Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın “Qarabağ oyunu”nun hədəfi Türkiyədir

Fransanın “Qarabağ oyunu”nun hədəfi Türkiyədir

Tarix: 7 Iyul 2023 08:36

Bütün kainat qaynayır. Köhnə dünyanın üzü sürətlə dəyişdirilir. Siyasi, iqtisadi, hərbi qarşıdurmalar hər yerdə ayaq açıb gəzir. Köhnə dünya dəfn olunmaq üzrədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu səbəbdən bəşəriyyət "yeni dünyaya" keçid mərhələsinin imtahanına hazırlaşır. Hər bir ölkə sinifdə qalmamaq, keçid dövrünü maksimum az itki ilə başa vurmaq naminə səylərini artırır. Bu üzdən də dünya siyasətində hərarətlilik var. Əksər ölkələr çalışır ki, öz milli və dövlət maraqlarına uyğun olaraq addımlar atsın. Xüsusən də xarici siyasətdə ikitərəfli, coxtərəfli, regional və beynəlxalq münasibətlərə önəm versinlər. Təhlükəsizlik və humanitar məsələləri ön planda tutaraq dostluq əlaqələri qursunlar. Belə dövlətlərin öncüllərindən biri də Azərbaycandır.

Doğrusu da budur. Çünki Rusiya-Ukrayna savaşı göstərdi ki, nə qədər güclü olursan ol, dostun olacaq dövlətlərin sayı azdırsa, nüfuz dairən geniş deyilsə, Rusiya kimi küncə sıxışdırılıb can çəkişəcəksən.

Ancaq buna baxmayaraq, dünyada elə dövlətlər də var ki, əlaqələri qurmaq, dost dövlətlərin sayını artırmaq əvəzinə, mövcud münasibətləri pozmaqla özünü addım-addım qlobal təcridə sürükləməklə məşğuldur. Məhz belə dövlətlərdən bir də Fransadır.

Məlum olduğu kimi, son illər Fransanın bir sıra irili-kiçikli dövlətlərlə problemləri var və bu özünü açıq şəkildə büruzə verməkdədir. Makron Fransası həm dövlətlərarası münasibətlər çərçivəsində, həm də beynəlxalq təşkilatlar fonunda xoş olmayan siyasət yürüdür. Fransanın istər NATO daxilində, istər AB formatında işləri rəvan getmir. "NATO beyin krizisi keçirib", "AB öz ordusunu yaratmalıdır" fikirlərini irəli sürən Fransa prezidenti hər iki təşkilatda ikitirəliyə yol açmaqla, ölkəsini təklədi. Bundan başqa bu ölkənin ikili münasibətlərdə də kifayət qədər problemləri var. Belə ki, Fransa ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Almaniya və s. qlobal və regional güclərlə konflikt içərisindədir.

O cümlədən uzun onilliklər boyu sümürüb taladığı qara qitədə - Əlcəzair, Mali, Nigeriya, Burkina Faso kimi dövlətlərdə Fransanın antiinsani və müstəmləkəçilik siyasətinə qarşı nifrət son həddə çatıb. Əgər bu gün Burkino Faso Fransadan öz ordusunu ərazilərindən çəkməsini tələb etdirsə, Əlcəzair Parisin siyasətinə etiraz əlaməti olaraq öz dövlət himninə: "Ey Fransa! Hazır ol, etdiklərinin bədəlini ödəməli olduğun gün gəlib çatdı" bəndlərini əlavə edir.

Eyni zamanda sözügedən ölkənin daxilində etnik və dini diskriminasiya siyasəti yürüdülür. Ki, bunun da acı nəticələrini hazırda yaşamaqdadır.

Bunlar azmış kimi, Fransa Prezidenti Emanuel Makron Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmaması üçün dəridən-qabıqdan çıxır. Hər fürsətdə Paris Bakıya təzyiq etmək üçün qaralama kampaniyasını sürdürərək, hətta Qarabağda yerləşən erməni separatçılara siyasi dəstək verməkdən belə çəkinmir.

Əslində isə Fransanın Qarabağda oynamaq istədiyi oyun heç də təkcə Bakıya qarşı hesablanmayıb. Bu çirkli plan həm də NATO daxilində və dünyanın bir sıra nöqtələrində, o cümlədən Suriya, Liviya, İraq, Kipr, Yunanıstan, hətta Afrikada mövqelərini uduzduğu Türkiyəyə qarşı hazırlanıb.

NATO daxilində antitürkiyə qrupu formalaşdıra bilməyən Paris yuxarıda sadaladığımız nöqtələrdə də Ankara qarşısında düşdüyü məğlubiyyətin acısını yaşadığından, bu üzüntünü Qafqazda sığortalamağa çalışır.

Bu gün hər kəsin Türkiyə deyəndə Azərbaycan, Azərbaycan deyəndə Türkiyəni düşündüyü bir vaxtda, nədənsə, Paris bəzi reallıqları ya hesablaya bilmir, ya da var olanı qəbul etmək istəmir. Fransa anlamalıdır ki, yuxarıda sadaladığımız nöqtələrdə əgər Türkiyə təkbaşına mübarizə aparırdısa, Qafqazda Ankaranın əli daha güclüdür. Çünki Türkiyə bölgənin ən güclü və ən böyük ölkəsi olan Azərbaycanla birgə addımlayır. Belə olduğu halda Fransa Ermənistanı yanına almaqla heç cür Azərbaycan və Türkiyənin Qarabağda, dolayısı ilə də Qafqazdakı siyasətinin qarşısını kəsə bilməyəcək.


Etiketlər:  Fransanın Qarabağ oyununun hədəfi Türkiyədir


RƏYLƏR