Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dominik-Jan Larrey - “Təcili yardımın” atası

Dominik-Jan Larrey - “Təcili yardımın” atası

Tarix: 25 Avqust 2022 23:27

Məşhur hərbi cərrah, tibb doktoru Dominik Larrey "təcili yardımın" əcdadı sayılır. O, səhra cərrahiyyəsini yenidən təşkil etdi. Döyüş meydanından yaralı əsgərləri xüsusi təchiz olunmuş arabalarda daşınması ideyası məhz ona məxsusdur. I Napoleonun hərbi yürüşləri zamanı o minlərlə hərbçinin həyatını xilas edir, sutkada 200-ə qədər əməliyyat keçirir.

Həyat yolu
İstedadlı cərrah Jan Larrey 8 iyul 1766-cı ildə Fransanın cənubunda anadan olmuşdur. Tezliklə ailəsi ilə Bordoya köçür. Dominik erkən, 13 yaşında valideynlərini itirir və Tuluzada məşhur cərrah, hospital direktoru işləyən əmisi onun qəyyumu olur. İlk tibbi biliklərinə də Larrey xəstəxanada əmisinin köməkçisi işləyərkən yiyələnir. Eyni vaxtda Tuluza məktəbində hərrahiyyə təhsili alırdı.

Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, altı illik təhsildən sonra 21 yaşındaykən o Parisə köçür və orada mərkəzi Otel-Dye xəstəxanasının ən yaxşı cərrahları olan Antuan Lui və Pyer Jozef Dezonun yanında təhsilini davam edir, yaraların düzgün işlənilməsi təcrübəsinə yiyələnir.
1787-ci ildə uğurla imtahan verib kral donanmasının freqatında gəmi cərrahı vəzifəsinə təyin edilir. Şimali Amerikaya səfər edir, amma xroniki dəniz xəstəliyi donanmada işini davam etməyə mane olur. O, işini tərk etməyə məcbur olur, Parisə qayıdır, əlillər evində cərrah işləyir və tez bir zamanda hərbi tibb məktəbinin professoru olur.

Müharibə başlayır və Dominik Reyn ordusu­nun quru qoşunlarında cəbhə doktoru kimi çalış­mağa başlayır. Xidməti müddətində əsgərlərin vaxtında tibbi yardım almadan məhv olduqlarını görür. Yaralı döyüşçüləri döyüş meydanından çıxarmaq üçün at arabalarından istifadə etmək təklifi ilə çıxış edir. Təşkil etdiyi heyət, hətta güllə altında pasiyentləri yığıb hərbi həkimlərə çatdırır.

Napoleonla inqilab vaxtı Tulonda tanış olur. Bir müddətdən sonra sərkərdənin hörmətini qazanıb onun ordusunun baş cərrahına çevrilir. Generalın apardığı 26 hərbi kampaniyada iştirak edir, cəsarətinə görə baron titulu ilə təltif edilir.

Öz biliklərini və əsgərləri döyüş meydanında xilas etdiyi üsulları 4-tomluq "Hərbi cərrahiyyə memuarları"nda təsvir edir. İstedadlı cərrah 25 iyul 1842 ildə vəfat edir.

Xidmətləri
Dominik Larrey ilk "təcili" yardım kəşf etmişdir. Atlara qoşulmuş yüngül ikitəkərli araba. Hərbi hərəkətlər vaxtı yaralı əsgərlər təlim keçmiş heyət tərəfindən ekipaja götürülür və səhra hospitalları çadırlarına daşınırdı. Pasiyent lazımi yardım almaq üçün cəbhə həkiminə çatdırılırdı. Əsgərlər yaralı yoldaşlarını özü daşımalı, risk etməli və döyüş meydanını tərk etməli olmurdu. O zamanlar odlu silah yarasından ölümün əsas səbəbi qanın infeksiyası idi. Onun qarşısını yalnız yoluxmuş ətrafın yubanmadan aparılan amputasiyası ala bilərdi. Əsgərlərin həyatını xilas etmək üçün Larrey sutkada 200-ə qədər əməliyyat keçirirdi. Lakin ətrafın amputasiyası yalnız ağır hallarda aparılırdı. Yüngül yaralanmada əsgərin həyatı ilə yanaşı, orqanizmin tamlığını da qoruyan metodlardan istifadə edirdi. Yaraları sarımaq üçün qaynar şərab və kamfora ilə isladılmış nəm sarğılardan istifadə edilirdi.

Cərrahın avropa təbabətinə töhvə etdiyi digər yeniliklər:
• ilk dəfə olaraq infeksiyanın profilaktikasına yönəlmiş yaranın mexaniki antiseptikasını tətbiq etmişdir;
• gülləni xaric etmək üçün kanalı geniş yarırdı;
• irinin maneəsiz axması üçün geniş kəsik aparırdı;
• gözlərin misir iltihabı adlandırılan kəskin konyunktiviti ilk dəfə O təsvir etmişdir.

Müasir tibbi təlim vəsaitlərində Larreyin işlədiyi çiyin oynağının amputasiyası, bud arteriyasının bağlanılması xüsusiyyətləri təsvir olunmuşdur. Onun verdiyi aralıqdənizi sarı qızdırmanın təsviri də aktuallığını itirmir və indiyədək öyrənilir.

Milli.Az


Etiketlər:  Dominik Larrey Təcili yardımın atası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ