Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 14:03
Bakı. Trend:
Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirilib. Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ölkəsinin müstəqillik tarixindən, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafından bəhs edib.
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev dost Macar xalqını İnqilab və Azadlıq döyüşünün 63-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib. Nazir bildirib ki, bu gün Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması şübhəsiz, iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. 2014-cü ilin noyabr ayında Budapeşt şəhərində Azərbaycan və Macarıstanın rəhbərləri tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə əməkdaşlığın dərinləşməsində mühüm addımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların Bəyannamədə yer alması məhz iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığının göstəricisi hesab oluna bilər.
S.Babayev ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin mövcud əlaqələrin hüquqi bazasının formalaşdırılmasını təmin etdiyini, ümumilikdə 40-dan çox sənədin imzalandığını qeyd edib. O, Macarıstanın Baş naziri Viktor Orbanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirakını xüsusi qeyd edib. Eyni zamanda, Macarıstanın Xarici İşlər və Ticarət naziri, Hökumətlərarası Birgə Komissiyanın həmsədri Peter Siyyartonun son yeddi ildə Azərbaycana 8 dəfə səfər etməsini, ölkələrimiz arasındakı əməkdaşlığa göstərdiyi dəstəyi vurğulayıb. İki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edən nazir bu günə qədər Komissiyanın 6 iclasının keçirildiyini və 7-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinə dair razılıq əldə edildiyini bildirib.
S.Babayev ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığımızın mühüm tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 24,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 23,85 mln. ABŞ dolları, ixracın həcmi 0,54 mln. ABŞ dolları təşkil edib. Ümumilikdə, 1995-2019-cu illər ərzində Macarıstandan Azərbaycana 23,2 mln. dollar, Azərbaycandan Macarıstana isə 12 mln.dollar həcmində investisiya qoyulub. 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin ixrac missiyasının Macarıstana səfəri, həmçinin Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsi bu istiqamətdə görülən mühüm işlərdir. Qeyd edilən tədbirlər ticarət əlaqələrinin inkişafına müsbət töhfəsini verəcəkdir.
Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə 11 Macarıstan şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini bildirən S.Babayev investisiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. 2016-cı ilin mart ayından ölkələrimiz arasında birbaşa hava əlaqəsinin bərpa edilməsinin biznes və turizm sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.
Nazir birgə səylər nəticəsində Azərbaycan-Macarıstan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini diqqətə çatdırıb, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Macar xalqına firavanlıq arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin