Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 19:30
Milli Məclisin deputatlarından olan Arzu Nağıyev ölkənin ali qanunverici orqanında Tovuz-Gədəbəy bələdiyyəsini təmsil edir.
Daha doğrusu, etməyə çalışır, amma deyəsən, istəklə gerçəklik tam ziddiyyət təşkil edir.
Çünki Arzu Nağıyev "susmaq qızıl, danışmaq gümüşdür" ifadəsinin aksoimatikliyini az qala hər açıqlamasında, müsahibəsində və şərhində bariz şəkilldə sübut edir.
O, bəlkə bu qədər danışmasaydı, müdrik deputat, daxili və xarici siyasətin incəliklərinə, cəmiyyətin sosial problemlərinin həll yollarına bələd şəxs kimi tanınardı.
Lakin o danışır və hər açıqlamasından sonra sosial şəbəkələrdə ironiya obyektinə çevrilir.
Məsələn, o, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkədə ölüm hökmünü ləğv etməsindən danışarkən deyir: "Ölkəyə ölümlə bağlı basqılar vardı. Ona görə də ölümlə bağlı qanunlar ləğv edildi".
"Ölümlə bağlı qanunlar" ifadəsinin nə demək olduğunu cənab Nağıyev bir qədər geniş izah edə bilərmi?!
Yaxud digər "möhtəşəm" açıqlama: "Hətta 1941-1945-ci illər müharibə vaxtı Hitlerin faşizmi daha da qabardılanda biz müsəlman inancı adı ilə çox israillilərə köməklik göstərmişik".
İsrail dövləti 1948-ci ildə yaranıbsa, söhbət hansı "israillilər"dən gedir? Tamam, anladıq, cənab Nağyev yəhudiləri nəzərdə tutur.
Bəs yaxşı, "faşizm daha da qabardılanda", "müsəlman inancı adı ilə" ifadələrinin mənası nədir?
Cənab Nağıyev Azərbaycan-İsrail əlaqələrindən bəhs edəndə "44 günlük müharibədə yəhudi icması əsgərlər üçün 1000 ədəd paltarı məhz mənə vermişdi" söyləyir. Bu açıqlamanı şərh etmək, inanın, asan deyil.
Və ya "20 günlük 1920.. 2020-ci ildə 44 günlük müharibə" ifadəsi.
Bir sözlə, məntiq labirinti və hikmət uçurumudur cənab Nağıyevin açıqlamaları.
Bu, öz yerində, anladıq.
Bəs ölkədəki telekanallara, radiostansiyalar nə olub? Həmin media strukturlarının baş prodüserləri, rəhbərləri görmürlər ki, cənab Arzu Nağıyev bəşər övladının orta statistik təmsilçisinin əsla başa düşməyəcəyi kosmik gerçəklərdən bəhs edir?
Həmin gerçəklərin Milli Məclisin nüfuzuna necə təsir etdiyini anlayırlarmı "media kapitan"ları?