Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 20:27
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin yerli media nümayəndələrinin sualına cavablayıb.
Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, "Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Xarici İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı hansı tədbirlər görülür?" sualına A.Hacıyev belə cavab verib:
"Qeyd edilən məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub.
Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.
Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb".