Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

11 il əvvəlki “Qarabağa əsgər göndərmə” çağırışı və Kərkinin işğal günü Azərbaycana vurulan “təcavüzkar” damğası

11 il əvvəlki “Qarabağa əsgər göndərmə” çağırışı və Kərkinin işğal günü Azərbaycana vurulan “təcavüzkar” damğası

Tarix: 20 Yanvar 2023 07:21

Milli.Az musavat.com-a istinadən yazını təqdim edir.

Sosial medianı, mətbuatı izləyirəm, cəmiyyətin siyasətlə məşğul olan kəsimi əsəbidir. Fərqi yoxdur rəsmi, ya qeyri-rəsmilərimiz, hər kəs Avropa Parlamenti adlı özünü ilbəil gülünc günə qoymaqda davam edən Avropanın aparıcı təsisatlarından birinə "dişinin dibindən çıxanı" deyir, haqlı olaraq. Hələ az deyirik, etik qaydaları gözləyirik, söz azadlığının sərhədlərini keçmirik, çünki özümüzə hörmət edirik...

Amma Avropa Parlamenti adında gurultulu adın çətiri altında toplaşan həmin 407 deputat nə özünə hörmət qoydu, nə təmsil olunduqları dövlətə, nə də Avropa Parlamentinə. Əks təqdirdə belə gülünc qətnaməyə səs verməzdilər. Adam erməni konyakından məst olanda nə olar, heç olmasa səs verəndə açıb o qətnaməni oxumazmı ki, görüm içərisində nə yazılıb?

Əslində keçən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsindən sonra Avropa Parlamenti gərək özünü buraxaydı, bu cür beynəlxalq skandaldan sonra gərək ki, dili olmayaydı danışsın. Xüsusən də Azərbaycan kimi, tarixən haqlıslıq, ikili standartlarla üzləşmiş, xalqı əziyyətlər çəkmiş, sərvətləri talanmış, ərazisi işğal olunmuş, kəsəsi ZƏRƏRÇƏKƏN DÖVLƏT VƏ XALQA münasibətdə diqqətli, ehtiyatlı olmalıydı! Amma əksini müşahidə etdik, irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanındı bu qurum. Görünür şantaj etməkdə "baş kəsib, ad qazanmış" erməni diasporu arvopalı deputatları da diligödək etməyi bacarıb. Konkretləşdirsək, "biz deyəni etməsəniz, biz istəyənə səs verməsəniz, içirdiyimiz konyakı, aldığınız pulları gözünüzdən və burnunuzdan gətirəcəyik"- şəklində. Yoxsa hansı ağlı başında olan deputat beynəlxalq hüquqla öz torpaqlarını azad etdiyi halda, ona "təcavüzkar" damğası vurardı?

Təsəvvür edin ki, ermənilər və onların havadarları illər boyu Azərbaycanı "kürü diplomatiyası" və digər məsələlərdə ittiham edirdilər, guya bizim deputatlar avropalı deputatları ələ alır, daha nələr. Amma qəbul edilən saxta qətnamələr kimin kimləri ələ aldığını, hətta qucağında oturtduğunu ortaya çıxartdı. Qeyd etdik axı, ermənilər şantajda ustadırlar, Xocalıda soyqırım törətdiyi halda, Azərbaycanı soyqırımda, torpaqlarımızı 30 il işğalda saxladığı halda bizi "işğal"da suçlayanlardan nə desən, gözləmək olar, eləcə də onların havadarlarından...

Düzdür, belə bir münasibət bizimçün yenilik deyil, Avropa Parlamenti əvvəllər də özünün gerçək sifətini göstərib. Qarabağın işğalda olduğu 30 il ərzində bu qurumun mandatını daşıyan deputatlar azmı olub Xankəndiyə gəlib, burdakı erməni separatçılarla qol-boyun olublar? Kifayət qədər. Donuz ətindən yeyib, tut arağından içib, məst olduqdan sonra geri dönüblər, cibləri dolu. Azərbaycanın talanan sərvətlərindən onlara da pay düşürdü axı. Elə onları qəzəbləndirən budur ki, Azərbaycanın ekofəalları Laçın yolunu bağlayıb, Ağdərə qızılını çapıb-talamaq çətinləşib, onların da bir qisminin "yal"ı kəsilib. Görmədikmi, Qarabağı talayan şirkətlərin ipi hansı ölkələrin əlindədir? Siyahıda neçə-neçə Avropa ölkəsi var. Haqqdan, ədalətdən, düzlükdən dəm vuran, illərdir zəhləmizi tökən əclaflar! Görəsən bircəciyi osetin separatçıları, ya abxazlar, yaxud donbaslılarla işbirliyinə gediblərmi? Onlardan söhbət düşəndə deyirlər separatçıdırlar, Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə qəsd ediblər, işağlçı qoşunlar dərhal çıxarılmalıdır! Azərbaycanın Qarabağ bölgəsini, Xankədini 30 ildən artıqdır qan çanağına döndərənlərə isə tamam başqa münasibət olub və bu münasibət davam edir! Baxmayaraq ki, Qarabağ separatçıları vaxtaşırı Rusiya bayrağı qaldırır, hətta "rus icması" yaradır, Rusiyaya "birləşmək" təklifləri səsləndirir, Ukraynadakı separatçılara yardım belə göndərir, üstəlik Rusiya Vardanyan adlı avantüristin üzərində ssenari hazırlayıb, yenə də "Rusiyanın düşməni" olan Avropa Parlamenti Qarabağ separatçılarının, işğalçı Ermənistanın yanında olduğunu bəyan edir.

44 günlük müharibədən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər vətəndaşımız həlak olub və ya ağır xəsarətlər alıb. Elə sonuncu hadisə keçən həftə baş verdi, azərbaycanlı çoban minanın qurbanı oldu. Bu hadisələr nədən baş verir? 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması səbəbindən! Amma Avropa Parlamenti azərbaycanlıların fəlakətini görməzdən gələrək bir ovuc Qarabağ ermənisinin guya "blokada"da qaldığını abırsızcasına bəyan edir. Azərbaycan ekofəallarının aksiyasına qarşı çıxmaq həm də o deməkdir ki, Avropa Parlamenti Laçın yolu ilə Ermənistan istehsalı olan minaların daşınmasını, bu bölgəyə hərbçilərin, silah-sursatın gətirilməsini, hətta iranlı terrorçuların da Qarabağa axınının tərəfdarıdır! Yaxud Azərbaycanın işğaldan azad edilməmiş 8 kəndinin əhalisi qədər Qarabağ ermənisinin qayğısına qalan avropalı deputatlar 30 ildən çoxdur Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun - Zəngəzur dəhlizinin açılmamasının səbəbini Ermənistandan soruşmurlar? Naxçıvanın 400 minlik əhalisinin 32 illlik blokada həyatı niyə Avropa Parlamentinin yadına düşmür?!

Baxıram ki, bir sıra həmkarlar, ekspertlər Avropa Parlamentinin 18 yanvar 2023-cü il tarixli qətnaməsindən bəhs edərkən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edirlər. Hesab olunur ki, öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanı absurd şəkildə "Ermənistana təcavüzdə" ittiham etmək ədalətsiz yanaşmadır, beynəlxalq prinsiplərə həqarətdir, yaxud BMT qətnamələrini görməzdən gəlməkdir. Dostlar, erməni konyakı və erməni pulları Avropa Parlamentindəki simasızların gözlərini elə tutub, yaddaşlarını elə pozub ki, onlar hətta öz qəbul etdiklərini unudublar. Yox, Avrparlamentin "Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər" adlı 20 may 2021-ci il tarixçi qətnaməsini nəzərdə tutmuram, bu, yeni "sənəd"dir və çox güman ki, 18 yanvar qətnaməsinin qəbulunda da həmin rəzalət dolu qətnamənin rolu az olmayıb. Çünki o zaman qəbul olunan sənəd də başdan-ayağa Azərbaycanı ittiham ruhunda yazılmışdı, ölkəmiz 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının imzalanmasından bir ay sonra Ermənistandan göndərilən terrorçu qrupun Hadrutda zərərsizləşdirilməsi zamanı həbs edilən qaniçənlərin "dərhal" azad edilməsi, Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın ittiham edilməsi əksini tapmışdı həmin erməni layihəsində...Özü də 663 deputat "uf" demədən bu, sərsəm qətnaməyə səs vermişdilər!

Məsələ burasındadır ki, Avropa Parlamenti də tarixində bircə dəfə Azərbaycana qarşı normal münasibət sərgilməyə cəhd göstərib və 2012-ci ilin 19 aprelində bu təşkilat Ermənistanın Qarabağı işğal etdiyini yumşaq formada da olsa qəbul etdiyi qətnamədə qeyd etmişdi. Üstəlik, rəsmi İrəvana açıq çağırış edilmişdi: xidmət keçmək üçün əsgərlərinizi Dağlıq Qarabağa göndərməyi dayandırın! Bəli, avropalı deputatlar bunu unuda bilərlər, amma biz unutmamışıq! Ermənistan Avropa Parlamentinin üzünə tüpürdü həmin qətnaməyə məhəl qoymamaqla! Məntiqi nəticəsi nə olmalı idi? Ermənistana qarşı sanksiya tətbiqi eləmi? Amma o qətnamədən 8 il keçəndən sonra Azərbaycan ordusu Qarabağı azad etməklə, üstəlik Qarabağa əsgər göndərilməsinin qarşısını kəsməklə həm də Avropa Parlamentinin qətnaməsinin icrasına qismən nail oldu. Avropa Parlamentinin ermənisifət deputatlarında azca da olsa, ədalət hissi, hicdan olsaydı, Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlı dəstələrin, terrorçuların çıxarılmaması, 10 noyabr 2020-ci il razılaşmasının icra olunmaması barədə məsələ qaldırardılar. Düzdür, üçtərəfli bəyannamənin icra olunmadığını qətnaməyə də əlavə ediblər, amma həyasızcasına qeyd ediblər ki, öhdəliyini yerinə yetirməyən Azərbaycandır! Bununla da Avropa Parlamentinin tarixinə silinməz ləkə yaxdılar. Nə zamansa Avropa Parlamentinin tarixini araşdıran ədalətli şəxslər ortaya çıxacaq, arxiv sənədlərini incələyəndə Avropa Parlamentinin 2012-ci il 19 aprel - Ermənistanı işğalçı adlandıran və Azərbaycan ərazilərinə qanunsuz əsgər göndərilməsini pisləyən qətnaməsi ilə 2023-cü il - Azərbaycanı "işğalçı" adlandıran qətnaməsi arasında müqayisəli təhlil aparacaq. Bax onda "tfu, sizin üzünüzə" deyən ədalətli insanlar tapılacaq, özü də avropalılar, bir azərbaycanlı kimi buna ümidimi itirməmişəm.

Avropa Parlamentinin son qətnaməsi boş bir kağız parçasıdır heç şübhəsiz. Vaxtilə Ermənistan bu qurumun "Qarabağa əsgər göndərmə" çağırışına məhəl qoymadısa, üstəlik, Anna-Nikol cütlüyü oğlu Aşotu da Qarabağa xidmətə yolladısa, Avropa Parlamentini saya salmadısa, biz, Qalib Azərbaycan vətəndaşı bu qurumun qəbul etdiklərinə ciddi yanaşmalıyıq? Ona sənəd deməy də adamın dili gəlmir, sadəcə utanc gətirən kağız parçası! Təəssüf ki. Avropa dəyərləri və sair bu kimi gəlişigözəl ifadələri də urvatsız etdilər belə simasızlıqları ilə! Ümid edirik ki, əleyhinə səs verən 92 nəfər və bitərəf qalan 142 nəfər də utanırlar. Amma artıq bu, qara ləkə Avroparlamentin tarixinə yazıldı.

Üstəlik, Avropa Parlamenti Azərbaycanı "işğal"da suçlayan bu qətnaməni...Sədərək rayonunun Kərki kəndinin işğal olunduğu gün (!!!) qəbul etdi. Bəlkə də təsadüfdür, onların yadına da düşməz Kərki. Amma həm də gələcəkdə həmin saxta sənədə səs verənlərin üzünə tüpürülməsi üçün daha çox əsas yarada biləcək bir təsadüfdür, bəlkə də zərurətdir. Təsəvvür edin, Azərbaycanın 33 il əvvəl - bir qərinəlik tarix - erməni quldurları tərəfindən işğal edilmiş, qaçqın əhalisinin sayı 1000 nəfəri keçən kəndə Avropa Parlamentinin "müjdə"si belə oldu. Normalda beynəlxalq təşkilat Ermənistana çağırış etməli idi: Azərbaycanın Kərki kəndini işğaldan azad et! Yaxud Azərbaycanın Qazax rayonunun Bağanis Ayrım (1990-cı ilin 24 martından işğalda), Barxudarlı, Sofulu (1992-ci ilin 23 aprelindən), həmçinin 30 ildən çoxdur düşmən tapdağında Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərinin 10 noyabr 2020-ci il anlaşmasına uyğun şəkildə azad edilməsi istiqamətində heç olmasa kağız parçası qəbul oluna bilərdi. Etmə(z)dilər! Son qətnamə ilə də növbəti dəfə gerçək simalarını göstərmiş oldular. Tanımayanlar tanısınlar, uşaq qatilləri ilə bir cərgədə dayananlar onlardır - 407 nəfər!

Milli.Az


Etiketlər:  11 il əvvəlki Qarabağa əsgər göndərmə çağırışı Kərkinin işğal günü Azərbaycana vurulan təcavüzkar damğası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ