Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 13:39
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının gənc fəalları ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.
Yevlax rayon Mərkəzi Elektron Kitabxanada keçirilən görüşdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir: "Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir".
Baş nazirin müavini deyib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.
Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb.
YAP Sədrinin müavini söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin