Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allergiya xəstələri üçün hansı fəsil daha təhlükəlidir?

Allergiya xəstələri üçün hansı fəsil daha təhlükəlidir?

Tarix: 10 Noyabr 2022 22:03

Adətən klassik allergiya mövsümü yaz və yay aylarında havanın xoşagəlməz simptomlara səbəb olan tozcuqlarla dolu olması ilə əlaqələndirilir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib.

T.Pənahova qeyd edib ki, payız allergiya xəstələri üçün də az təhlükəli deyil:

"Payız aylarında allergiyaya meyilli insanlar tozdan başqa, bitki tozcukları və kifdən də narahat ola bilərlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər, lakin payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Kif göbələkləri mikroskopik hissəciklərlə təmsil olunur ki, bu da allergiyanın klassik simptomlarına səbəb olur. Belə ki, kif göbələklər rütübətli hava şəraitində, xüsusilə anbarlarda və ya zirzəmilərdə sürətlə çoxalır. Burada işıq çatışmazlığı kifləməyə optimal şərait yaradır.

İnsan öz evində də kif göbələklərlə təmasdan sığortalanmayıb. Şüşələnmiş lojiyalar, hamam və zəif havalandırılan otaqlar - bütün bunlar təhlükəli kif göbələklərinin riskini xeyli artırır.

Kif göbələklərinin səbəb olduğu payız allergiyası adətən tənəffüs problemləri ilə özünü göstərir. Simptomatika fitverici tənəffüs, öskürək, boğulma və rinoreya ilə burun nəfəsinin pozulması kimi özünü göstərə bilər.

Ən pisi isə odur ki, insanda kif allergiyasının olması adətən astmanın kəskinləşməsinə səbəb ola bilər. Payız allergiyası çöl çiçəkləri və digər bitkilər - çiçəkləyən çınqıl, ambroziya, gicitkən, bağayarpağı da səbəb ola bilər. Allergiya xəstələri üçün ən təhlükəli ambroziya hesab olunur.

Bundan əlavə, bəzi qidalar da payız aylarında daha çox allergiya səbəb ola bilər. Bunlar sitrus meyvələri (naringi, limon, portağal, qreyfrut), feyxoa, kivi, ananas, qırmızı alma, üzümdür. Tərəvəzlərdən isə pomidor və bibəri qeyd edə bilərik.

Bu qidalar yüksək allergen məhsullar hesab olunur. Mövsümdən asılı olmayaraq, qida allergiyasını inək südü, toyuq yumurtası, balıq və dəniz məhsulları, qoz, fındıq, badam, püstə, keşyu və digər çərəzlər, bal, göbələk, şokolad, buğda, soya, yerkökü, banan, turşu və ya konservləşdirilmiş məhsullar yarada bilər. Qida məhsullarına səbəb olan payız allergiyası adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir".

"Allergiya orqanizmin xarici və daxili qıcıqlayıcı amillərə qarşı cavab reaksiyasıdır. Allergiyalı xəstələr stresə daha çox həssasdırlar. Stres immunitet sistemini aktivləşdirə və ya aşağı sala bilər. Eyni zamanda, allergiyanın səbəbləri hələ də tibb elmi tərəfindən tam öyrənilməyib. İmmunitetin zəifləməsi mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar ola bilər. Ona görə də son vaxtlar "sinir allergiyası" diaqnozu qoyulur. Allergiyanın intensivliyi insanın emosional və psixi sabitliyindən asılıdır", - nazirlik rəsmisi qeyd edib.


Etiketlər:  Allergiya xəstələri üçün hansı fəsil daha təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ