Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 22:20
Sumqayıtda yerləşən musiqi məktəbinin vakant olan direktor vəzifəsinə təyin olunmaq istəyən həmin məktəbin müəllimi Musa Məmmədov (ad-soyad şərtidir) dələduzluqla üzləşib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, eyni zamanda Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi (qiyabi) olan şəxs qrup yoldaşı olan 1979-cu il təvəllüdlü Nəsimi Zeynalov tərəfindən aldadılıb. Belə ki, Nəsimi Musanın niyyətindən xəbərdar olandan sonra ona yüksək vəzifədə çalışan qohumunun olduğunu bildirib. O, Musaya 8 min manat müqabilində vakant vəzifəyə təyin etdirəcəyinə söz verib və həmin pulu ondan alıb. Lakin bir müddət sonra Nəsiminin dələduzluq etməsi üzə çıxıb.
Hadisə Gəncədə baş verdiyindən Musanın şikayəti ilə Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İş daha sonra baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə Nəsimi Musadan aldığı pulların hamısını artıq qaytardığını və barışdıqlarını bildirib.
Məhkəmənin 13 oktyabr tarixli hökmü ilə Nəsimi Zeynalova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Bununla yanaşı, N.Zeynalovun üzərinə bir sıra inzibati vəzifələr qoyulub.