Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 13:22
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən Sonxeber.net-a verilən məlumata görə, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşaat işlərinin qarşısı alınaraq tikintilərin sökülməsi təmin edilib.
Bundan əlavə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində mərtəbələrarası örtüyün sökülməsi faktı aşkar edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz söküntü işlərinin qarşısı alınıb və mərtəbələrarası örtük əvvəlki vəziyyətinə bərpa olunub.