Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 21:36
Fransa inqilabının xadimlərindən olan Onore Qabriel Riketeyə məxsus "Ədalət topaldır" deyimini inqilabdan üç əsr sonra Azərbaycan olaraq daha açıq və ağrı ilə hiss edirik, həm də elə Fransanın timsalında.
Tarixin axışını dəyişən Fransa kimi bir ölkənin prezideti olan Emmanuel Makron ədalətin ayaqlarını sındıraraq, təkcə mənəvi yox, həm də fiziki baxımdan topal edib. Və əldəqayırma ədalətini bizə, bütün regiona və dünyaya sırımağa çalışır.
Ermənistanın maraqları naminə "vasitəçilik": Yelisey sarayının tələbi/təklifi/istəyi ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik etsin və bunu ermənilərin müdafiəsi məqsədilə etmək niyyətini gizlətmir belə.
- Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın müddətdə "vasitəçilik" adı altında Ermənistanın maraqlarını müdafiə etdi;
- "Vasitəçi" olmasına baxmayaraq, 44 günlük müharibədə açıq şəkildə işğalçı Ermənistanın tərəfini tutdu;
- Post-müharibə dövründə Ermənistanın müdafiəsi uğrunda "səlib yürüşü"ndən fərqlənməyən siyasət yürüdür;
Və Yelisey sarayını "Baqramyan 33"-ə çevirən, Praqada dördtərəfli görüşün tərəflərindən olmasına rəğmən görüşdən dərhal sonra "Ermənistanı tək qoymayacağıq" bəyanatını dünyaya car çəkən Makron Bakı-İrəvan münasibətlərində vasitəçilik etmək istəyir.
Absurd, həm də gülüş doğuran mövqedir. Çünki iki tərəf arasında bir tərəfin mövqeyini bu qədər açıq şəkildə dəstəkləyən üçüncü tərəfin həmin tərəflər arasında vasitəçiliyi, yaxud tərəflər arasında keçirilən görüşlərdə istənilən iştirakı nə normal məntiqə, nə də beynəlxalq siyasətin təcrübəsinə uyğun gəlmir. Buna rəğmən Fransanın "vasitəçilik" istəyi ikrah doğurmaqla yanaşı, suallar da yaradır: rəsmi Parisin tərəfkeşlik olan "vasitəçilik" təklifində israrı nəylə bağlıdır?!
Bu sualın cavabını iki kontekstdə axtarmaq mümkündür:
Birincisi, Fransanın keçmişi və "hegemonluq" iddialarıdır;
İkincisi, maraqları və bu maraqlarının təmin edilməsi naminə bütün vasitələrə əl atmaq vərdişidir;
Bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik etmək istəyi və bu istəyini "diktə etmək" cəhdi bir-birinə bağlı olan iki məqamdan qaynaqlanır. Onlar hesab edirlər ki, Cənubi Qafqaz da Afrikadır və qərəzli, ədalətsiz mövqe sərgiləsələr belə istəkləri qəbul edilməlidir.
Yaxın keçmiş üzərindən tarixə boylandıqda bu ölkənin münaqişələri "nizamlamaq", problemləri həll etmək cəhdlərinin real həll və sülhün yaradılmasına yox, maraqlarının təmin edilməsinə hesablandığını görmək mümkündür.
"Vasitəçilik = maraqlar": Fransa siyasətinin təməlində bu prinsip əsas götürülür.
Liviyada HİV işi
1998-ci ildə 6 əcnəbi tibb bacısı Benqazidəki Əl-Fatih Uşaq Xəstəxanasında epidemiyaya səbəb olan 400-dən çox uşağı qəsdən HİV-ə yoluxdurmaqda (uşaqların 56-sı öldü) ittiham olunurdular. Beynəlxalq gündəmin mövzusuna çevrilən bu məsələdə Fransa "vasitəçilik" etdi: tibb bacılarının ekstradisiyasına nail oldu və Liviyaya 168 milyon avro dəyərində silah-sursat satdı;
Ukraynadan Afrikaya uzanan "sülh missiyası"
2012-ci ildən sonra Fransa Ukrayna-Rusiya münaqişəsində vasitəçilərdən biri kimi aktiv rol oynamağa başladı. Hərçənd, bu vasitəçilik nə münaqişənin həllinə imkan yaratdı, nə də sülhü təmin etdi. Əvəzində Fransa bu prosesdən geosiyasətdə güclənmək naminə istifadə etdi.
2012-2016-cı illərdə Fransa "sülhü təmin etmək" adı ilə Maliyə (Serval əməliyyatı) və Mərkəzi Afrika Respublikasına (Sanqaris əməliyyatı) hərbi müdaxilə etdi. Nə sülh əldə edildi, nə də problemlər. Əvəzində Fransanın keçmiş "müstəmləkiçik siyasəti" Qitədə daha da gücləndi.
Makron sələflərinə rəhmət oxutdurur
2017-ci ildə hakimiyyətə gələn Emmanuel Makronun əsas istiqaməti də Afrikada təsir imkanlarını saxlamaq və münaqişələrdən qazanc əldə etmək olub. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlanmamışdan öncə Fransa "sülh naminə" vasitəçilik etmək cəhdlərinə baş vurdu və təbii ki, niyyəti enerji maraqlarından tutmuş Avropada "siyasi güc" olmağa qədər çoxsaylı hədəfinə nail olmaq idi. Makronun cəhdləri baş tutmadı, müharibə başladı, lakin müharibənin gedişində də Fransa Ukraynanın ərazilərini güzəştə getməsi hesabına olsa belə istəklərinə nail olmağa çalışır.
Və eyni siyasəti - "vasitəçilik = maraqlar" prinsipini Cənubi Qafqaza da transfer etməyə cəhd göstərir:
- Fransanın 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsi üzrə etdiyi "vasitəçilik" regiona sülhü yox, müharibəni gətirdi, çünki məqsədləri problemi həll etmək yox, Ermənistanın maraqlarını müdafiə etmək idi və işğalçı ölkə cəzasızlıq mühitindən yararlanaraq, işğala son qoymur, əksinə, Azərbaycana qarşı yeni işğal planları hazırlayırdı; nəticə etibarilə 44 günlük müharibə baş verdi, Azərbaycan Fransanın da iştirak etdiyi "vasitəçilik missiyası"nın edə bilmədiyini, etmək istəmədiyini həyata keçirdi - münaqişəyə son qoydu, torpaqlarını azad etdi;
- Müharibədən sonra Cənubi Qafqazda postmünaqişə reallıqları yaranıb və bu reallıq həm Ermənistanın, həm də ümumilikdə bölgənin gələcəyi üçün sülh, sabitlik, inkişaf vəd edir; diplomatik masada ciddi irəliləyişlərin əldə olunduğu vaxt Fransa peyda oldu, Ermənistanı verdiyi dəstək və vədlərlə post-münaqişə realllığından uzaqlaşdırmağa çalışır, bölgədə sülh və sabitlik üçün yaranmış fürsəti baltalayır, çünki öz maraqlarını təmin etmək niyyətindədir və maraqları naminə Cənubi Qafqazı yenidən "qan gölünə" çevirmək, yeni eskalasiya dalğasına sürükləməkdən çəkinmir;
Fransanın yaxın keçmişində münaqişələrin, problemlərin həllinə yanaşması və Makron hakimiyyətinin bu gün həyata keçirdiyi siyasət göstərir ki, bu ölkə heç bir bölgəyə sülhü, sabitliyi gətirməyib. Bunun üçün ən real nümunə Afrikadır və Fransa Cənubi Qafqazı da "Qara Qitə"nin vəziyyətinə salmaq niyyətindədir: Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması, sərhəddə yeni eskalasiyalar yaşanması, sülh gündəliyi və post-münaqişə reallıqlarının dağılması hesabına olsa belə istəyini əldə etmək;
Afrikada etdikləri kimi...
"Qara Qitə"nin qaranlıq keçmişi Fransanın gerçək tarixidir.
Əlcəzair soyqırımı: 1830-1962-ci illər ərzində Fransa işğalında olan Əlcəzairdə bütün təbii sərvətlər talan olundu, insanlar kölə olaraq satıldı. 1954-1962-ci illərdə Əlcəzairin müstəqillik müharibəsi soyqırımı ilə nəticələndi. Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirdi. Təkcə 1945-ci ilin 8 mayında Fransa ordusunun Setif, Quelma və Karatta bölgələrində nümayişlərə havadan və urudan hücumu nəticəsində 45 min insan öldürüldü. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb.
Əlcəzairin prezidenti Əbdülməcid Tebbun bildirir ki, "Fransa Əlcəzair xalqının yarısını məhv etdi".
Dövrün "La Croix" jurnalının müxbiri Jacques Duquesne yazırdı: "İşgəncələr, insanların yoxa çıxması əsas problem idi. Kişilər, bəzən də qadınlar həbs olunur, daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlər daş bağlanaraq dənizə atılırdı. Dənizə atılan belə cəsədlərin sayı 5 minə yaxın idi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu çəlləyə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı vəziyyətdə saxlanılırdı. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim".
Fransa bu gü belə qanlı əllərini Əlcəzairdən çəkmək istəmir.
Cibuti - "qanlı sıyıq": 1859-cu ildə Fransa ordusu Cobutinin Ubuk şəhərini ələ keçirdilər. Üç il davam edən işğalın sonunda - 1862-ci ildə Tecura sultanı Əhməd Əbu Bəkir Ubuk şəhərini 52 min frans müqavilində Fransaya təhvil verməyə məcbur edildi. Bu, başlanğıc idi və sonra illərdə bütün qəbilə başçıları fransız müstəmləkəsini qəbul etməyə məcbur edildi. Daha sonra müsəlma əhalinin zorla xristianlaşdırılması həyata keçirildi və bu proses "qanlı sıyığı" xatırladır: imtina edilənlər sorğusuz-sualsız məhv edilirdi.
İslama qarşı qətl: Fransa müstəmləkə qurduğu Afrikada yerli əhalinin dinini dəyişdirmək siyasəti həyata keçirirdi. Müsəlmanlar buna etiraz etdiyi üçün məhv edilirdi. 1917-ci ildə Fransanın bu siyasətinə qarşı böyük qiyam başlandı, lakin nəticə əldə edə bilmədilər. Fransa ordusu dəhşətli üsullarla qiyamı yatırdılar. Çadda baş verənlər də Fransanın qaranlıq tarixinin gerçək üzüdür. 1911-ci ildə Çadı işğal edən Fransa yerli əhalini dinini dəyişdirməyə məcbur edirdi.
Məcsidləri, mədrəsələri dağıdır, etiraz edənlər yerindəcə güllələnir, namaz qılanlar məhv edilir, İslama aid hər şey məhv edilirdi. İslam alimləri Fransa zülmündən xilas olmağın yollarını müzakirə etmək üçün Əbəsə şəhərində tədbir təşkil edirlər. 400 elm adamının iştirak etdiyi tədbir qətliam yuvasına çevrilir. Fransa ordusu salona daxil olaraq, 400 iştirakçının hamısını güllələyir.
Qul ticarəti: Fransanın Afrikadakı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri də insan alveri idi. 1939-cu ildə Qabon torpaqlarını portuqaliyalılardan satın alan Fransa Atlantik okeanın sahillərində qul bazarı yaratdılar: yerli əhalinin boğazına zəncir vurulur və bazarda satışa çıxarılırdı. Eyni qətliamlar Kamor adalarında da davam etdirildi. Müsəlman əhalinin dini məcburi dəyişdirilir, İslama aid bütün izlər məhv edilirdi.
1872-1954-cü illərdə Vyetnamda qətlə yetirilən 500 mindən çox insanın qatili də Fransadır.
XX əsrin sonu: Fransanın qətliamı davam edir
Ruanda soyqırımı: Mətbuatdan və yaxın tarixin sənədlərindən tez tez qabağımıza çıxan bu soyqırımın da baş memarı məhz Fransadır. Huti və tutsilər arasında davam dən münaqişə ölkədə vətəndaş müharibəsinə səbəb oldu. Fransanın dəstəklədiyi huti hakimiyyəti 1994-cü ilin 6 aprelindən 19 iyuluna qədər tutsiləri məhv etdi: bir milyona yaxın inan öldü, ölənlərin 70 faizi tutsilər idi, ölkə əhalisinin 20 faizi cəmi üç ay ərzində məhv edilmişdi.
Bu qətliamın arxasında Fransanın olduğuna dair kifayət qədər sənədlər var. Qətliamın başlanmasından bir neçə gün öncə Brundi dövlət başçısı huti və tutsi qəbilələri arasındakı etnik müharibənin arxasında Fransa və Belçikanın olduğunu açıqlanmışdı. Bu qarşıdurmaya son qoymaq üçün vasitəçilik edən Brundi dövlət başçısının olduğu təyyarə 1994-cü ilin 6 aprelində vuruldu və elə həmin gün qətliam başlandı.
Tarix və "Qara Qitə" Fransanı "Afrika qəssabı" adlandırır.
Və "Afrika qəssabı" bu gün Cənubi Qafqazda "sülhün, sabitliyin" əldə edilməsi üçün "vasitəçilik missiyası"na iddia edir, çünki maraqları var və maraqlarını təmin etmək üçün Ermənistanın maraqlarını açıq mətnlə müdafiə etməsinə rəğmən, Bakı-İrəvan münasibətlərində vasitəçiliyinin qəbul edilməsində israr edir. Çünki Fransa Cənubi Qafqazı da, elə bütün dünyanı da Afrika gözündə görür və hesab edir ki, hər kəs onunla hesablaşmalı, onun maraqlarını nəzərə almalıdır.
Hərçənd, 27 sentyabr 2020-ci il tarixindən sonra hər şey dəyişib, nə Azərbaycan əvvəlki ölkədir, nə də Cənubi Qafqaz Afrika. Fransanın Azərbaycana münasibətdə 30 ildir topal etdiyi ədalət bu müddət ərzində "yavaş-yavaş yeriyərək, gedəcəyi yerə çatıb". Fransanın qanlı vasitəçiliyi qəbul edilməyəcək...
Asif Nərimanlı