağ Ev tərəfindən müxtəlif bəhanələrlə bloklanır. Hətta ABŞ prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş anlaşmalara belə, riayət olunmur. Buna misal olaraq, Ağ Ev sahibinin Türkiyəyə vəd etdiyi "F-16" döyüş təyyarələrinin satışına ABŞ Konqresi üzərindən əngəl törədildi.

Təbii ki, rəsmi Ankara ABŞ-ın "müttəfiqlik prinsipləri"ndən olduqca narazı qalıb. Üstəlik, Türkiyə bu narazılığını qətiyyən gizlətmir. Əksinə, buna adekvat cavab addımları atmaqla, Türkiyə üçün alternativlərin mövcud olduğunu açıq-aşkar biruzə verməyə çalışır. Və bu baxımdan, rəsmi Ankaranın geopolitik manevrləri böyük maraq doğurur.

Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən növbəti səfəri indiki situasiyada böyük önəm daşıyır. Bu səfərin təşkil olunmasının özü belə, geopolitik mesaj xarakteri ilə yüklənib. Rəsmi Ankara ABŞ və Qərbə mesaj verir ki, Türkiyə Ukrayna savaşı ucbatından dünyadan təcrid olunmuş Rusiya ilə diplomatik təmas imkanlarını hələ də qoruya bilib.

Eyni zamanda, Kremlə də anladılır ki, Türkiyə beynəlxalq məkanda blokadaya alınaraq, təklənmiş Rusiyanın gələcək sülh danışıqlarında vasitəçiliyinə ümid bəsləyə biləcəyi yeganə ölkədir. Yəni, həm ABŞ və Qərb, həm də Rusiya üçün Türkiyə hazırda diplomatik vasitəçilik potensialı mövcid olan önəmli siyasi güc mərkəzinə çevrilib. Və rəsmi Ankara müxtəlif geopolitik manevrlərlə bu faktordan Türkiyənin maraqları çərçivəsində istifadə etməyə çalışır.

Ancaq Türkiyə prezidentinin Rusiyaya səfəri yalnız Ukrayna savaşı və onun ətrafında yaranmış beynəlxalq situasiya ilə bağlı deyil. Hazırda Türkiyə və Rusiya arasında da kifayət qədər ciddi problemlər, ziddiyyətlər mövcuddur. İranda keçirilmiş sonuncu Ərdoğan-Putin görüşünün məlum nəticələri bəzi məsələlər ilə bağlı Türkiyə və Rusiyanın maraqlarının kəskin şəkildə toqquşduğunu göstərdi.

Belə ki, prezident R.T.Ərdoğan Türkiyənin milli təhlükəsizlik maraqları çərçivəsində Suriyada antiterror əməliyyatlarının keçirilə biləcəyinin açıq anonsunu verdi. Ancaq Rusiya və İran prezidentləri dərhal buna qarşı olduqlarını vurğuladılar. Yəni, Kreml İranla ortaq şəkildə Türkiyənin milli təhlükəsizlik maraqlarına problem yaratmağa cəhd göstərir.

Ancaq nə qədər qəribə də olsa, Rusiya prezidenti Türkiyənin antiterror əməliyyatına qarşı olmasını Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə arqumentləşdirməyə çalışmışdı. Halbuki, Rusiya hazırda müstəqil Ukraynanın ərazilərinə qoşun yeridib, bu ölkənin suveren hüquqlarını kobud şəkiləd pozub. Yəqin ki, prezident R.T.Ərdoğan Kreml sahibini Rusiyanın Türkiyənin Suriyada antiterror əməliyyatları keçirtmək planlarına neytral qalmasının daha doğru olacağına inandırmağa çalışacaq.

Böyük ehtimalla Rusiyanın Soçi şəhərində planlaşdırılan Ərdoğan-Putin görüşündə Cənubi Qafqazda mövcud olan geopolitik situasiya, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi bir sıra önəmli mövzular da müzakirə edilə bilər. Eyni zamanda, əsas müzakirə mövzuları sırasında Türkiyənin vasitəçiliyi ilə imzalanmış və "taxıl dəhlizi"nin yaradılmasını nəzərdə tutan İstanbul anlaşması ilə bağlı məsələ də yer alacaq.

Çünki, İstanbul anlaşmasının imzalanmasından heç bir sutka keçməmiş Rusiya Ukraynanın Odessadakı limanlarını raket atəşinə tutaraq, həmin sənədin tələblərini kobud şəkildə pozub. Ola bilər ki, Türkiyə lideri R.T.Ərdoğan prezident Vladimir Putindən "taxıl dəhlizi"nin yaradılması ilə bağlı İstanbul anlaşmasına Rusiyanın bundan sonra riayət edəcəyinə təminat almağa çalışacaq. Və bu, indiki halda, bütün dünya üçün böyük əhəmiyyət daşıyır.

Nəhayət, Rusiyaya səfər ərəfəsində Türkiyə lideri, prezident V.Putinin "Bayraktar TB2" PUA-larının ortaq istehsalına maraq göstərdiyini vurğulayıb. Prezident R.T.Ərdoğanın bu açıqlaması gözlənilməz xarakter daşıyır, ancaq qətiyyən təsadüfi ola bilməz. Və rəsmi Ankaranın Ukrayna savaşının həlledici mərhələyə yaxınlaşdığı bir mərhələdə "Bayraktar TB2" ilə Rusiya mövzularını uzlaşdırması qətiyyən boşuna deyil.

Məsələ ondadır ki, prezident R.T.Ərdoğan olduqca təcrübəli dövlət xadimidir və heç vaxt boşana hər hansı məlumatı dövriyyəyə buraxmır. Türkiyə liderinin Rusiyanın "Bayraktar TB2" PUA-ları ilə maraqlanmasını vurğulamasında da yəqin ki, müəyyən hədəflər mövcuddur. Yaxın vaxtlarda bu hədəflər təxmini də olsa, aydınlaşmağa başlayacaq.

Hələliksə, prezident R.T.Ərdoğanın "Bayraktar TB2" açıqlamasının həm ABŞ və Qərbə, həm də Rusiyaya yönəlik üstüörtülü hərbi-siyasi mesaj olduğunu düşünmək üçün kifayət qədər əsaslar var. Çünki, Türkiyə prezidenti həmin açıqlamasına "Birləşmiş Ərəb Əmirliklərində də "Bayraktar TB2" PUA-larının ortaq istehsal zavodunu yaratmışıq" fikrini əlavə edib. Bu, o deməkdir ki, rəsmi Ankara prezident V.Putinin Rusiyada da analoji zavodun işə salınması təklifinə hələlik birmənalı cavab verməyib. Yəni, bu məsələ ilə bağlı "anlaşma qapısı" hazırda tam qapadılmamış kimi görünür.

Böyük ehtimalla Türkiyə prezidentinin bu açıqlaması ABŞ və Qərbin ciddi şəkildə narahat olmasına əsaslar verir. Çünki, Türkiyə və Rusiya arasında hərbi ticarət sahəsində əməkdaşlıq mövcuddur. Vaxtilə ABŞ-ın Türkiyəyə "F-35" döyüş təyyarələri satmaqdan imtina etməsinə rəsmi Ankara Rusiyadan "S-400" raket sistemləri almaqla, reaksiya vermişdi.

İndisə, ABŞ Türkiyəyə "F-16" döyüş təyyarələrinin satışından yayınmağa çalışır. Rəsmi Ankara isə buna Rusiyada "Bayraktar TB2" istehsalı ilə cavab verə biləcəyini sezdirir. Əgər, bu, baş verərsə, böyük ehtimalla Türkiyə Rusiya qarşısında "Bayraktar TB2" PUA-larından Ukrayna savaşında istifadə etməmək, onları üçüncü ölkəyə satmamaq kimi müəyyən şərtlər qoya bilər. Çünki, rəsmi Ankaranın Türkiyə-Ukrayna mansibətlərinin üzərindən çarpaz xətlər çəkəcəyi qətiyyən inandırıcı deyil.

Belə anlaşılır ki, hazırda Türkiyə ABŞ və Qərbə Rusiya üzərindən "Bayraktar TB2" zərbəsi hazırlayır. ABŞ və Qərbin bu zərbədən yayınmaq üçün hələ vaxtı var. Çünki Türkiyə prezidentinin Rusiyaya planlaşdırılan səfərinin avqustun 5-də baş tutacağı gözlənilir. Yəni, Rusiyanın PUA texnologiyasına sahublənməsini istəmirsə, ABŞ və Qərb səfər tarixinə qədər Türkiyənin narazılığına həssas yanaşmaq məcburiyyətindədir.

Milli.Az


Etiketlər:  Ərdoğan ABŞ a Bayraktar zərbəsi vəd edir Ev Türkiyənin maraqları ilə hesablaşmalı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ