Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 10:12
Bir ay sonra Bakıda Olimpiya Stadionunda futbol üzrə 2018/2019-cu il mövsümü Avropanın Liqasının finalı olacaq. Bukmekerlər qabaqcadan bildirirlər ki, həlledici matçda meydana çıxacaq komandaların hər ikisi İngiltərə təmsilçisi olacaq- "Arsenal" və "Çelsi".
Qol.az xəbər verir ki, virtualaz.org saytı bu barədə yazı hazırlayıb.
Sayt qeyd edir ki, əgər bu proqnoz özünü doğrultsa, onda Bakının bir neçə günü Britaniyadan minlərlə tərəfdar üçün “Həcc yeri” olacaq. Azərbaycan paytaxtı Dumanlı Albiondan qonaqların belə axınından nə gözləyə bilər və ən vacibi, ona necə hazırlaşmaq lazımdır?
Dünya idman saytlarının yazdıqlarına görə, ingilis azarkeşləri həmişə komandalarının qarşılaşdığı şəhərlər üçün problemə çevrilirlər.
Britaniyalılar, onlar üçün sevimli pivədən sui-istifadə edib, hətta təcavüzkar ola bilərlər. Ancaq Britaniya hakimiyyəti, özünün bəzi vətəndaşlarının belə xüsusiyyətini bilərək, ən çılğın azarkeşləri artıq evdə neytrallaşdırmağı öyrənib – onları ölkədən sadəcə buraxmırlar.
Məsələn, hər hansı bir hadisədə adı keçmiş pərəstişkarlarının fan pasportlar (fan ID) əldə etmələrindən imtina kimi tədbirdən istifadə olunur.
Bununla belə, İngiltərədən gələn futbol azarkeşlərinin "xidməti siyahısı" olduqca ciddidir...
İngilis azarkeşləri axırıncı dəfə əsl talanı fransız şəhərlərində, 2016-cı ildə Fransada keçirilən Avropa Çempionatında təşkil ediblər. Bundan sonra Fransanın bəzi şəhərlərinin səlahiyyətliləri, oyunlar zamanı “quru qanun” tətbiq ediblər.
Ancaq, İngiltərə Futbol Assosiasiyasının və London Polis İdarəsinin birgə press-relizində britaniyalı azarkeşlərin alkoqolun təsiri altında stadionlarda və kənarda ictimai qaydanı pozduqlarını bəyan etmələrinə baxmayaraq, Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov bildirib ki, belə radikal tədbirlərdən istifadə olunmayacaq və yerli pivə zavodları tam gücü ilə fəaliyyət göstərəcəklər.
DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov
Bununla bərabər, Azərbaycan Daxili İşlər Nazirliyi oyundan əvvəl və sonrakı günlərdə şəhərdə ictimai asayişin təmin edilməsi və həm azarkeşlərin, həm də Bakının bütün qonaqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi rejimə keçəcək.
"Heç bir narahatlıq yoxdur. Bakı dəfələrlə dünya və Avropa miqyasında böyük tədbirlər keçirib və Azərbaycan polisi həmişə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib. Bütün vətəndaşlar, o cümlədən xarici dövlətlərin vətəndaşları Azərbaycan qanunlarına hörmət etməlidirlər və bizim polisimiz həmişə qanunçuluğun keşiyindədir", - deyə Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov qarşıdakı "İngilis işğalı" ilə bağlı daha az optimistdir.
Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların xarakterlərinə yaxşı bələd olan turizm üzrə mütəxəssis hesab edir ki, istənilən hadisələrin qarşısının düzgün, amma qətiyyətlə alınmasına hazırlaşmaq lazımdır.
N. Bağırov virtualaz.org-a bildirib ki, "İngilis tərəfdarları, əlbəttə ki, muzeylərə getməyəcək və Bakının görməli yerləri ilə tanış olmayacaqlar, ancaq restoranlar, pablar, gecə klubları dolu olacaq ki, bundan da hər şey gözləmək olar. Və biz paytaxtımızda ingilis azarkeşlərinin olmasının istənilən nəticələrinə hazır olmalıyıq".
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov
Yeri gəlmişkən, Böyük Britaniyanın Bakıdakı səfirliyi də həmvətənləri ilə görüşə hazırlaşır.
"Biz hamımız səbirsizliklə Avropa Liqasının finalını gözləyirik. Azərbaycan finala hazırlaşır, amma həm də azarkeşlərə hazır olmaq lazımdır. Biz onları, səfərlərini əvvəlcədən və müvafiq sığorta, etibarlı pasport, viza müraciətləri, təcili nömrələr və digər vacib məlumatları qaydaya salmaqla planlaşdırmağa çağırırıq”,- deyə səfirlikdən virtualaz.org-a bildiriblər.
Ancaq Bakıda komandaların nümayəndələri ilə ilkin görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı suala Böyük Britaniya səfirliyində cavab verməkdə çətinlik çəkiblər. Bununla belə, söz veriblər ki, hər hansı informasiya olan kimi, redaksiyamızı məlumatlandıracaqlar.