Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Prezidentimiz bülleteni ilə separatizmin tabutuna son mismarı vurmuş oldu"

Tarix: 15 Fevral 2024 20:48

2008-ci ildən Azərbaycan Respublikası üzrə bütün seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Budəfəki seçkilərdə də müşahidəçi idim və bir neçə məntəqədə əvvəldən sona qədər oldum. Bunu əminliklə, vurğulamaq istəyirəm ki, ömrümdə belə seçkilər görməmişdim. Çünki mən bu dəfə möhtəşəm tarixi bir hadisəyə şahidlik etdim. Seçkiyə gəlib səs verən insanları müşahidə edərkən onlar arasında diqqətimi çəkən bir xeyli seçici oldu. Qolu gipsdə olan, səhhətində nasazlıq olan, temperaturu yüksək olan insanlar, həmçinin 92 yaşlı xanımın gəlib seçkidə ruh yüksəkliyi ilə iştirak etməsi məni təəccübləndirmişdi. Bütün bunlar, sözsüz ki, Prezident İlham Əliyevin məhz özünün qazandığı böyük bir etimaddır. Xalqımız Prezidentin "dəmir yumruğ"u ətrafında birləşərək ona öz dəstəyini hansısa bir formada nümayiş etdirmək üçün seçkiyə gəldi. Növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyev yenidən dövlətimizin başçısı oldu. Mən 2013-cü ildəki seçkilərdə xarici müşahidəçilərlə bir xeyli ünsiyyətdə olmuşdum. Amerikadan gələn müşahidəçi etiraf edirdi ki, öz ölkəsində heç zaman belə seçki görməyib. O, seçicilərin ruh yüksəkliyi ilə gəlib səsverməsinə heyran qaldığını dəfələrlə vurğulayırdı. Bundan başqa, 2013-cü ildəki seçkilər ilə bu ilin növbədənkənar prezident seçkiləri arasında yerlə göy qədər fərq var idi. Məhz bu seçkidə xalqımızın aktivliyi ən yüksək səviyyədə özünü göstərirdi.

Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Şuşa rayon veteranlar təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı, polkovnik Ağalar Əliyev söyləyib.

A.Əliyev qeyd edib ki, dünən keçirilən andiçmə mərasimində Prezident önəmli mesajlar səsləndirdi, milli-mədəni dəyərlərimiz və gənclərimizlə bağlı sahələrə toxunuldu. Ümumiyyətlə, bütün sahələrin yeni reallıqlar fonunda inkişafda olduğunu və gələcəkdə uğurlu, böyük nailiyyətlərin davamlılığı barədə əminliyini ifadə etdi. Dövlətimizin başçısı bir daha vurğuladı ki, müasir dövrümüzdə böyüyüb boya-başa çatmış, vətənpərvərlik hissində tərbiyə olunmuş gənclərimiz müharibədə iştirak etdilər. 12 mindən artıq fərarisi olan Ermənistan ordusu ilə müqayisədə Azərbaycan Ordusundan bir nəfər də olsun fərarilik etmədi. Bu, qürurvericidir. Sözsüz ki, bütün bunlar mənəvi dəyərlərimizə əsaslanan məfhumlardır: "Biz heç vaxt düşmənlə üz-üzə döyüşdən qaçan millət olmamışıq. Bizim milli-mənəvi dəyərlərimiz bunun sübutudur. Prezident andiçmə mərasimində məcburi köçkünlərlə, multikultural dövlət olmağımızla bağlı fikirlərini səsləndirdi. Həmçinin bu mərasimdə ölkəmizdə bütün dini konfesiyaların rəhbərləri də iştirak edirdi. Bu da dinindən asılı olmayaraq şəxslərin Azərbaycanda rahat və azad şəkildə yaşamasının, öz fikirlərini azad şəkildə ifadə etməsinin təzahürüdür".

Şuşa rayon veteranlar təşkilatının sədrinin sözlərinə görə, Prezidentin nitqində Qarabağ regionunun inkişafı da öz yerini aldı: "Mən tez-tez regionlara səfər edirəm. Əminliklə deyə bilərəm ki, regionlarımızda təmir, tikinti, yenidənqurma işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunmuş bütün ərazilərimizdə də bu işlərin gedişatı mükəmməlliklə davam etdirilir. Bu gün hər kəs bunun şahididir. İşğaldan azad olunmuş ərazilərimizdə, həmçinin digər regionlarımızda da milli-mənəvi dəyərlərimiz qorunur və inkişaf etdirilir. Azərbaycan bu gün dünya siyasətində özünəməxsus yer tutur. Bunu hər zaman dövlətimizin başçısı xüsusi vurğulayır. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya səviyyəsində hörmətli bir təşkilata çevrildi. Ölkəmizin uğurları gündən-günə artır. Biz bu gün həmin uğurların şahidiyik. Azərbaycan dünyaya yardımlar edən bir dövlətdir. Prezident qürurla onu da vurğuladı ki, mən bu illər ərzində dövlət başçısı olaraq bir dəfə də olsun heç kimdən heç nəyi xahiş etməmişəm. Ona görə ki, bizim buna ehtiyacımız yoxdur. Biz özümüz özümüzü təmin edirik və bununla qürur duyuruq. Bəli, biz qürur duyuruq ki, özünü tam təmin edən bir dövlətin vətəndaşlarıyıq. Əlbəttə, bu haqda çox danışmaq olar. Fikrimi Prezident İlham Əliyevin ifadəsi ilə yekunlaşdırmaq istəyirəm. Dövlətimizin başçısı vurğuladı ki, mənim Xankəndidə səs verməyim separatçıların tabutuna son mismarın vurulmasını əks etdirir. Bu gün də hamımız həmin kəlməni təkrar edirik. Prezidentimiz bülleteni ilə separatizmin tabutuna son mismarı vurmuş oldu".

Milli.Az


Etiketlər:  Prezidentimiz bülleteni ilə separatizmin tabutuna son mismarı vurmuş oldu


RƏYLƏR