Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 08:21
"Türkiyəyə 150 nəfərdən çox axtarış-xilasetmə qrupu göndərmişik".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO Baş katibi Yens Stolyenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib. İnsan tələfatının sayının şokedici və dəhşətli olduğunu deyən dövlət katibi həlak olanlar üçün dünyanın yas tutduğunu deyib.
"Biz hər kəslə birgə həlak olanlar üçün yas tuturuq, fikrimiz yaxınlarını itirənlərin yanındadır. İndiyədək Türkiyəyə 150-dən çox axtarış-xilasetmə personalı göndərmişik. ABŞ-ın helikopterləri var ki, onlar girişi çətin olacaq ərazilərə çatmağa kömək edə bilər", - deyə Blinken bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, ölkəsi Suriyaya da yardım edir:
"Suriyada bizim illərdir maliyyələşdirdiyimiz və ehtiyacı olanlara xilasedici yardım göstərən QHT tərəfdaşlarımız var. Hər iki ölkəyə biz təcrübəli fövqəladə hallar üzrə ekspertləri, təhlükəli materiallar üzrə texnikləri, mühəndisləri, logistikləri, feldşerləri, planlaşdırıcıları göndərmişik".
Blinken deyib ki, qarşıdakı günlərdə həm Türkiyə, həm də Suriyaya əlavə hansı dəstəyin göndərilməsi barədə açıqlamalar olacaq .