Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 11:44
Türkiyədə Fadime Gökçe adlı qadın bir ildir qızını axtarır.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Adanada yaşayan Fadime Gökçenin qızı Fikriye Aybüke Körük ötən il fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ zamanı həyat yoldaşı Barış Körüklə birlikdə zəlzələyə yaxalanıb.
Barış Körükün cansız bədəni zəlzələdən 6 gün sonra tapılıb. Həyat yoldaşı Fikriyə Aybüke Körüklə əlaqə saxlamaq mümkün olmayıb. Ana Fadime Gökçe 1 ildir axtardığı qızı ilə bağlı heç bir xəbər ala bilməyib.
"Zəlzələdən sonra qızıma zəng vurdum, ancaq əlaqə saxlaya bilmədim. Qızımla əlaqə saxlaya bilməyəndə Kahramanmaraş zəlzələsindən xəbər tutdum. Səhər Kahramanmaraşa gəlmək üçün yola düşdük. Bura 8 saata gəldik. Burada gözləməyə başladıq. İnsanlar dağıntılar altından çıxarılmağa çalışırdılar. Üç gün sonra cəsədləri çıxarmağa başladılar. Zəlzələnin 6-cı günü qızımın əri Barışın meyiti çıxarılıb. Daha sonra qızımı gözləməyə davam etdik. Mənə dedilər ki, qızını gətiririk. Gələn adam başqa birinin cənazəsi idi. 10 gün orada qaldım. Bütün cəsədlərə baxdıq, amma heç birində qızım yox idi".
Fadime Gökçe bütün cəhdlərinə baxmayaraq qızından xəbər ala bilmədiyini bildirib:
"10 günün sonunda Kahramanmaraş polis bölməsinə getdim və itkin düşmə barədə ərizə vermək istədiyimi bildirdim. Mənə dedilər xəstəxanada vəziyyətin düzəlməsini gözləyim. Daha sonra itkin elanı və DNT nümunəsi verdim. Gözlədiyim müddətdə İzmir Sağlamlıq Müdirliyindən xərəkdə yaralı qızımın şəklini tapdım. Qızımın İzmir Təpəcik Xəstəxanasında qeydiyyatı var. Ora gedəndə dedilər ki, qızım gəlib gedib. Zəlzələ qurbanı hara gedə bilər? Necə gedə bilər? Təhlükəsizlik kameralarına baxmağı xahiş etdim. Qızımı hər yerdə axtarıram. Qızımı istəyirəm. Qızımın xəstəxanaya girməsinin şəkli var, amma özü yoxdur. Qızım haradadır?". - deyə açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Türkiyədə "Əsrin fəlakəti" olaraq adlandırılan zəlzələdən bir il ötür.