Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 20:40
Qurani-Kərim bu xəbis varlığı Rəcim, vəsvəsə edən, Əduv, Xənnas sifətləri ilə bizlərə tanıtmışdır. Rəcim dedikdə, şeytanın (lən) Allah dərgahından qovulması və uzaqlaşdırılması nəzərdə tutulur.
Vəsvəsə edəndir ona görə ki, sakit səsi ilə insanları vəsvəsə edər və çirkin fikirləri zehnlərinə salar. Əduv sözünün mənası - düşmən deməkdir. Şeytan Adəm övladının qatı düşmənidir. Quran dəfələrlə bu həqiqətə işarə etmişdir.
Bəs şeytanın dostları kimlərdir?
"Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O, bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik". ("Əraf" 27).
Bu mübarək ayədə Allah Təala Adəm övladlarına xitab edərək buyurur ki, şeytanın şərindən özlərini qorusunlar. Adəmin (ə) başına gələnlərdən ibrət götürsünlər.
Həmçinin buyurur ki, şeytan elə bir varlıqdır ki, o, sizi görür, ancaq siz onu görmürsünüz. Ona görə də təhlükəli düşməndir. İnsanı var gücü ilə aldadır. Bu cür düşmənlə mübarizə aparmaq çətindir.
Ayənin sonunda buyurulur ki, Allah Təala, imanı olmayan insanları şeytanın dostları qərar vermişdir. Kafirlər, günahkarlar - şeytanın dostlarıdırlar. Çünki onun sözünə qulaq asır və onun ardıcılıdırlar.
Bəs şeytanın düşmənləri kimlərdir?
Həzrət Peyğəmbər (s) şeytandan soruşur ki, sənin düşmənin kimlərdir? Şeytan saymağa başlayır: Peyğəmbərin (s) mübarək adından sonra, əməl edən alimin, azan verənin, yetimlərin dostunun, mehriban insanın, nəsihət verənin, daima dəstəmazlı olanın, bağışlayanın, xoş əxlaq sahibinin, iffətlinin, cavan abidin, adil padşahın, xeyir və yaxşılığa dua edənin adlarını çəkir.
Quran ayələrinə görə muxlis insanlar şeytanın düşmənləridir. "Dedi: "Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla)azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam".
"Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla"". ("Hicr" 39-40).
Şeytanın vəsvəsə yollarını tanıyaq:
1. Addım-addım. Şeytan tədrici olaraq, addım-addım insana vəsvəsə edər. "Şeytanın addımlarına tabe olmayın ki, o, sizin aşkar düşməninizdir". ("Bəqərə" 168).
2. Şeytan idrak və hiss qüvvələrimizə vəsvəsə edər. Şeytanın vəsvəsələri ən çox idrak və hiss qüvvələrimiz tərəfindən olar. Şeytan heç bir zaman insanın bədən üzvlərinə hakim olmaz. Belə ki, əlindən tutub günaha tərəf çəkməz və ayaqlarını günaha tərəf getməyə məcbur etməz. Bunları idrak qüvvəsinə təlqin edər.
3. Hər yerdə ola bilər. Şeytanın insana hücumu hər yerdə olar. O, insanın ətrafında fırlanar və nüfuz üçün fürsət axtarar. "Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən". ("Əraf" 17).
Allah Təala bu qovulmuş düşməndən bizi Özü qorusun!