Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiya Cənubi Qafqazdan güclü şəkildə sıxışdırılır, sülh yolu ilə nizamlanma isə uzaqda deyil”

“Rusiya Cənubi Qafqazdan güclü şəkildə sıxışdırılır, sülh yolu ilə nizamlanma isə uzaqda deyil”

Tarix: 25 Fevral 2023 08:48

"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə keçiriləcək görüşdə ABŞ-nin Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyiş əldə edəcəyinə ümidini ifadə etməsi Rusiyanın Cənubi Qafqaz regionundan kifayət qədər güclü şəkildə sıxışdırıldığı anlamına gəlir".

Sonxeber.net xəbər verir ki, bunu Oxu.Az -a müsahibəsində amerikalı politoloq Qreq Vayner deyib.

Xatırladaq ki, Ned Prays son aylarda tərəflərin qeydə aldığı irəliləyişin Azərbaycan və Ermənistan arasında, o cümlədən ABŞ-nin iştirakı ilə təmasların, həmçinin Avropa İttifaqının diplomatiyası vasitəsilə gördüyü işlərin nəticəsi olduğunu bildirib.

- Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində Rusiyanın rolu azalırmı?

- Bütün postsovet məkanında Rusiya Federasiyasının təsirinin minimuma endirilməsinə çalışılır. Sektorlardan biri isə Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasıdır. Burada az adamın diqqət yetirdiyi maraqlı vəziyyət yaranıb: Bakı və İrəvanın maraqları bir çox məsələlərdə üst-üstə düşür.

- Məsələn?

- Azərbaycan qazı və nefti Avropa bazarına fəal şəkildə çıxarılır. Ermənistan isə indi eyni Avropaya ümid edir, çünki Rusiya çox da kömək etmir. Sonra ABŞ var. Bakı ilə Vaşinqton arasında münasibətlər kifayət qədər məhsuldardır, yaxşı ikitərəfli diplomatik münasibətlər qorunur. Amma eyni zamanda ABŞ-də nəhəng erməni diasporu yaşayır. Beləliklə, həm Avropada, həm də ABŞ-də bəzi ümumi təmas nöqtələri var. Qərb onları qapayır və görünür, real nəticə əldə etmək üçün prosesi daha da intensivləşdirməyə çalışır.

Türkiyədə zəlzələ olmasaydı, o zaman hesab edirəm ki, Ankara bu prosesdə daha fəal iştirak edərdi.

- Eyni zamanda məlumdur ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda açıqladığı kimi, fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri olacaq...

- Bu, Rusiyanın regiondakı proseslərə aktiv təsirini qaytarmaq cəhdidir. Amma "nizamlama qatarı" artıq Avropa İttifaqı və ABŞ istiqamətində hərəkət edir. Yaxın gələcəkdə Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını və onların Avropa kontingenti ilə əvəzlənməsini görsək, təəccüblənmərəm. Hesab edirəm ki, hazırda bu mövzu fəal şəkildə müzakirə olunur.

- Azərbaycan çətin ki, buna razılıq versin: Ermənistan Fransa kontingentini arzulayır, bu isə Bakı üçün qətiyyən qəbul olunan deyil.

- Axı niyə orada fransızlar olmalıdırlar?! Avropa kontingenti onlarsız da keçinə bilər. Orada Skandinaviya, şimal ölkələrinin nümayəndələri, isveçlilər, finlər, norveçlilər, danimarkalılar ola bilərlər. Yəni Avropa bütünlüklə deyil, qitənin şimalı təmsil oluna bilər. Şimal ölkələri ənənəvi olaraq sülhməramlı əməliyyatların iştirakçılarıdır.

- Gəlin Azərbaycanla Ermənistan arasında bağlanmış sülh müqaviləsinə toxunaq. Dünən müxalifətdə olan Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan sülh sazişi layihəsinin bir hissəsini dərc edərək, onu "qalmaqallı" adlandırıb. ERP keçmişdə iqtidarda olan nüfuzlu partiyadır. Ola bilsin ki, dərc olunmuş mətn Aşotyana Ermənistan hökumətindəki mənbələrdən gəlib. Orada deyilir ki, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıyır, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Azərbaycanın Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq tənzimlənəcək. Bəs problem nədir?

- Məsələ burasındadır ki, fikrimcə, bir neçə ildir hakimiyyətdə olan Nikol Paşinyan inkişaf edib, ayıq siyasətçiyə çevrilir və "yerdə gəzir" - ingilis dilində belə bir ifadə var. O, artıq təxəyyülündə "böyük Ermənistan"la bağlı heç bir kreativ layihə təsəvvür etmir. Paşinyan anlayıb ki, hər iki tərəfə uyğun şərtlərlə danışıqların vaxtı çatıb. Bu isə təbii ki, erməni müxalifətini dəhşətli dərəcədə narahat edir. Onu hansısa yolla devirməyə, baş nazirlikdən uzaqlaşdırmağa çalışırlar, amma buna nail ola bilmirlər. Paşinyanın populyarlığı, xüsusən indi, danışıqlar apara bilən siyasətçiyə çevrildiyi və əsaslı mövqe tutduğu zaman böyükdür. Hesab edirəm ki, sülh yolu ilə nizamlanma uzaqda deyil.

- Əslində Nikol Paşinyanın populyarlığından danışsaq, şübhələr var. Bir müddət əvvəl onun reytinqi aşağı düşüb. Bildirilib ki, sorğulara əsasən, ona əhalinin təxminən 11%-i etimad göstərir.

- Biz ki, sorğuların necə aparıldığını mükəmməl başa düşürük. Kim soruşur, respondentlər kimdir, hansı regionlardan cavab alınır? İrəvanda, bildiyimə görə, Paşinyan o qədər də populyar deyil, lakin Ermənistanın paytaxtından kənarda ona dəstək səviyyəsi yüksəkdir. Erməni elitası onu özününkü hesab etmir, amma rayonların əhalisi onu dəstəkləyir.


Etiketlər:  Rusiya Cənubi Qafqazdan güclü şəkildə sıxışdırılır sülh yolu ilə nizamlanma isə uzaqda deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ