Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Arzum odur ki, Xankəndidə böyük konsertim olsun” - VİDEO

“Arzum odur ki, Xankəndidə böyük konsertim olsun” - VİDEO

Tarix: 25 Sentyabr 2023 19:15

"Mahnını Şəhriyarla yazanda bilirdim ki, uğurlu olacaq. Bütün bölgələrin adına mahnı var. Amma Xankəndinə aid mahnı yoxdur. Mən də Xankəndidə anadan olmuşam. Az adam tanıyıram ki, orada doğulub. İstədim ora üçün mahnı olsun. Müəlliflə birlikdə bu bəstəni hazırladıq. Sırf mənim istəyim və sifarişimlə yazılan mahnıdır. Bu uğuru gözləyirdim". 

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xatirə İslam deyib. Sənətçi bir neçə il əvvəl oxuduğu və son günlər çox dinlənilən, paylaşılan "Kəndinə qayıdır Xan" mahnısından danışıb. Xatirə bildirib ki, mahnıya hazırlanan video çarx yutubdan silinib:

"Bundan əvvəlki dönəmdə bəstə həddindən artıq sevildi. İndi mahnım yerini tapdı. Hər şey yavaş-yavaş olur. Hər kəs mahnıya qulaq asır. Qardaşım bir neçə gün əvvəl mənə səsli mesaj göndərib. Baxıram ki, həyəcanlı səslə deyir: şəhərdəyəm və hamının maşınında həmin mahnıdır. Sevindim... Sənət adamları bu cür hallarla qidalanır. Biz ruh adamıyıq. Sevinəndə də, oxuyanda da ruh lazımdır. Təki hər zaman sevincdən duyğulanaq.

Pandemiya ərəfəsində mahnıya video çarx hazırlamışdıq. Bilmirəm, çarxda hansı kadra görə yutub klipi sildi. Əslində bu cür sevilən bəstənin baxış sayı milyonu keçməli idi. Amma baxışlar silindi. İndi mahnını tək şəkillə yenidən yutuba yükləmişik".

Xatirə ən böyük arzusunun Xankəndidə mahnıya klip çəkdirmək olduğunu da söyləyib:

"Klipin silinməsi məni kədərləndirdi. Amma mən bu bəstəyə öz torpağımda - Xankəndidə klip çəkdirməyi arzulayıram. Bunu reallaşdıracağam da. Digər ən böyük arzum isə orada böyük bir konsertim olsun, elə "Kəndinə qayıdır Xan" mahnısını da orada ifa edim".

Qeyd edək ki, Xatirə İslam açıqlamasında "Atam Qubadlıdan, anam Şuşadandır, özüm isə Xankəndidə doğulmuşam" sözlərini söyləyib. 

Milli.Az


Etiketlər:  Arzum odur ki Xankəndidə böyük konsertim olsun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ