Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Bakı ilə “tarana gedir”: Babayanın Konqresdə çıxışı hazırlanır

ABŞ Bakı ilə “tarana gedir”: Babayanın Konqresdə çıxışı hazırlanır

Tarix: 6 Sentyabr 2022 11:03

Xankəndidəki separatçıların rəhbərlərindən biri olan David Babayan Vaşinqtona səfər edib. Amerika Erməniləri Milli Komitəsi bəyan edib ki, Babayan sentyabrın 19-da Vaşinqtonda ABŞ siyasətçiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də Kapitolidə çıxış edəcək.

Diqqətçəkən məqam odur ki, erməni separatçının Vaşinqtona səfəri Birləşmiş Ştatlar səfirinin Şuşada diplomatik korpus nümayəndələri ilə keçirilən tədbirdən imtina etməsindən dərhal sonraya təsadüf edir. Bu, Ağ Evin məkrli siyasətinin bir göstəricisidir. Vaşinqton artıq heç bir önəmi olmayan ATƏT-in Minsk Qrupunu yenidən dirçəltmək istəyir. Separatçının Konqresdə çıxışının təşkil edilməsi heç də təsadüfi deyil. Bu hal erməni diasporu və lobbisinin ABŞ-da ciddi təsir imkanına malik olması ilə bağlıdır. Bölgədə ABŞ-ın həmin siyasətinə yalnız İrəvan dəstək verir. Ona görə də Vaşinqton yenidən separatçılara qucaq açmağa başlayıb. David Babayanın ABŞ-a səfəri Vaşinqtonun bir daha ikili standartlardan çıxış etdiyini göstərir.

Yada salaq ki, ABŞ Təsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü il büdcəsi ilə bağlı hesabatını təqdim edib. Hesabata əsasən, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək. Sözügedən məqsədlə ən azı 60 milyon dollar vəsaitin ayrılması planlaşdırılır. Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün də 2 milyon dollar nəzərdə tutulub.

Amerikanın Bakını qəzəbləndirən bu addımlarına səbəb nədir? Azərbaycanın strateji müttəfiqi hesab edən Vaşinqton niyə bir neçə min erməniyə görə Bakı ilə konflikti dərinləşdirir?

Milli.Az "yeni müsavat"a istinadən bildirir ki, AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, ABŞ-ın bu münasibətinə təəccüblənmək lazım deyil: "Birinci Qarabağ müharibəsində Azərbaycan erməni işğalına məruz qaldı, buna rəğmən ABŞ 907-ci düzəlişi Ermənistana deyil, Azərbaycana tətbiq etmişdi. Bundan sonra əslində ABŞ-ın ölkəmizə qarşı münasibəti bəlli olmalı idi. Amma bizdə bəzi dairələr illərdir ki, xalq arasında Amerikanın Azərbaycanın dostu olması barədə təbliğat aparırlar. Vaşinqton heç zaman Bakının dostu olmayıb. Amma İrəvanın daim dostu olublar. ABŞ-da daha çox Demokratlarda ermənipərəst mövqe güclü olub, bu həm Türkiyə, həm də Azərbaycana qarşı olub. Amma münasibətlərin pozulması hər iki tərəfin maraqlarına cavab vermir. Təbii ki, rəsmi Bakı öz etirazını bildirməlidir. Amerikanın hazırda Cənubi Qafqaz siyasətində ciddi təsiretmə mexanizmləri yoxdur. Protokol qaydası görüş olacaq və istənilən halda Azərbaycan tərəfindən etiraz bildirilməlidir. Amma Azərbaycan öz siyasətini də nəzərə almalıdır. Bilməliyik ki, Qarabağ məsələsində Amerika və Rusiya daim rəqabətdədir. Avropadakı dairələr hər zaman bu məsələ ilə əlaqədar bizə qarşı birləşirlər".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə ABŞ-ın erməni terrorçularına dəstəyini ifadə edən bir sıra maraqlı faktlar açıqladı: "Rəsmi Vaşinqtonun siyasi səhnəsindəki fiqurları yerindən oynadan "gizli əllər" ermənipərəstdir. Bu, çox açıq və aydındır, uzun illər boyu belədir. Fərqi yoxdur, konservativ olsun, yaxud demokrat olsun, hamısı Qarabağ mövzusunda eyni davranış nümayiş etdirir. Azərbaycan uzun illər boyu işğala və mina terroruna məruz qalsa da, ABŞ-ın maliyyə dəstəyi ilə İngiltərədə təsis olunan HALO Trust məhz ermənilər yaşayan Qarabağı minalardan təmizləyiblər (2018-ci ildə 88% təmizlənmiş, 2020-ci ilədək 100% təmizlənəcəyi nəzərdə tutulmuşdu). 2015-ci ildə biri konservativ, digəri isə liberal olan konqresmenlərin çox qəribə ittifaqı formalaşmışdı ki, bu ittifaqdan "Royce-Engel təklifi" "doğmuşdu". Bu təklifdə 3 məsələ irəli sürülürdü: Qarabağın o zamankı Azərbaycanla "təmas xəttində" snayperlər, yeni silahlar yerləşdirilməsinin qarşısı alınsın, silahların yerini müəyyən etmək üçün səs və digər radar avadanlıqları quraşdırılsın, ATƏT-in daha güclü və əlavə monitorinq qrupu əraziyə yerləşdirilsin. Bu qəribə ittifaqın məqsədi aydın idi: Qarabağ ermənilərini Azərbaycanın gözlənilən hücumundan qorumaq və müdafiə etmək. ABŞ xüsusi xidmət orqanları yəqin ki, Azərbaycanın Qarabağda az sonra hərbi əməliyyata başlayacağının ilkin xəbərini almışdılar. Belə ki, çox keçməmiş, 2016-cı ilin aprelində (2-6) Azərbaycan Qarabağda 4 günlük döyüş apararaq önəmli irəliləyiş əldə etmişdi. Bu, ABŞ-dakı erməni lobbisi üçün ilk sınaq, yaxud nəbz yoxlaması idi. Belə ki, lobbidən maddi maraqları çərçivəsində tapşırıqlar alan və qanunlar/qərarlar çıxaran ABŞ konqresmenləri, sadəcə, öz tribunalarından bağırmağı bacardıqlarını göstərmiş, Azərbaycan həmin "qəribə ittifaq"ın müddəalarını yerinə yetirməyə izn verməmiş, əksinə, öz hərbi üstünlüyünü bölgədə 1994-cü ildən sonra ilk dəfə bu cür geniş masştabda nümayiş etdirmişdir. Bundan sonra lobbinin xüsusilə ABŞ Erməni Milli Komitəsinin rəhbərliyi ilə - ABŞ administrasiyası ilə təmasları daha da artdı. İlk dəfə 2018-ci ildə Qarabağın qondarma rejiminin saxta "prezidenti" Bako Sahakyan Vaşinqtona səfər etmiş, Konqres nümayəndələri ilə görüşmüş, görüş Qarabağ Hərəkatının ildönümü ərəfəsinə "təsadüf etmiş",  hətta bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinə, əlaqələrin daimi olaraq qorunmasına dair ABŞ Konqresinin aşağı palatasına (Nümayəndələr Palatası) qətnamələr (müvafiq olaraq 2018, 2019, 2020-ci illərdə) təqdim olunmuşdur. Bu qətnamələrlə bağlı hər hansı qərar olmasa da, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə Konqres birmənalı şəkildə erməni tərəfinə dəstəyini ifadə etmiş və bu gün yenidən qondarma rejimin saxta XİN-i Vaşinqtona dəvət olunur. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ı məhz geosiyasi və iqtisadi maraqları hərəkətə gətirir. Yenə 44 günlük Vətən müharibəmiz dövründə Konqresdə anti-Azərbaycan qətnamələr qəbul edilərkən, bundan az öncə 2020-ci ilin martında ABŞ hökuməti Qarabağa 1992-ci ildən bəri hər il ayırdığı (minaların təmizlənməsi adı ilə) yardımları dayandırdığını elan etmişdi, Amerikanlar pulunu havaya sovurmaz. 2023-cü ilin ABŞ dövlət büdcəsində də müvafiq yardımın kəsiləcəyi gözlənilirdi, lakin bugünlərdə məlum olduğu kimi, ABŞ yenidən Qarabağ separatçılarına minalardan təmizlənmə adı ilə 2 milyon dollar yardım ayırıb".

Ekspert Amerikanın ermənilərə dəstəyinin heç bir fayda verməyəcəyini də qeyd etdi: "ABŞ Dövlət Departamentinin və Konqresinin üzvləri də ATƏT-in Minsk Qrupunun dirçəldilməsini istəyir. Bir sözlə, görünən odur ki, ABŞ Azərbaycanda separatizmin daima canlı qalmasına Qarabağ ermənilərinə status verilənədək dəstək göstərəcəkdir. Lakin bu dəstək, 2016 və 2020-ci illərdə baş tutan hərbi əməliyyatlar dövründə ABŞ-ın davranışlarından bəlli olduğu kimi, erməni tərəfinə heç bir real fayda gətirməməkdədir. Onlar dəvətnamələrini paylamaqda, şərəfə badə qaldırmaqda, fişəng atmaqda, hətta erməni lobbisinin pullarına və dəstəyinə gözünü dikən ABŞ konqresmenləri vasitəsilə qətnamələr də təqdim etməkdə ola bilərlər, lakin real müstəvidə siyasəti müəyyən edən, elə həmin Babayanın daha öncə dediyi kimi, İlham Əliyev landşaft və relyef müharibəsi aparır, regionun geosiyasi mənzərəsini dəyişir. Bu mənzərədə ABŞ öz iqtisadi faydasını təmin etdiyi müddətdə babayanların  da, onlara dəstək verən və yol göstərənlərin də niyyətləri mənzilinə çatmayacaq. Çünki Azərbaycan Ordusu öz mənzilində, Qarabağdadır. Qarabağ isə Azərbaycandır".

Milli.Az


Etiketlər:  ABŞ Bakı ilə tarana gedir Babayanın Konqresdə çıxışı hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ