Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 16:15
Bakı. Samir Əli - Trend:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yol hərəkəti qaydalarının təbliğinə dəstək” layihəsi çərçivəsində Tərtər rayonunda növbəti maarifləndirmə tədbiri keçirib.
Trend-in məlumatına görə, tədbirdə Komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov, təşkilatın digər əməkdaşları Qartal Hüseynov və Elvin Şirinov iştirak ediblər.
Dövlət Yol Patrul Xidməti əməkdaşları, təhsil işçiləri, gənclər, rayon ziyalıları və digər peşə sahiblərinin iştirak etdiyi tədbirdə çıxış edən T.Hüseynov layihə barədə məlumat verərək yol qəzalarının ağır nəticələrindən danışıb: "2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1771 nəfər olub. Həmin hadisələrdə 527 nəfər həlak olub, 1244 nəfər isə xəsarət alıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2 faizini, yaralananların isə 74,5 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 32 hadisə baş verib, nəticədə 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Belə hadisələrin 71,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Statistik məlumatlardan da göründüyü kimi yol-nəqliyyat hadisələri zamanı insan itkisinin artması ictimaiyyətə ciddi mesajdır və qəzaların sayının azalması üçün yol hərəkəti iştirakçılarının qaydalar haqqında maarifləndirilməsi vacibdir".
Tədbirdə çıxış edən qurumun sədr müavini, ekspert E.Şirinov bildirib ki, son illər ölkədə baş vermiş avtomobil qəzalarının əksəriyyəti sürücü və piyadaların ehtiyatsızlığından yaranır: "Yol qəzaları bu gün də baş verir və baş verməkdə davam edir. Bu problemin qarşısını almaq, baş verən yol qəzalarının sayını azaltmaq üçün marifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. Tədbiri keçirməkdə əsas məqsədimiz yol hərəkəti qaydalarını təbliğ etməklə insanları bu barədə maarifləndirməkdir. Bilirsiniz ki, yol hərəkəti qaydaları ilə əsasən gəncləri, şagirdləri maarifləndirmək lazımdır. Bu qaydaların əsasən orta məktəblərdən təbliği daha effektiv olur. Bu məqsədlə biz müəllimləri tədbirə cəlb etdik ki, onlar sinif otaqlarında qaydaları təbliğ etsinlər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin