Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2023 08:42
Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib..
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublikaya hava yolu ilə səyahətə qoyulan qadağanın götürülməsi barədə qərarı Ukraynadakı vəziyyətlə əlaqədar qəbuledilməzdir. O, bu qərarı Rusiyanın növbəti təxribatı adlandırıb.
Onun sözlərinə görə, Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi respublikanın siyasi qüvvələri arasında gərginliyə səbəb olacaq.
"Rusiya belə addımları öz maraqları əsasında atır", - Zurabişvili brifinqdə deyib.
Dövlət başçısı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinin qəbuledilməz, yersiz və vaxtsız olduğunu bir daha vurğulayıb.
"Mən dəfələrlə bunu tələb etmişəm və indi mütləq Təhlükəsizlik Şurasının iclası və daxili çağırışlarımız əsasında zəruri olan üç aylıq vizaların (Rusiya vətəndaşları üçün) tətbiqinə baxmağın vaxtı çatıb", - Zurabişvili bildirib.
Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən rusiyalılar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə kəsilib.