Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 23:28
Son dövrlər estetik əməliyyatlara, kosmetoloji prosedurlara müraciət edənlərin sayı çoxalıb. Kimi buna həqiqətən ehtiyac olduğu halda üz tutursa, kimi də əksinə, lazım oldu, ya olmadı tez-tez kosmetoloqların, estetik cərrahların qapısını döyür. Bu zaman isə belə bir sual ortaya çıxır: bu prosedurlar asılılıq yaradırmı?
Sonxeber.net xəbər verir ki, bizim.media-nın sualını cavablandıran psixoloq Fərqanə Mehmanqızı deyib ki, ümumilikdə, psixohəssas insanlara hər şey müəyyən qədər təsir edə bilir:
"İnsanın həyat tərzindən, xarakterindən asılı olaraq digər şeylər kimi estetik əməliyyatların, kosmetoloji prosedurların da qalıcı travmalar yaradıb-yaratmaması məsələsi var. Kənardan eşitdiyi xoş sözlərdən, təriflərdən asılı olan, özgüvəni aşağı insanlar belə prosedurlardan daha çox asılı hala düşürlər.
İnsan özündə nəyisə bəyənmirsə, onu narahat edən, qüsur bildiyi bir şey varsa, bunu kosmetoloji prosedurlar, estetik əməliyyatlarla həll edə bilirsə və bu, onda asılılıq yaratmırsa, normaldır. Lakin insan daxilindəki əzik məni korreksiya edib sağaltmaqdansa, xarici mənə müdaxilələr etməklə süni gözəllik yaradaraq tərif eşitmək istəyirsə, bu, asılılıqdır".
Psixoloq bildirib ki, insan mənəvi aclıq yaşadığı zaman xarici görünüşünə önəm verməyə başlayır:
"Yaxşı bir fikir var: "Həyatda yalnız gözəl olmağı bacaran qadınlardan bədbəxti yoxdur. Təbii ki, insanın mənəvi aləmi tox, xarici görünüşü ürəyincə olanda bu, ahəng yaradır. İnsan özünü harmoniyada hiss edir. Lakin şəxsin öz məni ilə, cəmiyyətə bəlli olan məni arasında uçurum varsa, bu, travma şəklində özünü büruzə verir".
"Özünü barbi "kukla"sına, cizgi film və başqa real olmayan qəhrəmanlara bənzətmək üçün estetik əməliyyatlar etmiş insanlar var. Onlar mənən o qədər acdırlar ki, özlərini həmin obrazlara bənzətməklə sanki onlara sevgilərini özlərinə qarşı hiss edir və mənəvi aclıqlarını doydurmağa çalışırlar.
Lakin özləri ilə tək qaldıqlarında bu aclığın əlində qalırlar. Bu, onları narahat edir və növbəti estetik əməliyyatlara üz tuturlar. Bu gün bunun artmasının səbəbi də mənəvi ac insanların, travmalı adamların çox olmasına görədir", - deyə psixoloq fikrini yekunlaşdırıb.