Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 17:45
"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkimlər onun bir aya yatağında oturacağını, sağalacağını deyirdilər. Onun danışığı da yaxşı idi. Sonradan isə onun danışığında problemlər yarandı. Lakin həkimlər hər şeyin yaxşı olacağına vəd edirdilər. Bu beş ayı onun yanında, xəstəxanada idim. Gecələr də onunla birgə xəstəxanada qalırdım. Çünki o gecələr tək qalmaqdan qorxurdu".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri ötən il dekabrın 29-da həyat yoldaşı Röya Zeynallını itirən Xalq artisti Cavan Zeynallı "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib.
77 yaşlı sənətkar bildirib ki, aylar əvvəl Bakıdakı həkimlər xanımının sağalacağını vəd etsələr də, lakin Röya xanım dünyasını dəyişib:
"Bakıdaki həkimlərin dediklərinə inandıq. Mən də xanımımın yaxşı olacağını gözləyirdim. Röya xanımı Türkiyəyə müalicə üçün apara bilmədim. Çünki orada müalicələr və xəstəxanalar çox bahalıdır. Bunun üçünsə sponsor tapmaq lazım idi. Sponsor tapmaq isə mənlik deyil.
Müğənnilərə fikrininz getməsin. Onlar oyana-buyana gedib sponsor tapa bilirlər. Mən isə utanıram sponsor axtarıb, tapmağa. Röya xanım 69 yaşında dünyasını dəyişdi. Depressiyaya düşdüm. Necə olmalıyam ki? (ağlayır) Röya xanım sevimli, qayğıkeş, ağıllı gözəl insan idi.
Onun sözlərinə mahnı yazmışdım. Hərdən o nəğməni ifa edirdim. Röya xanım çox utancaq bir insan idi. Deyirdi, heç kimə söyləmə ki, bu mahnının sözlərini mən yazmışam. Bunu axı necə deməyim? Fəxr edirəm ki, onun sözlərinə mahnı yazıb, oxumuşam".
C.Zeynallının sözlərinə görə, onlar övlad sahibi olmaq istəsələrdə, lakin xanımında olan problem cütlüyün bu arzusunu ürəyində qoyub:
"Övladımızda olmadı. Belə oldu, nə edək? Bu Allahın bir işidir. Çox istəyirdim ki, övladımız olsun. Amma problem vardı. Problem isə Röya xanımda idi".
Xalq artisti mərhum həyat yoldaşının 40 mərasiminin Qusarda fevralın altısında baş tutacağını açıqlayıb:
"Baxıram Röya xanımın şəkillərinə. Qorxuram onu görməyə. Qaçıram hamıdan. Gözləyirəm ki, onun 40 günü tamam olsun. Fevralın 6-sı onun valideynlərinin və qardaşlarının yanında dəfn olduğu Qusarda 40 mərasimi olacaq. Ondan sonra mətbuata geniş müsahibə verəcəyəm".
"Deyirlər ki, bundan sonra tək qalmamaq üçün Azərbaycandan birdəfəlik köçüb, ilk evliliyinizdən olan qızınız Nataşanın yanına xarici ölkəyə yaşamağa gedəcəksiniz?" sualına Xalq artisti belə cavab verib:
"Yalandır, boş söhbətlərdir. Qızım Nataşanın həyat yoldaşı generaldır. Onlar Finlandiyaya köçüblər. Qızımın həyat yoldaşı sərhəddə çalışır".
Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım iflicdən dünyasını dəyişib.