Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 15:45
Uzun zamandır ABŞ-da yaşayan reper Orxan Zeynallı 6 il aradan sonra Bakıda səhnəyə çıxacaq.
Sonxeber.net xəbər verir ki, keçmiş HOST qrupunun AİD ləqəbli üzvü ötən gecə "40-cı paralel" adlı konsert verəcəyini açıqlayıb.
20 noyabrda Elektra Events Hallda keçiriləcək tədbir türk müğənni Edisin rekordunu təzələyib. Belə ki, 12 saat ərzində konsertə 2500-dən çox bilet satılıb.
"6 il, 21 yeni mahnı, 7 yeni klipdən sonra nəhayət ki, gözlənilən gün gəldi çatdı. Mənim yaradıcılığım 2019-cu ildə "40-cı Paralel" mahnısı ilə "əvvəl" və "sonra"ya bölündü. Eyni adlı konsert isə ümid edirəm ki, həyatımın dönüş nöqtəsi olacaq - 15 illik musiqi karyeramın hesabatı. Bu yolda mənlə olan hər kəsə minnətdaram", - deyə, Orxan paylaşımında qeyd edib.
Qeyd edək ki, O.Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
O, "Hekayəm", "40-cı paralel", "Mavi qızılgüllər", "Karusel", "Yadımda deyilsən", "Bəlkə də nə vaxtsa" kimi hitlərin müəllifidir.