Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 08:42
Erməni tərəfi öz cinayətlərini Azərbaycanın adına çıxarmağa çalışır
"BMT 2020-ci ildəki müharibədə muzdluların iştirakı ilə bağlı Azərbaycan və Türkiyəyə ittiham məktubları göndərib". "Armenpress" xəbər verir ki, bu barədə Ermənistana gəlmiş BMT-nin muzdlulardan istifadə üzrə İşçi Qrupunun üzvləri mətbuat konfransında bildiriblər. Bildirilir ki, qrupun mandatı BMT İnsan Hüquqları Şurasının təşəbbüsü ilə formalaşdırılıb. Bu mandat çərçivəsində işçi qrup ölkələrə səfərlər edir və Ermənistana səfər də onlardan biridir. Bildirilir ki, guya işçi qrupu Azərbaycana səfərlə bağlı sorğu göndərsə də, hələlik cavab almayıb.
Yada salaq ki, 44 günlük Vətən müharibəsində erməni təbliğat maşını əsas vurğunu Azərbaycan tərəfdən xarici muzdluların vuruşması iddiaları üzərinə edib. Bu amilə daha çox vurğu edilməsinin iki əsas səbəbi vardı. Birincisi, erməni təbliğat maşını cəbhədə aldığı ağır zərbələr, böyük miqyasda itkilərini yalnız bununla ört-basdır edə bilərdi. Yəni "Azərbaycan yalnız deyil, biz (ermənilər) təkcə Azərbaycanla deyil, onun əsas dəstəkçisi Türkiyə dövlətinin peşəkar hərbçi təlimatçıları, eləcə də Suriyadan gətirilən cihadçılarla vuruşuruq".
İkincisi hədəf isə beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək idi. Çünki son illərdə Yaxın Şərqdə davam edən qanlı müharibənin təsiri altında olan Qərb ictimai rəyi aydın məsələdir ki, islamçı döyüşçülər mövzusuna çox həssas idi. Xarici muzdluların guya Azərbaycana gətirilməsi ilə bağlı ittihamlar həm də Ermənistana gələn muzdlular və əcnəbi terrorçular mövzusunu ört-basdır etmək üçün düşünülmüşdü. Yəni nəticə etibarı ilə erməni təbliğat maşını Türkiyə və əcnəbi cihadçı ittihamlarını ortaya atmaqla beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın təcavüzkar hərəkətlərindən yayındırmaq, onun yalnız Azərbaycan deyil, digər güclərin qarşısında tək qaldığını göstərmək istəyirdi. Əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı məlum iddialarının heç bir tutarlı əsası yoxdur. Nə Qarabağda Türkiyə ordusunun olması, nə də Suriyadan gələn muzdlularla bağlı nə müharibə dövründə, nə müharibədən sonra hər hansı tutarlı fakt ortaya qoyulmayıb. Son illərdə Azərbaycandan qanunsuz yolla İraq və Suriyada hərbi birliklərə qatılan radikal islamçılarla bağlı qanunlar sərtləşdirilib, onların əksəriyyəti həbs olunaraq ağır şəkildə cəzalandırılıb. Eyni zamanda rəsmi Bakı yaxşı anlayırdı ki, bu cür militanların gətirilməsi risklidir, dünyada ciddi etiraza və qınaqlara, hətta təzyiqlərə səbəb ola bilər. Ona görə də bu cür şübhəli və riskli addımlara getməsi mümkün deyildi. Amma görünən odur ki, erməni yalanlarına BMT kimi bir ciddi strukturu inandıra biliblər...
Sonxeber.net bildirir ki, hərbi ekspert Ədalət Verdiyev "Yeni Müsavat"a deyib ki, qarşı tərəf tarixən öz cinayətlərini başqa xalqların adına çıxarmaq üzrə ustalaşıb: "Birinci Qarabağ müharibəsi dövründə, 44 günlük Vətən müharibəsi günlərində erməni tərəfindən muzdluların döyüşməsi haqda kifayət qədər təkzibolunmaz faktlar var. Ermənistan tərəfi Yaxın Şərqdən və hətta Avropa ölkələrindən muzdluları dəvət etmişdi. Bu faktları müharibə günlərində, sonrakı dönəmdə Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə çatdırıb. Amma bu faktlara əhəmiyyət verilməyib. İndi isə BMT-nin missiyasını Ermənistana gətirib erməni tərəfinin müharibə cinayətlərini Azərbaycanın adına çıxarmaq istəyirlər. Bu, yolverilməzdir və həmin missiyanın obyektiv fəaliyyətini şübhə altına alır".
Hərbi ekspert deyir ki, Azərbaycan müharibə günlərində yalnız öz əsgərinə, hərbçilərinə güvənib: "Erməni tərəfinin hay-küyünə əsaslanan BMT-dən 30 il ərzində biz ədalətli mövqe görmədik. Bu gün Rusiya-Ukrayna müharibəsi davam edir. Hər kəsə aydındır ki, Ukrayna tərəfindən ABŞ, Polşa, Fransa və bir çox qərb dövlətlərindən gələn muzdlular döyüşür. Nədənsə, həmin BMT-nin səsi çıxmır. BMT-nin Ermənistana səfər etmiş missiyasını biz Ukraynada görmədik. Xristian təəssübkeşliyindən əl çəkmirlər. Monte Melkomyan kim idi? ABŞ-dan gələn muzdlu. Ermənilər onu bu gün milli qəhrəman sayırlar. Belə faktlar az deyil".
Hərbi ekspert deyir ki, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinə müraciət ünvanlayıblar: "Həmin müraciətdə Ermənistanın müxtəlif terror təşkilatlarının üzvlərini, o cümlədən xarici ölkə vətəndaşlarını muzdlu döyüşçü qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirərək ölkəmizə qarşı istifadə etməsi faktının təsbit olunması qeyd olunmuşdu. Həmin faktlar Azərbaycan Baş Prokurorluğunun müharibə cinayətləri ilə bağlı araşdırmaları ilə üzə çıxarılmışdı. Müraciətdə deyilirdi ki, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilib və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanıb".
Bundan başqa, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur. Müharibə günlərində Azərbaycanın QHT-ləri BMT rəhbərliyinə müraciət etməklə Ermənistanın muzdluları münaqişəyə cəlb etməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozması faktını qəti şəkildə pisləməyə və bunun qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırmışdı. Biz BMT-dən həmin çağırışa cavab gözləsək də, belə bir cavab bu günə qədər verilməyib.