Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 13:02
Bakının Qaraçuxur qəsəbəsində 1987-ci il təvəllüdlü Kamil mülk üstündə yaranan münaqişə zamanı qardaşı Emilə xəsarət yetirib.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyunun 6-da baş verib. Qardaşlar yaşayan evin satılacağı halda Emilin pay tələb edəcəyi ilə bağlı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Kamil qardaşının bədəninə üç bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Kamilin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
"Bizdən ev tələb edirdi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamil ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, özü atası ilə birlikdə evlərdə usta, fəhlə işləyərək dolanıb: "Anam 2018-ci ilin yanvarın 29-da vəfat etdi. Doğma qardaşım olan Emil təxminən 5 ildir evimizdən gedib, tüfeyli həyat tərzi keçirib. Heç onun harada yaşadığını da bilməmişik. Buna görə də aramızda yaxşı münasibət olmayıb. Hərdən Emil bizə gəlib, dolanmaq üçün pul tələb edib. Arabir kömək etsək də, bəzən Emilə verəcək pulumuzun olmadığını demişik.
Dəfələrlə Emil mənə və atama zəng edərək nalayiq ifadələr işlədib və bizdən ev tələb edib".
"Atam da razılaşdı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 6-da, təxminən saat 22 radələrində Emil ona zəng edib, harada olduğunu soruşub: "Qaraçuxurda məhəllədə olduğumu bildirdim. Emil mənə Günəşli qəsəbəsinə gəlməyimi, söhbət etmək istədiyini dedi. Mən də söhbəti varsa özünün Qaraçuxura gəlib, sözünü deməsini bildirdim. Emil taksi sifariş vermək üçün konturunun olmadığını dedi.
Emilə özüm taksi sifariş verdim. Təxminən yarım saat sonra Qaraçuxurda olduğunu deyərək məni yaşadığımız məhəllənin yanında yerləşən ağaclığa çağırdı.
Həmin vaxt şübhələndim və Emilə məhəlləyə gəlməsini dedim. Atama zəng edərək Emilin mənimlə söhbət etmək üçün məhəlləyə gəldiyini, birlikdə gedərək görüşməyi bildirdim. Atam da razılaşdı".
"Yumruq-təpik zərbələri vurdu"
Kamil qeyd edib ki, Emilin çox adamla üstünə gəlib onu döyəcəyindən ehtiyatlanıb: "Bu səbəbdən yaşadığımız evə qalxaraq gizlincə atamın xəbəri olmadan mətbəxdən bıçağı götürdüm və özümü müdafiə etmək üçün şalvarımın cibinə qoydum. Sonra məhəlləyə düşdüm. Atam da həmin vaxt məhəllədə idi.
Mən atama yaxınlaşdım. Həmin vaxt Emilin pilləkəndən düşərək bizə tərəf gəldiyini gördüm. Əvvəlcə atam Emilə yaxınlaşaraq niyə belə etdiyini, niyə bizi və özünü normal yaşamağa qoymadığını soruşdu. Emil isə qəflətən hücum edərək ardıcıl yumruq və təpik zərbələri ilə məni vurdu. Atam əsəbiləşərək Emili sinəsindən sıxaraq məhəllədə olan söhbətgaha tərəf çəkdi və sakitləşməsini, belə etməməsini bildirdi. Amma Emil sakitləşmədi və hədsiz nalayiq ifadələr işlətdi.
Əvvəlcə Emilin məni vurmasına baxmayaraq ona qarşılıq vermədim. Sonra onun sakitləşmədiyini və atamın əlindən burularaq çıxdığını, mənimlə birlikdə atamı da söydüyünü gördüm. Əsəblərim dözmədiyindən özümü idarə edə bilmədim, cibimdəki bıçağı çıxararaq Emilin sağ yan hissəsindən bir-iki dəfə vurdum. Emil büdrəyərək yerə yıxıldı və həmin anda atam Emili bıçaqla vurduğumu başa düşdü".
"Əvvəl "103", sonra "102"yə məlumat verdim"
Kamil bildirib ki, əvvəlcə "103" xidmətini zəng edərək hadisə yerinə təcili yardım xidməti çağırıb: "Sonra isə "102" xidmətinə zəng vurub hadisə barədə polisə məlumat verdim. Bir müddət sonra polislər hadisə yerinə gəldi. Törətdiyim hadisəni etiraf etdim, qardaşım Emili vurduğum bıçağı polislərə verdim.
Heç vaxt Emili bıçaqla vurmaq və ona xəsarət yetirmək niyyəti olmayıb. Amma o, arada evimizə gəlib, absurd şəkildə gələcəkdə satıla biləcək evin pulundan özünə pay tələb edib, nalayiq ifadələr işlədərək bizi təhqir edib. Biz Emili nə qədər düz yola çəkməyə çağırsaq da, tüfeyli həyat tərzi keçirib. Harada və kiminlə yaşadığını deməyib.
Hətta eşitdiklərimə görə, kiminləsə qeyri-rəsmi ailə həyatı qurub, bizim də bu barədə sonradan məlumatımız olub.
Dəfələrlə Emil evdən kiçik məbləğdə pul, əşya oğurlayıb, evi yandıracağı ilə hədələyib. Baş verən bütün bu hallara görə, habelə hadisə günü Emilin məndən başqa atamı da söyüb, ona hörmətsizlik etdiyini gördükdən sonra əsəbiləşdim. Bıçaqla Emili vurdum. Emil doğma qardaşımdır. Artıq hər kəs səhvini başa düşüb, hadisədən sonra barışmışıq".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən çox peşman olduğunu, maddi vəziyyətlərinin çox ağır olduğu bildirib: "Atam da xəstədir. Tək qalacağı halda özünü dolandıra bilməyəcək. Ona görə bütün bu halları nəzərə alınmasını istəyirəm".
"Söz-söhbət salmışam"
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Emilin sözlərinə görə, anası 2018-ci ildə vəfat edib: "Anam həyatda olduğu müddətdə valideynlərim və qardaşımla münasibətim çox yaxşı olub. Amma anam rəhmətə getdikdən sonra atam və qardaşımla evin gələcək bölgüsü ilə bağlı mübahisəmiz yarandı. Məndən evi Kamilin adına keçirmək üçün ərizə istənildi. Mən də belə bir ərizəni verdim.
Həmin vaxt ev kreditdə idi və belə danışdıq ki, gələcəkdə evi satıb bölərik. Amma hələ ev satılmayıb. Mənim maddi imkanım çox zəif olduğundan evin satılıb, mənə də pul verilməsi arzusuna düşmüşəm. Müəyyən zərərli vərdişlərim də yaranmışdı və çox vaxt içkili olanda gedərək atam və qardaşım ilə bu mövzuda söz-söhbət salmışəm".
"Kreditin bağlandığını öyrəndim"
Emil bildirib ki, 2018-ci ildə kənarda bir qadınla qeyri-rəsmi ailə kimi yaşamağa başlayıb: "Tez-tez atama, qardaşıma zəng edərək evin nə yerdə olduğunu soruşmuşam. Amma onlar hər dəfə evin bankda olduğunu deyiblər.
Sonra özüm banka gedərək maraqlandım və evin bir ildən artıq müddətdir ki, kreditinin bağlandığını, girovdan azad olunduğunu öyrəndim. Bundan sonra atam və qardaşıma zəng etdim. Bu barədə məlumat verdim, evi satmaq lazım olduğunu dedim.
Amma atam, qardaşım evi satacaqları halda iki yerdə ev ala bilməyəcəklərini dedilər. Mən də hesab etdim ki, əslində bu bəhanədir. Maddi vəziyyətim ağır olduğundan dəfələrlə bu mövzuda söhbət açaraq mübahisə yaratmışam".
"Sözümə sərhəd qoymadım"
Emil qeyd edib ki, iyunun 6-da axşam saatlarında spirtli içki içib, sərxoş vəziyyətdə qardaşı və atasından pul tələb etmək fikrinə düşüb: "Qardaşıma zəng edərək onunla görüşmək istədiyimi dedim. Kamil də razılaşdı. Kamili Qaraçuxur qəsəbəsində yerləşən evin yanındakı ağaclığa çağırdım. Amma o, razılaşmadı və sonda biz evin qabağındakı söhbətgahda görüşmək qərarına gəldik.
Həmin məhəlləyə çatanda Kamilin atamla birlikdə aşağı düşdüyünü gördüm. Ona niyə atamı da söhbətə gətirdiyini dedim. Atam da onlardan nə istədiyimi soruşdu. Sərxoş vəziyyətdə olduğumdan sözlərimə heç bir sərhəd qoymayaraq nə vaxta kimi məni aldadacaqlarını, 4 ildir kirayə qaldığımı, məni aldatdıqlarını bildirdim. Ağır söyüşlər söydüm.
Atam qabaqda olduğu üçün onun yanından sol əlimlə yumruqla Kamilin sifətindən vurmaq istədim. Amma Kamil geri çəkildi və yumruq ona dəymədi. İmkan taparaq qardaşıma bir neçə yumruq və təpik vura bildim".
"Xəcalət çəkirəm"
Zərərçəkmiş şəxsin sözlərinə görə, bu vaxt atası sakitləşdirmək üçün şillə ilə onun sifətindən vurub:
"Bu vəziyyət məni daha da əsəbiləşdirdi. Əlbəyəxa olduğum vaxtda Kamil bədənimdən bir neçə dəfə vurdu və mən yerə uzandım. Əvvəlcə nə ilə vurulduğunu anlamasam da, sonra bıçaqla vurulduğumu başa düşdüm. Sonra huşumu itirdim.
Atam və qardaşım təcili tibbi yardım çağıraraq məni həkimə aparıblar. Bu hadisədə günahkar yalnız özümü bilirəm. Spirtli içkinin təsiri altında atamın və qardaşımı həmin gecə bu əsəbi vəziyyətə salmışam. Hərəkətlərimdan çox peşmanam. Yeganə qardaşımı bu ağır duruma saldığım üçün xəcalət çəkirəm. Hadisədən dərhal sonra barışmışıq. Ona heç bir şikayətim yoxdur. Atam bütün müalicə xərclərini ödəyib".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Kamil 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.