Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...” - FOTOlar

“Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...” - FOTOlar

Tarix: 19 Yanvar 2023 16:50

"Dilarə Əliyeva, Tünzalə Əliyeva və mən Ülviyyə Əliyeva birlikdə çalışdığımız vaxtlar bizi hamı bacı bilirdi. Bioloji bacı olmasaq da bacılıq bağımız var. Allah Tünzaləyə də, Dilarə xanıma da can sağlığı versin. Tamaşaçılar bizi o qədər çox istəyirdilər ki, layihə bitəndən sonra şayələr yayıldı ki, guya biz bir-birimizlə danışmırıq. Heç vaxt küsülü olmamışıq. Hələ də münasibətimiz gözəldir. Dilarə xanım Tünzalə ilə birlikdə veriliş aparırsa, o demək deyil ki, mənimlə küsülüdürlər?! Tünzalə xəstəlikdən əziyyət çəkir. Hər dəfə onu görəndə deyirəm ki, Tünzalə, Allah sənə can sağlığı versin, o gün olsun qızının xınayaxdı mərasimini özün aparasan".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva deyib. Aktrisa xalq artisti Afaq Bəşirqızının rolunu ifa etməsindən də danışıb.

"Mən Afaq xanıma can sağlığı arzu edirəm. Allah onu səhnəmizdən əskik etməsin. Hər bir teatrda ağbirçək, ağsaqqal mütləq olmalıdır. Afaq xanım səhhəti ilə bağlı bir müddət teatrdan uzaqlaşanda onun "Mən dəyərəm min cavana" tamaşasındakı rolunu mənə həvalə etdilər. Sözün düzü bu böyük məsuliyyət idi. Bu məsuliyyətin altına girmək istəmirdim. Dedim ki, Afaq xanım mənim müəllimimdir, ondan sonra bu rolu oynamaram. Afaq xanıma zəng edəndə dedi ki, mən o rolu sənə verirəm. Ondan halallıq alaraq bu obrazı oynadım. Deyilənə görə yaxşı da alınmışdı. Afaq xanım səhnədə bizim üçün bir məktəbdir. Amma elə tamaşalar var ki, mən orada oynamaram. "Bankir adaxlı" tamaşasındakı rolu Afaq xanımdan sonra qətiyyən oynamaq düzgün deyil, çünki o möhür vurub" deyə aktrisa bildirib.

Aktrisa çəkilişlərdə yaşadığı çətinliklərdən də danışıb.

"O vaxt "Zəhmətkeş ulduzlar" adlı verilişin aparıcılığını edirdim. Bu veriliş bölgələrimizdə çəkilirdi. Başımıza gəlməyən hadisələr qalmayıb. Elə vaxt olurdu ki, qarşı tərəfdən gələn avtomobil sürücüsü yuxulu olurdu, az qalırdı ki, üstümüzə sürsün. Sağ olsun peşəkar sürücülərimiz bizi bu təhlükələrdən qurtarıb. Elə vaxt olub ki, ilan yanımdan keçib, bilməmişəm. Çəkiliş vaxtı mənə deməyib, çünki bilir ki, ilandan bərk qorxuram. Çəkilişdən sonra deyib ki, Ülviyyə, yanında ilan var idi" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Afaq xanımdan halallıq alandan sonra bunu etdim əvvəlcə etiraz edirdim FOTOlar


RƏYLƏR