Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 16:06
"Əsas hədəfim 35 saat ərzində 380 km qət etməkdir".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov deyib.
Xankəndidən Yevlaxa 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən atletin sözlərinə görə, 2 il öncə bu nəticəni qazanacağını bildirsəydilər, ağlına belə gətirə bilməzdi: "Çox möhtəşəmdir ki, biz Xankəndidə ultra marafon yarışını həyata keçirə bildik. İlk gün həmişə rahat olur. Rahatlıqla sonluğa çata bildim. Amma gələcək günlərdə çətin olacağını və yorğun keçəcəyini düşünürəm. Rəqiblərin məni qabaqlayacağını düşünmürəm. 4 ildir ki, bu yarışla məşğul oluram. Ultra marafon şahmat kimidir. Burada düzgün taktika və strategiyadan istifadə olunmalıdır".
O bildirib ki, 44 yaşı olsa da, böyük əzmlə bu sahədə çalışır: "Əsas məsələ böyük istək və düzgün iradədir. Hamı həftədə ən azından 5 km qaçsa, dərmana ehtiyac olmaz. Proteindən istifadə edənlər burda qalib ola bilməzlər. Düzgün və sağlam qida əsas məsələdir".
Qeyd edək ki, martın 4-dək davam edəcək yarışda iştirakçılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. İdmançılar növbəti günlərdə Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, paytaxta çatacaqlar.