Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət! Aritmiya ölümlə nəticələnə bilər

Diqqət! Aritmiya ölümlə nəticələnə bilər

Tarix: 24 Dekabr 2022 21:45

Aritmiya ürək döyüntülərinin, vurğularının ritminin dəyişməsi, requlyarlığının pozulmasıdır. Aritmiyaların çox növü var.

Həyati təhlükəsiz aritmiyalarla yanaşı, həyat üçün ciddi təhlükələr törədən, ani ölümlərə səbəb olan aritmiyalar da mövcuddur. Aritmiyalar ürəkdə əsasən döyüntü, çırpıntı şəklində hiss edilir, sanki ürək çalxalanır. Bununla yanaşı, nəbzdə ürək döyüntülərinin requlyarlığının pozulması, arada nəbzin itməsi kimi hiss oluna bilər.

Aritmiyalar anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə aritmiyalar anadangəlmə ürək problemləri fonunda yaranır. Yaşa görə də aritmiya növləri dəyişir.

Gənc yaşlarda daha çox sadə aritmiyalara rast gəlinir. Buna tibdə ekstrasistoliya deyilir. Bəzən də irsi faktorlardan qaynaqlanan çox ciddi aritmiyalar meydana gəlir. Belə ki, uzun Kute sindromu, qısa Kute sindromu, Bruqada sindromu kimi xəstəliklərin yaratdığı aritmiyalar, ani mədəcik aritmiyaları ani ölümlərə səbəb olur.

Yaşlılarda daha çox təzyiqin, şəkərin, ürək-damar xəstəliklərinin əmələ gətirdiyi aritmiyalar qeydə alınır. Bu zaman da aritmiyanın yaranma səbəbini öyrənmək və ona uyğun müalicə təyin etmək lazımdır.

Saglamolun.az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Klinikanın invaziv kardioloqu Oqtay Musayev məlumat verib.

Mütəxəssis bildirib ki, aritmiyanı müəyyən etmək üçün ən sadə üsul elektrokardioqraf ilə müayinədir: "Bəzən aritmiya olur və keçir, elektrokardioqramada aşkarlanmır. Lakin xəstənin şikayətləri aritmiya şübhəsi yaradırsa, aritmiyanı dəqiq müəyyənləşdirmək üçün Holter elektrokardioqrafiya adlanan, 24-48 saat ərzində ürək vurğularının qeydiyyatını aparan müayinə üsullarından istifadə olunur.Bu üsulla xəstə yatarkən belə onda baş verən aritmiyaları müəyyən etmək mümkündür. Həmin üsullarla 60 faiz hallarda aritmiyalara diaqnoz qoyula bilər.

Daha az rast gəlinən, tutma şəklində olan aritmiyaları luprukordor çip vasitəsilə müəyyən etmək olur. Həmin çip dəri altında yerləşdirilir. Onun vasitəsilə həftələrlə, aylarla xəstənin ürək döyüntülərini izləyib aritmiyanın olub-olmadığını müəyyənləşdirə bilərik. Sadə elektrokardioqrama ilə irsi anadangəlmə aritmiyaya səbəb olan xəstəlikləri müəyyən edə bilərik.

Exokardioqrafiya müayinəsi vasitəsilə ürəkdəki əzələ toxumasında olan hipertrofiyaları, ürək, əzələ və qapaq xəstəliklərini müəyyən edib, onun yarada biləcəyi aritmiyaları dəqiqləşdirə bilərik.

Müəyyən edilə bilməyən aritmiyanın növünü, yaranma yerini, çıxış səbəbini elektrofizioloji üsulla öyrənib onun qarşısını almaq mümkündür. Son vaxtlarda energetik içkilərin, xüsusilə uşaqlarda və yeniyetmələr arasında həddindən artıq istifadəsi çox ciddi aritmiyalara səbəb ola bilir. Həmin aritmiyalar zamanı ürək anidən dayana bilər. Ümumiyyətlə, energetik içkilərin 18 yaşadək içilməsi məsləhət deyil. Təsadüfi deyil ki, bir çox Avropa ölkələrində həmin içkilərin gənclərə və uşaqlara satışı qadağan edilib. Bəzi ölkələrdə ümumiyyətlə onların istifadəsinin qadağan olunması həyata keçiriləcək".

İnvaziv kardioloq bildirib ki, ürək xəstəlikləri daha çox kişilərdə rast gəlinsə də, aritmiya əksər hallarda qadınlarda qeydə alınır. Xoşxassəli, yəni sadə aritmiyalar qadınlarda, bədxassəlilər isə kişilərdə müşahidə olunur.

Xoşxassəli aritmiyada arabir nəbz itir, ürək vurur, arada dayanır. Bədxassəli aritmiya isə ciddi, təhlükəli və tutma şəklində olur. Ürək sanki yerindən çıxacaqmış kimi sürətlə döyünür. Qan dövranı, ürəyin fəaliyyəti pozulur. Vaxtında müdaxilə edilmədikdə ürək dayanır və ani ölümlərə səbəb olur.

Əksər hallarda energetik içkilər və narkotik vasitələr belə aritmiyaların yaranma səbəbidir. Ani ölümlərin əksər hissəsi irsi bədxassəli aritmiya zamanı yaranır. Bəzən yuxuda olarkən insanın infarkt keçirməsi ürəyi dayandıran aritmiyaya səbəb olur.

İdmançılarda rast gəlinən aritmiyalar xüsusi bir qrupdur. Professional idmanın özünün yaratdığı aritmiyalar var. Bununla yanaşı, aritmik problemi olan insanlar çox ciddi fiziki yük aldıqda, yoxlanmadan idmanla məşğul olduqda onlarda ani ölümlər qeydə alına bilər. Ümumiyyətlə, hər yaş dövrünün özünəməxsus aritmiyaları var. Lakin bütün həyat boyu rast gəlinən aritmiyalar da mövcuddur. Əksər aritmiyalar yaşlandıqdan sonra üzə çıxır".

O.Musayev bildirib ki, ən ağır aritmiyalar belə sağalandır. Bunun üçün vaxtında müalicə olunmaq mütləqdir.


Etiketlər:  Diqqət Aritmiya ölümlə nəticələnə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ