Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ münaqişəsi BMT-nin daim diqqət mərkəzində olub" - POLİTOLOQ DANIŞDI

Tarix: 3 Mart 2023 14:33

"Azərbaycanın müstəqillik qazanmasından sonra 1992-ci il martın 2-də BMT-nin 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-ə üzv qəbul olunması barədə qətnamə qəbul edildi. Bu qətnamədə BMT-nin bütün üzvləri yekdilliklə səs verdi. Qarabağ münaqişəsi BMT-nin Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olub. Münaqişəyə dair Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, Təhlükəsizlik Şurasının sədrinin yeddi bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Qarabağın Azərbaycana aid olması təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarında işğalçı qüvvələrin dərhal tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulmuş, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, BMT-nin qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmədi və Təhlükəsizlik Şurası Ermənistana qarşı hər hansı güc tətbiq etmədi: "Azərbaycan orudusu bu qətnamələri Ali Baş Komandanın rəhbərliyi ilə yerinə yetirdi.

Ümummilli Lider Heydər Əliyevin səfərləri ölkəmiz ilə BMT arasında əlaqələrin dərinləşməsi üçün çox əhəmiyyətli rol oynayıb. 1994-cü ilin sentyabrında Ulu Öndər BMT-nin 49-cu sessiyasında proqram xarakterli nitq söyləmişdi. 1995-ci ildə 156 dövlətin və hökümət başçılarının rəhbərliyi ilə BMT-nin 50 illiyi ilə əlaqədar xüsusi sessiyada Ümummilli Lider çıxış edərək Azərbaycanın haqlı tələbini dünya birliyinin nəzərinə çatdırmışdır.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT-nin sistemində olan müxtəlif qurumlarla sıx əməkdaşlıq edirlər. Azərbaycan 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürmüş və qəbul olunmuşdur. BMT ailəsinin tam hüquqlu üzvü olan Azərbaycan dünyada sülhün və təhülkəsizliyin bərqərar edilməsi, xalqların əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə bundan sonra da əlindən gələni edəcək".

Milli.Az


Etiketlər:  Qarabağ münaqişəsi BMT nin daim diqqət mərkəzində olub POLİTOLOQ DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ