Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 22:32
Bu gündən Rusiya vətəndaşlarının turistik Şengen vizası ilə Çex Respublikasına girişinə rəsmi şəkildə qadağa qoyuldu.
Rusiyalılar turizm, idman və ya mədəniyyət məqsədi ilə Çexiyanın beynəlxalq hava limanından ölkəyə daxil ola bilməyəcəklər.
"Rusiya rejiminin mülki hədəfləri bombaladığı bir şəraitdə biz buna göz yuma bilmərik", - deyə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski bildirib.
Nazirin sözlərinə görə, Çex Respublikası səfərbərlikdən qaçaraq sığınacaq istəyən rusiyalılara da viza verməkdən imtina etməlidir. Lakin ölkə Prezidenti Miloş Zeman nazirin fikri ilə razılaşmayıb və həmin şəxslərin respublikanın təhlükəsizliyinə heç bir təhlükə törətmədiyini vurğulayıb.
Beləliklə, Çex Respublikası sərhədlərini Rusiya vətəndaşlarına bağlayan altıncı ölkə oldu. Xatırladaq ki, bundan əvvəl Latviya, Litva, Estoniya, Finlandiya və Polşa da sərhədlərini rusiyalılara bağlayıblar.
Bu ölkələrə yalnız qohumlarını ziyarət edən Rusiya vətəndaşları, habelə dissidentlər, yük maşını sürücüləri və diplomatlar daxil ola bilər. Bu ölkələrin hökumətləri humanitar əsaslarla ölkəyə giriş imkanını saxlayıblar. Lakin belə hallar fərdi formada nəzərdən keçiriləcək.