Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək?

Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək?

Tarix: 3 Fevral 2023 08:42

Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.   Belə ki, fevralın 1-dən  Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyənlər yalnız Naxçıvan MR qeydiyyatındakı şəxslər olmalıdır. Onlar minik avtomobilləri ilə sərhədi keçə, eləcə də geri qayıda bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı. Bu məsələ Naxçıvan əhali arasında narazılıqlara səbəb olmuşdu. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasında quru sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb və sentyabrın 1-dək qüvvədə qalacaq. Avtandil Abbasov - "sərhəd məhz niyə bu gün bağlanıb?" sualına isə belə cavab vermişdi: "232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib".

Bəs bu qadağanın götürülməsi yerli əhalinin güzəranına hansı təsirləri olacaq? Niyə heç bir əsas olmadan Talıbovlar belə bir qadağanı pandemiyadan sonra tətbiq etmişdilər?

Mövzu ilə bağlı naxçıvanlı tanınmış siyasət adamları ilə danışdıq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Fazil Mustafa dedi ki, əslində bu qadağalar ona görə idi ki, müəyyən  dərəcədə özlərinə məxsus şirkətlərin işləməsini  təmin etsinlər, onların maraqlarına uyğun olaraq əhalinin müəyyən dolanışığı və digər məsələlər öz həllini tapmasın: "Yəni hamı məcbur olaraq onlara məxsus zəruri və tikinti məhsullarını alsın.  O zaman belə bir məcburiyyət var idi ki, çörəyi başqa yerdən ala bilməzsən. Kartof-soğan kimi bu cür zəruri qida məhsullarını da bu formada almalı idin. Məqsəd bu idi. Bu da kifayət qədər ciddi narazılıqlar yaradırdı.  Görünür ki, indi bunları araşdırandan sonra qərar gəliblər ki, ən azı əhalinin müəyyən bir kateqoriyasını işlə təmin edə bilmirlərsə,  heç olmasa, insanlar özü özünün yaşamağının yolunu tapsın.

Artıq real vəziyyəti müşahidə etdikdən sonra yeni rəhbərlik görür ki, Naxçıvanın başqa cür dolanışıq, yaşayış  imkanları məhduddur, ona görə də bu yol açılmalıdır , əhali ən azı bu sıxıntıdan qurtulsun, əks halda çətin olacaq. Yəni yolun açılması xeyli sayda insan üçün ən azı minimum ehtiyaclarını ödəmə baxımından faydalı olacaq. Çünki Naxçıvanla İran arasında da yol bağlıdır  və tək bir yol qalır  - Türkiyə sərhədi. İnsanların xəstəsi, təcili problemləri var, onlar təcili təyyarə ilə Bakıya gələ bilmirlər, imkan da yox, ən azı bir maşınla Qarsa gedib, orada  sosial və digər problemlərini həll edə bilirlər.  Bu baxımdan hesab edirəm ki, bu qərar müsbət və yerində atılmış addımdır, Naxçıvan camaatının problemlərini yüngülləşdirəcək. Bunu bir qədər də genişləndirmək lazımdır ki,  insanların sıxıntıları azalsın. Burada ticarət faktoru da var. Məlum məsələdir ki, Naxçıvanda dərin istehsal, geniş  bazar yoxdur. Bir tək Türkiyə bazarı var, insanlar heç olmasa malını çıxardıb orada satıb, 5-10 manat çörək pulu qazana bilər".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, sərhədin açılması təkcə loğistika kimi qiymətlənləndirilməməlidir: " Biz artıq gələcəyimizi ortaq düşünürük. Bunu cənab Ərdoğan da, Prezident İlham Əliyev də bildirib, hər iki ölkənin cəmiyyətləri də bunu qəbul  edib. Yəni biz bütün sahələrdə ortaq davranırıq. Gələcəkdə də bütün məhdudiyyətlər aradan qaldırılmalı, bu iki ölkə arasında heç bir məhdudiyyət olmamalıdır.  Niyə Türkiyə ilə quru sərhəd açıldı, amma İranla deyil? Bu məntiqə sığan məsələdir. Çünki Türkiyə ilə olan münasibətlərimizi heç vaxt  İranla müqayisə etmək mümkün deyil. İran Azərbaycan əraziləri işğal olunanda 30 il ərzində orada yeraltı tunel hazırlayıb, narkobizneslə məşğul olub, terrorçular göndəriblər, ərazimizi tamamilə talan ediblər, hər dəfə də Azərbaycana qarşı yeni təxribatlar törədiblər. İndi onların hər gün bir casus şəbəkəsi, yuvaları ifşa olunur. Ona görə də İranla sərhədi qapalı saxlamaq zəruridir.

Türkiyə ilə Naxçıvan arasında quru sərhədin açılmasının əhaliyə  çox böyük faydası var. Naxçıvan camaatı aqrar sahədə istehsalçı kimi öz məhsulunu Türkiyə və Türkiyədən digər ərazilərə çıxartmaq imkanı qazanır.  Həmçinin burada idxal məsələsi də var. Camaatın çoxu Türkiyəyə gedib, orada çalışır. Ona görə də hesab edirəm ki, yolun açılması Naxçıvan əhalisini yaşayışına xeyli dərəcədə təsir edəcək. Düşünürəm ki, bundan sonra müəyyən müştərək müəssislər, türkiyəli iş adamlarına Naxçıvanda şərait yaradılacaq, yeni istehsal müəssisləri açılacaq, yüngül sənaye, mədən sahəsində inkişaf olacaq".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, Naxçıvan bu gün azadlığının sevincini yaşayır: "Pandemiya dövründə də Naxçıvan ilə Türkiyə arasında quru sərhəddən keçməyə icazə verilirdi. Amma bir şərtlə ki, hamı bir nəfər kimi mütləq şəkildə Talıbovların parnik sahələrindən, müəssisələrindən 50 kiloqram pomidor-xiyar almalıdır. Gömrükdə də bu yoxlanılırdı ki, 50 kq pomidor, 50 kq xiyar alıbsa, həmin şəxsin keçməsinə icazə verilirdi. Camaatdan soruşurduq ki, bəs o pomidor-xiyarı sonra nə edirdiniz, deyirdilər ki, "aparıb ya bazarda satırıq, ya da kim gəldi paylayırıq". Məgər Türkiyəyə pomidor-xiyar lazım idi? Yəni camaat Türkiyəyə yalnız belə gedə bilirdi. Bu sadəcə dəhşətdir! Dünyanın heç bir yerində belə ədalətsizlik olmaz. İndi Naxçıvan  camaatı çox sevinir ki, rahat şəkildə Türkiyəyə gedə bilir. Amma onu da qeyd edim ki, Zəngəzur yolunun 30 il bağlı olması Naxçıvan camaatına çox böyük bəlalar gətirib. Gedib Zəngəzur dəhlizində durmalıyıq, dünyaya göstərməliyik ki, bu camaat blokda şəraitindədir.  Camaat  öz məhsulunu heç yerə apara bilmirdi. Məlum olduğu kimi, bizim məhsullara Türkiyədə o qədər də tələbat yoxdur, ona görə də camaat məhsullarını Bakıya gətirir. Bakıya da İrandan keçəndə başlarına "İmam Hüseyn müsibəti" gətirirdilər. Bizimkilər müəyyən qədər pul verirdilər ki, Bakıya keçməyə icazə versinlər. Yəni Talıbovlar insanlara zülm verirdi. Talıbovların əlindən Naxçıvan camaatının yarısı gedib Türkiyədə kirayə ev tutub, orada qalırdılar. Hamı Talıbovların əzazilliyindən qaçırdı.  İndi Naxçıvan camaatı rahat, azad nəfəs ala bilir. Hesab edirəm ki, vəziyyət bundan sonra daha da yaxşı olacaq. Çünki orada xeyli dəyişikliklər var, insanlara zülm edənlər həbs edilir, iradlar bildirilir və sairə. Bircə o Zəngəzur yolu da açılsa, naxçıvanlılar  tam azadlığına qovuşacaqlar".

İqtisadçı ekspert Natiq Cəfərli isə bunları dedi: "Niyə Türkiyə ilə Naxçıvan arasında quru sərhəd indi açıldı? Məlum olduğu kimi Naxçıvan əhalisinin müəyyən tələbləri və orada yeni rəhbərlik var. Yəqin ki, hər görüşdə bu məsələlər qaldırılıb və yeni rəhbərlik insanların güvənini, hörmətini qazanmağa və yaxud onların tələblərini eşidən yeni rəhbər kimi görünməyə çalışır ki, bu da təbiidir. Çox güman ki, Naxçıvan əhalisində gələn bu tələblər sayəsində belə qərar verilib. Əlbəttə ki, Naxçıvan əhalisi İran və Türkiyəyə ilə dolanırlar. İndi İranın günahı ucbatından bu ölkə ilə münasibətlər gərgin olduğundan, Türkiyə ilə yolun açılması əhalinin qismən də olsa təsir göstərəcək. Onu da nəzərə alsaq ki, Türkiyədə qiymətlər Azərbaycanla müqayisədə ucuzdur, naxçıvanlılar şəxsi tələblərini ödəmək və yaxud müəyyən bizneslə  məşğul olmaq üçün yəqin ki, bu fürsətdən istifadə edəcəklər".

Milli.Az


Etiketlər:  Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ