Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 10:54
Elşad Həsənov: "Nikolun belə pozitiv açıqlamalarla çıxış etməsinə təsir edən qüvvələr var"
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, beynəlxalq birlik və o cümlədən Ermənistan "Dağlıq Qarabağ"ı Azərbaycanın tərkib hissəsi kimi tanıyır:
"Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb. 2007-ci ildə tanıyıb. Bunu nə qədər söyləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, ya yox".
Daha sonra Paşinyan bunları qeyd edib: "Bəlkə bütün problemlərimiz ondan irəli gəlir ki, biz bunu görmürük. Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və illüziyalara qapılmaq lazım deyil. Bu vəziyyətdə biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq və apara bilmərik. Öz etdiklərimizlə qarşı-qarşıya durmalıyıq. Nəticədə problemi necə həll edəcəyimizlə bağlı aydın, həyata keçirilə bilən proqrama malik olmalıyıq. Nə qədər ağrılı və çətin olsa da, biz bu reallıqla üzləşməliyik".
Görünən odur ki, Paşinyan hər dəfə bir cür açıqlama verir. Gah deyir ki, Qarabağdakı ermənilər öz müqəddəratını müəyyən etməlidir, gah da deyir dünyada Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
"Keçirilən görüşlərdə "Dağlıq Qarabağ", "status" ifadələrinin işlədilməməsi artıq yeni reallığın başlanğıcı idi"
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, bütün bunlar onu göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra aparılan danışıqlar getdikcə öz nəticəsini verməyə başlayır: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı, vasitəçiliyi ilə keçirilən görüşlərdə "Dağlıq Qarabağ", "status" ifadələri işlədilmədi. Bu, artıq yeni reallığın başlanğıcı idi. Zaman keçdikcə Paşinyan və onun komandası bu reallığı anlayır. Bundan başqa, Fransa prezidenti Emmanuel Makronun da iştirakı ilə Praqada keçirilən dördtərəfli görüşdə qəbil olunan bəyanatda tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaları qeyd olunub. Bu, Azərbaycanın irəli sürdüyü 5 prinsipdən biridir. Həmçinin, son zamanlar ortaya atılan Vaşinqton variantı da bu prinsiplərə əsaslanır. Bu o deməkdir ki, bunu Avropa İttifaqı, ABŞ həm qəbul edir, həm də dəstəkləyir. Oktyabrın 31-də keçirilən Soçi görüşündə də qəbul olunan bəyanatda Dağlıq Qarabağın adı çəkilmir. Paşinyan özü də görüşdən sonra erməni mətbuatına verdiyi açıqlamada Azərbaycanın müəyyən bəndlərin çıxarılmasına nail olduğunu etiraf etdi. Üstəlik, Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Prezident İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi həll olunub. Bütün bunlardan sonra Paşinyan anlayır ki, başqa yol yoxdur. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bununla belə, 30 illik münaqişə dövründə Ermənistan separatçı qurumu müstəqil tərəf kimi tanımağa cəsarət etmədi. Bütün beynəlxalq bəyanatlarda göstərilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Digər tərəfdən, Paşinyanın belə pozitiv açıqlamalarla çıxış etməsinə təsir edən qüvvələr də var. Məsələ ondadır ki, Soçi görüşündən sonra Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Görüşdə müəyyən məsələlər müzakirə edildi. Əsas məsələ o idi ki, Vaşinqton variantı əsasında sülh müqaviləsi imzalansın. Bütün bunlardan sonra dalana dirənən Paşinyan növbəti dəfə belə açıqlamalarla çıxış etmək məcburiyyətində qalıb".
Siyasi ekspert onu da əlavə etdi ki, Ermənistan yeni reallıqlara uyğun konkret addımlar atmalıdır.