Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib

Tarix: 8 Iyul 2023 18:15

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda əsasən, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, həmçinin xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilir.

Müəyyən olunur ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı 2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir. Azərbaycanın hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, bu Sərəncamın 1.1-1,4-cü bəndləri üzrə təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə əcnəbilərin təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və 2024-2025-ci tədris ilindən başlayaraq həmin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının dövlət büdcəsindən bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görməlidir.


Etiketlər:  Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı təsis edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ