Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 20:09
Kreml ölkədə kütləvi iğtişaşların ola biləcəyini nəzərə alaraq, rusların Putin hakimiyyətinə qarşı münasibətinin daha çox sınağa çəkilməsindən ehtiyatlanır... Milli-etnik bölgələrdə yerli qeyri-rus əhalinin kütləvi şəkildə Rusiya ordusunun tərkibində savaş meydanına göndərilməsi, onların sayının planlı olaraq, azaldılmasına yönəlik strateji demoqrafik hesablamaların mövcudluğundan şübhələnməyə müəyyən əsaslar verir...
Ukrayna savaşı demək olar ki, Rusiya sərhədçiləri içərisinə sıçramağa başlayıb. Belə ki, indiyə qədər Rusiya vətəndaşları Ukrayna savaşını teleekranlardan izləyirdilər. Və elə bir narahatçılıq keçirmədən Rusiya ordusunun Qərbin dəstək verdiyi Ukrayna üzərində qaçılmaz qələbəyə əminlik ifadə edirdilər.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, indisə, bütün bunların hamısı arxada qalıb. Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Rusiyalıların böyük əksəriyyəti artıq Ukrayna üzərində qələbə barədə ümidlərini unutmağa başlayıb. Hazırda Ukrayna savaşı Rusiya vətəndaşlarının evlərinə daxil olub. Səfərbərliyə cəlb olunma ehtimalı olan hər bir Rusiya vətəndaşı indi daha çox ordu sıralarına qatılmaq təhlükəsindən yayınmağın mümkün yollarını axtarır.
Məsələ ondadır ki, Rusiya vətəndaşlarından viza tələb olunmayan ölkələrə aviabiletlər satılıb qurtarıb. Gürcüstan, Qazaxıstan, Monqolustan və s. ölkələrin sərhədlərində Rusiyanı tərk edən və orduya çağırış kateqoriyasına aid Rusiya vətəndaşları ilə dolu avtomobillərin onkilometrlərlə uzanan tıxaclar yaranıb. Və bu, Rusiya dövlətçiliyi baxımdan, acınacaqlı bir durumdur.
Rusiya vətəndaşları öz ölkələrinin ordusuna qatılmaq istəmirlər və kütləvi şəkildə müxtəlif istiqamətlərdə qaçırlar. Hələ qaça bilməyənlər bir müddət əvvələ qədər dəstəklədikləri savaşa qarşı kütləvi etiraz aksiyaları keçirirlər, hətta hərbi komissarlıqları yandırırlar. Dünyanın "ikinci ordusu" özünün ən ağır dövrünü yaşayır.
Ukrayna savaşında hərbi təşəbbüsü əldən verən Rusiya ordusu ağır itkilər verərək, biabırçı şəkildə geri çəkilir. Silah-sursat və hərbi texnika tükənmək üzrədir. Rusiya vətəndaşları Ukrayna savaşında əzilməkdə olan orduya qatılmaq istəmirlər. Zorla orduya cəlb edilənlərə isə illərlə anbarlarda yığılıb qalmış, köhnə və paslanmış silahlar paylanılır. Və bütün bunlar Rusiya dövlətçiliyinin mövcudluğunu təhdid edən real təhlükə deməkdir.
Avropa Birliyi ölkələri Rusiyada yaşanan "səfərbərlik ajiotajı"na kənardan dəstək vermək niyyətinə düşüb. Belə ki, cəmisi bir neçə gün öncəyə qədər Rusiya vətəndaşlarına viza verməkdən imtina edilirdi. İndisə, Rusiya ordusunda xidmət etmək istəməyən, hərbi çağırış kateqoriyasına aid olan Rusiya vətəndaşlarına vizaların verilməsinə müsbət yanaşılır. Belə anlaşılır ki, müəyyən mənada, Avropa Birliyi ölkələrində qalacaqları təqdirdə, döyüş meydanına göndərilmə ehtimalı olan ruslara - dolayısı ilə "Rusiya ordusu"na viza verib, Ukrayna savaşından uzaqlaşdırmağa çalışırlar.
Beləliklə, prezident Vladimir Putin yanlış qərarla - qismən səfərbərlik elan etməklə, Rusiyanın vəziyyətini daha da ağırlaşdırmış oldu. Hələ qismən səfərbərlik qərarının Rusiya iqtisadiyyatına vuracağı ağır zərbələri də nəzərə almaq lazımdır. Üstəlik, prezident Vladimir Putinin Rusiya cəmiyyətindəki nüfuzunun da ciddi şəkildə korlandığı artıq inkaredilməz reallıqdır. Bəzi Rusiya teleqram kanallarında keçirilən online sorğularda Kreml sahibinin reytinqi onun prezidentliyi dönəmdə ən aşağı səviyyəyə enib. Rusiya vətəndaşları prezident Vladimir Putinə artıq güvənmədiklərini ifadə edirlər.
Belə görünür ki, ABŞ və Qərbin Rusiya üçün planlaşdırdığı və reallaşacağına ümid bəslədiyi daxili deqradasiya situasiyası böyük sürətlə yaxınlaşır. İndi Qərb siyasi dairələrini prezident Vladimir Putinin son anda ən radikal addıma - nüvə silahına əl atıb-atmayacağı daha çox düşündürür. Çünki, kütləvi şəkildə orduya qatılmaqdan qaçan ruslar indi elə bir ciddi hərbi təhlükə hesab edilmir. Ancaq Kremldə nüvə silahından istifadə qərarı verilərsə, vəziyyət ciddi şəkildə dəyişə və dünya dəhşətli fəlakətlər ilə üzləşə bilər.
Ancaq ABŞ və Qərb Ukraynaya sona qədər dəstək vermək niyyətində olduğunu da qətiyyən gizlətmir. Böyük Britaniyanın baş naziri Liz Trass öz vədinə sadiq qaldığını növbəti dəfə təkrarlayıb. O, xarici işlər naziri postunda olarkən bildirmişdi ki, əgər, baş nazir seçilərsə, Rusiyanın hərbi məğlubiyyətinə nail olmaq üçün əlindən gələn hər şeyi edəcək. Və indi Böyük Britaniyanın öz hərbi ehtiyatlarının önəmli bir hissəsini məhz Ukrayna ordusunun yeni silahlarla təchiz olunmasına yönəltdiyi bildirilir.
ABŞ və onun digər müttəfiqləri də Ukraynaya daha fərqli təyinatlı müasir silahların verilməsi barədə intensiv müzakirələrə başlayıblar. Bir tərəfdən, Rusiyaya nüvə silahı barədə düşünməyin yolverilməz olduğu xatırladılır. Digər tərəfdən isə qismən səfərbərliyi belə, normal şəkildə reallaşdıra bilməyən Rusiyanın məğlubiyyətini təmin etmək üçün Ukraynaya yeni silah sistemləri ötürülür.
Ona görə də, Ukrayna savaşının qarşıdakı mərhələsinin Rusiya üçün daha ağır keçəcəyi qətiyyən şübhə doğurmur. Hər halda, Kremlin qismən səfərbərlik elan etməsinin Rusiyanın hərbi problemlərini həll edə biləcəyini düşünmək sadəlövhlük olardı. Hətta səfərbərlik kampaniyasının iflasa uğrama təhlükəsi də açıq-aşkar nəzərə çarpmağa başlayıb.
Məsələ ondadır ki, Kreml hazırda indi qismən səfərbərliyi daha çox Rusiya Federasiyasının qeyri-rus subyektlərində daha asan reallaşdıra bilir. Ruslar arasında isə bu proses daha məhdud çərçivədə həyata keçirilir. Bunun əsas iki səbəbinin olduğunu düşünmək olar. Birincisi, ruslar arasında səfərbərlik Putin hakimiyyətinin Rusiya cəmiyyətindəki mövqelərini ciddi şəkildə sarsıdır. Və bu səbəbdən də, Kreml ölkədə kütləvi iğtişaşların ola biləcəyini nəzərə alaraq, rusların Putin hakimiyyətinə qarşı münasibətinin daha çox sınağa çəkilməsindən ehtiyatlanır.
Digər tərəfdən, böyük ehtimalla Kreml bilərəkdən, hərbi səfərbərlik üçün milli-etnik mənsubiyyətli bölgələrə daha çox yönəlir. Həmin bölgələrdə əhali artımı ruslar ilə müqayisədə daha intensiv olduğundan, Kreml gələcəkdə Rusiyada demoqrafik vəziyyətin əks istiqamətdə dəyişə biləcəyini də nəzərə almağa çalışır. Bu baxımdan, Kremlin milli-etnik bölgələrdə yerli qeyri-rus əhalini kütləvi şəkildə Rusiya ordusunun tərkibində savaş meydanına göndərməsi, onların sayının planlı olaraq, azaldılmasına yönəlik hesablamaların mövcudluğundan şübhələnməyə müəyyən əsaslar verir. Və bununla bağlı Qərb qurumları Rusiyanı artıq Ukrayna savaşından qeyri-ruslara qarşı "dolayısı və ya gizli soyqırım" törətmək üçün istifadə etməkdə suçlamağa başlayıblar.