Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri

Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri

Tarix: 16 Sentyabr 2023 10:50

Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövsümü yenidən başlayır. Bəs ötən iki aylıq zaman, daha doğrusu, inflyasiya şadlıq evlərindəki menyu qiymətlərinə necə təsir edib?

Bildirilir ki, qiymətlərdə əvvəlki ilə müqayisədə minimum 5 manat artım müşahidə olunur. Hazırda 35-40 manata kimi olan menyularda qiymətlərin 20 faizə qədər artdığı deyilir. O da qeyd edilir ki, menyu qiymətlərində artım olsa da, restoranların əksəriyyətində demək olar ki, boş yer qalmayıb. İnzibatçılar deyir ki, menyularda tətbiq olunan qiymət artımı ümumi ərzaqların qiymətinin dəyişməsi ilə bağlıdır. Hətta elə restoranlar var ki, yaranmış qiymət fərqinə baxmayaraq, oktyabr ayına qədər demək olar ki, bütün günlər bron edilib.

Qiymətlər nə dərəcədə reallıqla uzlaşır? 

Milli.Az sfera.az-a xəbər verir ki, "Saffir" şadlıq sarayından "Yeni Müsavat"a bildirilib ki, ümumiyyətlə, Məhərrəm ayında toy etməyiblər: "İki ay müddətində şadlıq sarayını təmirə bağlamışdıq. Amma işçilərin maaşlarını verirdik. O ki qaldı, qiymətlərin artmasına, bu amil menyulara təsir etməyəcək. Köhnə qaydada necə olubsa, bu il də elə olacaq, qiymətləri artırmayacağıq".

"Crand Neon" şadlıq sarayının adminstratoru Əfqan Məmmədov da deyib ki, köhnə qiymətlərlə davam edəcəklər: "Hələ ki qiymətləri qaldırmamışıq. Çünki artıq sentyabr, oktyabr, noyabr ayları üçün sifarişlər əvvəldən edilib. Onları da köhnə qiymətlərlə qəbul etmişik".

Restoranın nümayəndəsi əlavə edib ki, sifarişlər çox azdır: "Özümüz də məəttəl qalmışıq, iki aydır, toy yoxdur. Əslində indi sifarişlər həddən çox olmalı idi. Çünki əvvəlki illərdə avqust ayında çox müraciətlər olurdu, toy, nişan, ad günü və sairə. İndi sanki yoxa çıxıb. Sentyabrın 15-dir, tək hallarda müraciətlər olur. Yəni müraciətlərdə təqribən 50 faiz azalma var. Bilmirəm, bəlkə sentyabr ayı 44 günlük Vətən müharibəsinin anım dövrünə təsadüf edir ona görə. Amma biz səbəbini anlaya bilmirik".

"Böyük Saray"da da vəziyyət eynidir. Şadlıq evinin  adminstratoru Əli Qasımov deyib ki, bazarda qiymətlər artsa da, menyunun qiyməti artırılmayacaq: "Biz əvvəldən sifarişləri artıq götürmüşük, qiymətləri artırmaq düzgün olmaz. Düzdür, sifarişlər azdır, durğunluqdur. Bunun da səbəbi Bakıda şadlıq evi, restoranların sayının çox olmasıdır. İstər-istəməz bu sifarişlərin azalmasına öz təsirini göstərir".

"Xəmsə" şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli "Yeni Müsavat"a bildirib ki, restoranda ciddi qiymət artımı yoxdur: "Amma digər restoranlardan eşidirəm ki, ola bilər ki, qiymət artımı olsun. Ciddi qiymət artımının olması üçün bazardakı ümumi qiymətlərdə artımın olması lazımdır. Bazarda qiymətlər qalxıb deyə qiymət artımı ola bilər. Amma bizdə qiymət artımı yoxdur. Toylar normal qaydasında gedir. Fikrimcə, bu il belə də davam edəcək. Gələn il qiymətlər qalxarsa, biz də menyuların qiymətini artıra bilərik. Hazırda sifarişlər əvvəlki illərə baxanda çox azdır. Bildiyim qədər Bakıda 600-dən çox şadlıq evi var. Onlardan neçəsi hazırda bağlanıb bilmirəm. Çox güman ki, yaxın gələcəkdə şadlıq saraylarının bağlanması mümkündür. Kim işləyə biləcəksə, müəyyən dövr üçün işləyəcək".  

Artıq neçə aylardır ki, iqtisadçılar da şadlıq sarayları ilə bağlı bədbin proqnozlar verirlər. Qeyd edilir ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır. Nəzərə alınsa ki, toy mövsümünün ən aktiv dövrü Ramazan ayına təsadüf etdi. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. May ayında da adətlərə görə toy edilmir. Ekspertlər qeyd edir ki, ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub.

İkinci məsələ - şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Bir sözlə, ekspertlər hesab edir ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.

Milli.Az


Etiketlər:  Məhərrəmlik bitdi toylar başladı 2 ayda dəyişən menyu qiymətləri


RƏYLƏR