Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 13:16
Fransa prezidenti Emmanuel Makron Türkiyənin güclənməsinə imkan verməyin Avropa Birliyi üçün olduqca ciddi səhv olduğunu vurğulayıb... ABŞ və Qərb Yunanıstanı Türkiyəyə qarşı "savaş bataqlığı"na çevirməyə can atır...
Sonxeber.net "yeni müsavat"a istinadən bildirir ki, Türkiyə dünyada qlobal supergücə çevrilməyə başlayıb. Üstəlik, Türkiyənin güclənərək, yüksəlişi böyük sürətlə baş verir və davamlı xarakter təşkil edir. Rəsmi Ankaranın yaxın gələcəkdə yeni dünya düzənində əsas beynəlxalq siyasi iradə mərkəzləri sırasında yer tuta biləcəyi ehtimal olunur.
Təbii ki, bu, Türkiyənin əsas beynəlxalq rəqiblərində ciddi narahat doğurur. Hər halda, rəsmi Ankaranın indiyə qədər əldə etdiyi beynəlxalq siyasi-diplomatik uğurlarla kifayətlənməyəcyini də artıq anlamağa başlayıblar. Və Türkiyənin qarşısıalınmaz beynəlxalq gücə çevrilməsi ilə hesablaşmaq məcburiyyətində qaldıqlarını da başa düşürlər.
Məsələ ondadır ki, hazırda dünyanın siyasət məkanında genişmiqyaslı xaos hökm sürməkdədir. Son dövrlərdə maraqları kəskin şəkildə toqquşan dünya nəhəngləri arasında qarşıdurma mühiti güclənib. Ukryan savaşı ucbatından dünya iqtisadiyyatı durğunluq dövrünə keçməyə başlayıb. Və yaxın vaxtlarda ötən əsrin 30-cu illərdə dərin maliyyə-iqtisadi böhran ucbatından baş vermiş "qlobal depressiya" dövrünün yenidən təkrarlana biləcəyi də istisna olunmur.
Ancaq belə situasiyada digər dünya nəhənglərindən fərqli olaraq, məhz yalnız Türkiyə özünü qlobal xaos təhlükəsindən yayındırmaq şansına sahibdir. Belə ki, Ukrayna savaşının başlanmasından altı aydan çox vaxt keçsə də, rəsmi Ankara hələ də müharibənin birbaşa iştirakçıları ilə münasibətlərdə balansı qoruyub, saxlamağı bacarır. Yəni, rəsmi Ankara Türkiyəyə həm Rusiya, həm də Ukrayna ilə siyasi-diplomatik dialoq imkanlarına sahib dövlət statusu qazandırıb.
Digər tərəfdən, Türkiyə Rusiya və Qərblə münasibətlərində də tarazlığın qorunmasında uğurlu nəticələrə sahibdir. Belə ki, rəsmi Ankara Rusiyaya Türkiyə üzərindən beynəlxalq sanksiyalardan yayınmaq imkanları vermir. Eyni zamanda, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını da dəstəkləmir.
Maraqlıdır ki, Avropa Birliyi Türkiyəni bu mövqeyi ilə bağlı ittiham etmək və ya hansısa sanksiya xarakterli təzyiqlərə məruz qoymaq şansı yoxdur. Çünki, Türkiyə Avropa Birliyinin üzvü olmadığından, bu qurumun Rusiyaya qarşı sanksiyalarını icra etmək məcburiyyətində də deyil. Yəni, hazırda Avropa Birliyi Türkiyəyə münasibətdə demək olar ki, "pat vəziyyəti"nə düşmüş kimi görünür.
Təbii ki, ABŞ və Qərbi, eləcə də Avropa Birliyini belə vəziyyət qətiyyən qane etmir. Ona görə də, bir tərəfdən, rəsmi Ankaraya Rusiya ilə məsafə saxlamaq tövsiyyə olunur. Digər tərəfdənsə, Türkiyənin hər hansı bir beynəlxalq hərbi münaqişəyə cəlb olunmasına yönəlik səhnəarxası cəhdlərin mövcudluğu da müşahidə edilir.
Buna misal olaraq, Türkiyə və Yunanıstan arasında hərbi-siyasi gərginliyin yüksəldilməsini göstərmək olar. ABŞ Yunanıstanın mübahisəli adalarında belə, əlavə hərbi bazalar yaradıb. Ağ Ev Rusiyadan "S-300" raket sistemləri almış Yunanıstana "F-35" döyüş təyyarələri verib. Halbuki, ABŞ Rusiyadan "S-400" raket sistemlərinin alınmasını bəhanə edərək, Türkiyəyə həm "F-35" döyüş təyyarələrinin satılmasından imtina edilib, həm də sanksiyalar tətbiq olunub.
Belə anlaşılır ki, ABŞ hər ikisi NATO üzvü olan Türkiyə və Yunanıstan arasında hərbi-siyasi gərginliyin olmasında birbaşa maraqlıdır. Böyük ehtimalla Ağ Evdə Türkiyənin Rusiya ilə yaxın münasibətlərinin olmasını rəsmi Ankaraya heç cür bağışlaya bilmirlər. Yunanıstan ilə savaş vəziyyəti yaradaraq, Türkiyənin başını qarışdırmağa çalışırlar.
Eyni zamanda, Türkiyənin ənənəvi beynəlxalq düşmənlərindən olan Fransa da, Yunanıstanın dəstəklənməsində xüsusi rol oynayır. Belə ki, rəsmi Paris Yunanıstana hərbi yardım göstərir, hətta Fransa donanmasının bir hissəsini bu ölkənin müdafiəsi üçün ayırıb. Və rəsmi Paris Avropa Birliyini də Türkiyənin əleyhinə yönəltmək üçün bütün imkanlardan istifadə edir.
Məsələ ondadır ki, Fransa Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik edərək, İstanbul anlaşmasının imzalanmasına və "taxıl dəhlizi"nin açılmasına nail olmasından ciddi şəkildə narahatdır. Rəsmi Paris Türkiyənin və prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq məkanda həlledici mövqe qazanması ilə barışa bilmir. Və hətta son vaxtlar Fransanın rəsmi dairələri Türkiyə ilə beynəlxalq rəqabətdə məğlub duruma düşülməsindən narahatlığı açıq mətnlə ifadə edirlər.
Fransa prezidenti Emmanuel Makron bu barədə açıqlamasında Türkiyənin güclənməsinə imkan verməyin Avropa Birliyi üçün olduqca ciddi səhv olacağını vurğulayıb: "Türkiyənin həm NATO üzvü, həm də Rusiya ilə danışıqları davam etdirməyi bacaran yeganı dünya supergücü olmasını heç kim istəməz. Ona görə də, biz özümüz hər kəslə, hətta mövqeyi ilə razı olmadıqlarımızla belə, danımaq imkanlarına sahib olmalıyıq".
Göründüyü kimi, Fransa prezidenti Türkiyənin qazandığı siyasi-diplomatik uğurlardan narahatdır. Dolayısı ilə bunun qarşısının alınmasını təklif edir. Eyni zamanda, Türkiyə örnəyi üzərindən Fransanın, o cümlədən, Avropa Birliyinin Rusiya ilə danışıqlar aparmasının vacibliyinə eyham vurur. Yəni, Türkiyənin Rusiya və Ukrayna ilə qarşılıqlı etibar üzərindən qurulmuş münasibətləri Fransaya çox cəlbedici görünür.
Ancaq Fransanın belə bir şansı yoxdur. Çünki, rəsmi Parisin xarici siyasəti Fransaya etibar etmək şansı buraxmır. Fransa bir tərəfdən, Almaniya və İtaliya ilə birlikdə Rusiyanın "qürur"una uyğun sülh müqaviləsi ideyası ilə çıxış edir. Digər tərəfdənsə, prezident E.Makron "Krım platforması"na online qatılaraq, Avropa Birliyinin Rusiyaya hər hansı məsələdə güzəştə geyməsinin yolverilməz olduğunu bəyanlayır. Və rəsmi Parisin belə siyasi riyakarlığı həm Rusiyanın, həm də Ukraynanın Fransaya gevənməməsinə əsas yaradır.
Onu da qeyd etmək lazımdır ki, Almaniya da bu məsələdə Fransa ilə eyni mövqedən çıxış edir. Belə ki, bu ölkənin kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putin ilə danışıqları davam etdirməyə çağırıb. Və bu missiyanı öz üzərinə götürmək niyyətində olduğunu vurğulayıb.
Belə anlaşılır ki, Fransa və Almaniyanın Rusiya ilə danışıqlar aparması və münasibətləri normallaşdırması tamamilə normal haldır. Ancaq bunu Türkiyə edirsə, Avropa Birliyi üçün yolverilməzdir. Yəni, əsas məsələ Ukrayna savaşı və ya Rusiya deyil. Əsas məsələ odur ki, Avropa Birliyinin həll etməyi bacarmadığı problemlərin öhdəsindən məhz Türkiyə asanlıqla gələ bilir.
Maraqlıdır ki, rəsmi Ankara ABŞ və Qərbin, eləcə də Fransa və Almaniyanın patronajlığında Avropa Birliyinin Türkiyəyə qarşı düşmənşilik etdiyini tam dəqiqliyi ilə bilir. Prezident R.T.Ərdoğan "Beynəlxalq məkanda qazandığımız böyük siyasi-diplomatik uğurlar rəqiblərimizin yuxusunu qaçırıb. Türkiyə öz düşmənləri üçün qorxulu röyaya çevrilib" deməklə, rəsmi Ankaranın bundan sonra da müstəqil xarici siyasət yürüdəcəyinə eyham vurub. Və Avropa Birliyinin bu mübarizədə Türkiyə ilə rəqabətə tab gətirə biləcəyi isə o qədər də inandırıcı görünmür.